Almaniyanın Münster şəhərində sürücünün furqonu açıq havada əyləşən insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Onlardan biri hadisəni törətdikdən sonra intihar edən sürücüdür.
Bu barədə Almaniya Daxili İşlər Nazirliyinin “Twitter” mikrobloqunda məlumat yerləşdirilib.
“Associated Press”in məlumatına görə, polis nümayəndəsi Andreas Bode jurnalistlərə açıqlamasında hadisə zamanı daha 20 nəfərin yaralandığını, onlardan 6-sının vəziyyətinin ağır olduğunu deyib. Onun sözlərinə görə, özünü öldürən sürücünün şəxsiyyəti müəyyən edilməyib və hadisənin motivləri barədə danışmaq hələ tezdir.
Bundan əlavə Bode qeyd edib ki, hadisə zamanı yük maşınından daha iki nəfər düşərək qaçıb. Polis tərəfindən aparılan əməliyyat nəticəsində şübhəli şəxslər yaxalanıb.