Türkiyə turizm sahəsindəki təcrübəsini Azərbaycana ötürmək istəyir. Bunu Türkiyənin bakıdakı səfirliyinin mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi deyib. Alqışlanası ideyadır. Dünyada turizmin inkişafına görə ön sıralarda olan qardaş ölkənin təcrübəsi bizə çox şey qazandıra bilər. Söhbət bir ildə turizmdən büdcəsinə
27 milyard dollara yaxın vəsait axan bir ölkədən gedir. Rəsmi məlumata görə, 2017-ci ildə Türkiyənin turizm gəliri 2016-cı illə müqayisədə 18,9% artaraq 26 milyard 283 milyon 656 min dollara yüksəlib. Bu gəlirin 77,4%-i xarici ziyarətçilərdən, 22,6%-i isə xaricdə yaşayan vətəndaş ziyarətçilərdən əldə edilib. Türkiyəyə səfər edənlərin sayı 2016-cı illə müqayisədə 23,1 faiz artaraq 38 milyon 620 min 346 nəfərə çatıb. Bunların 83,1%-ini (32 milyon 79 min 527 nəfər) xaricilər, 16,9/%-ni (6 milyon 540 min 819 nəfər) isə xaricdə yaşayan vətəndaşlar təşkil edib.
Göründüyü kimi, uğur rəqəmləri adamın gözünü qaraldır. Məsələ burasındadır ki, qardaş ölkə bu sahədə dayanmadan, yerini kimsəyə güzəştə getmədən, rəqabətə davamlı şəkildə illərdir yola davam edir. Hər il hökumət ölkənin turizm potensialını dünyaya açan yeni ideyalara, yeni təşəbbüslərə və layihələrlə dəstək verir. Ən önəmlisi isə, ölkənin əsas gəlir qaynağı olan bu sektor Azərbaycandakı kimi inhisarçıların əlində deyil və orda bir qrupun gələn gəlirləri necə gəldi havaya uçurmaq imkanı yoxdur. Xülasə, İrfan Çiftçinin sözlərinə görə, 2017-ci ildə Azərbaycandan Türkiyəyə dincəlməyə gedənlərin sayında 50%-ə yaxın artım olsa da, Türkiyədən Azərbaycana gələn turistlərin sayı azalıb. Niyəsini hamımız bilirik, əslində. Türkiyə insanı bizə çox yaxın olduğu üçün, burdakı bahalıqdan, xidmət səviyyəsindən, inhisar ağalığından yaxşı xəbərdardır və öz ölkəsinin sərfəli istirahət məkanlarını buraxıb Azərbaycani seçəcək qədər ağılsız deyil. Amma indi bir halda ki, Azərbaycan hökuməti gec olsa da, turizmin əhəmiyyətini anlayıb, qardaş ölkədən dəstək istəyibsə, bu da pis deyil. İndi qalır onun inkişaf imkanlarına doğru-dürüst yol açmaq. Bunun açar nöqtəsi turizm sahəsini inhisarçıların əlindən alıb işin bilicilərinə vermək, bu sahədəki ifrat bahalığı aradan qaldırmaq, azad sahibkarlara meydan vermək. Yoxsa istəyirsən yüz qurum yarat, onun başına yüz adam gətir, yüz bahalı bina tik, fayda verməyəcək. Ölkədə Mədəniyyət və Turizm Nazirliyindən başqa, bu sahəyə baxan neçə qurum var, bilirisiniz? Azərbaycan Respublikasının Turizm Şurası, Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Turizm və Menecment Universitet. Adama deyərlər, bu qədər qurumla hanı sənin turizmdən gələn qazancın? Rəsmi mənbələr turizmin 2017-ci ildə ÜDM-ə birbaşa təsirinin 7 %, yaxud 2 milyard manatdan artıq olduğunu deyir. Bunun real olub-olmaması belə sual doğurur. Amma real olsa belə, Azərbaycanda bunun 2-3 qat artığını əldə etmək imkanları var axı. Heç özünüzə sual verdinizmi nədən neftsiz-qazsız Gürcüstan qısa vaxtda turizmin inkişafına görə irəli çıxıb, bölgədə liderliyi ələ aldı? Biləsiniz ki, ötən il ölkəsinə əhalisinin 150 faizi qədər turist cəlb edən Gürcüstanda Milli Turism Adminstrasiyası və Turizm Assosiasiyası aparıcı rola malik olan yeganə dövlət və qeyri-dövlət təşkilatlarıdır. Bu işin biliciləri hesab edir ki, ən yaxşı variant turizm sahəsini müstəqil şəkildə sahibkarların ixtiyarına verməkdir. Onda rəqabət güclü, xidmətlər keyfiyyətli, qiymətlər də ucuz olacaq. Bu təkliflər, təşəbbüslər və Türkiyənin dəstək arzusu hökumətin ağlına batırmı? Yoxsa turizmin inkişafını azad sahibkarların ixtiyarına buraxmaq illərdir bu sahəni beşəlli qamarlamış oliqarxların işinə yaramayacaq? Hər halda, yaxın günlərdə nazir Əbülfəs Qarayev də ölkənin turizmdən qazanc götürməli olduğu zamanın gəldiyini deyib. Təki, gerçək olsun. Amma onun gerçək olması xarici turistlərə pulsuz ictimai nəqliyyatdan, şəhər muzeylərinə və mədəniyyət mərkəzlərinə ödənişsiz girişdən istifadə etmək imkanı verən kartlar paylamaqla olmayacaq. Axı Bakıya gələn turistə hansı əsasla və haqla ictimai nəqliyytadan pulsuz istifadə etmək hüququ verilməlidir? Tursitləri şəhərdə nəqliyyat ödəniş haqqından azad etməklə ölkəyə gəlməyə həvəsləndirmək ideyası hansı dahinin ağlına gəlib, görəsən?
İndi bir halda ki, Türkiyə ilə birgə planlar gündəmə gəlib, bu sahədə yeni istiqamət açmağa cəhd etmək olar. Nə vaxtsa başlamaq heç başlamamaqdan yaxşıdır. Gec olsa belə…
Səadət