11 aprel prezident seçkiləri ilə bağlı Milli Şuranın dəyərləndirməsi
11 apreldə Azərbaycanda prezident seçkiləri keçirilib. Əvvəlki seçkilərdə olduğu kimi bu seçki də nəinki beynəlxalq standartlara cavab vermədi, hətta bütün mərhələlərdə konstitusiyanın və seçki məcəlləsinin pozuntuları ilə yadda qaldı və nəticələr 4-cü müddətə prezidentliyə namizədliyini irəli sürən İlham Əliyevin xeyrinə açıq şəkildə saxtalaşdırıldı. Milli Şura öncədən aşağıdakı səbəblərdən seçkilərin boykot edilməsinə qərar verdi.
Seçki qanunvericiliyinin pozuntusu və beynəlxalq standartlara uyğunsuzluğu
2010-cu ildə seçki məcəlləsinə edilən dəyişikliklərlə seçki kampaniyası müddəti 22 günə düşürüldü. Bu müddət 10 milyon əhalisi olan bir dövlət üçün olduqca az müddətdir və bu müddətdə seçicilərin yalnız az bir hissəsi ilə görüşmək mümkündür, bu şərtlər altında təbliğat-təşviqat kampaniyasını effektiv aparmaq mümkün deyil.
MSK üzvləri saxta seçkilərlə formalaşdırılan və müxalifətin bir deputatla belə təmsil olunmadığı parlamentdə seçilir. MSK Dairə Seçki Komissiyasının üzvlərini, DSK da Məntəqə Seçki Kommisiyasının üzvlərini təyin edir. Seçki Məcəlləsinə uyğun olaraq, Bütün seçki kommissiyalarının sədrləri hakim partiyanın namizədləridir. Müxalifət parlamentə buraxılmadığı üçün komissiyaların digər üzvləri də dolayısıyla hökümətin nümayəndələridir. Beləcə komissiyalarda qərarvericilik bütünlüklə hakim partiyanın nəzarətindədir. Bu tərkibdə olan komissiyaların seçkilərdə bitərəf qalacağı və hər hansı inzibati qərara əməl etməyəcəyi mümkün deyildir.
2013-cü il prezident seçkilərini müşahidə edən ATƏT DTİHB-nun yaydığı yekun hesabatda seçki məntəqələrində kütləvi saxtakarlıqların və qanun pozuntularının olduğu qeyd edilmiş, müşahidə olunan seçki məntəqələrinin 58%-i pis və yaxud çox pis kimi dəyərləndirilmiş və ciddi problemlərin olduğu nümayiş etdirilmişdir . Bu cür qiymətləndirmə ATƏT DTHİB tarixində bir ilk idi. Bütün bunlara baxmayaraq eyni kommissiyalar bu seçkidə də yenə iş başındadır.
Təbliğat-təşviqat kampaniyası zamanı yalnız bəlli yerlərdə yerləşdirilən lövhələrdə namizədlərin şəkillərinin vurulmasına, reklamlarının yapışdırılmasına icazə verilir, başqa yerlərdə qadağan edilsə də ölkənin bütün şəhər və rayonlarında, dövlət və qeyri-dövlət müəsisələri, məktəblər, xəstəxanalar, universitetlər, ictimai yerlər-parklar, prospektlər, küçələr hazırki prezident və YAP-ın namizədi İlham Əliyevin fotoları ilə doludur. Bu durum hazırki prezidentə ədalətsiz şəkildə üstünlük verir və belə bir hal yerli seçki qanunvericiliyinə və Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələrə ziddir.
Yerli icra hakimiyyəti orqanları, dini qurumlar, hətta bir çox QHT-lər açıq şəkildə hazırki prezidentin təbliğat təşviqat kampaniyasında iştirak edirlər. Qafqaz Müsəlmanları Baş İdarəsinin rəhbəri bütün dindarları İlham Əliyevə səs verməyə çağırdı və məscid axundlarına bununla bağlı tapşırıq verdi və tapşırığın yerinə yetirilib-yetirilmədiyinə nəzarət edəcəyini bildirdi.
Müşahidəçi olmaq üçün müarciət edən 100-dən artıq vətəndaşın istəyi təmin edilməyib. Səs vermə hüququ olan vətəndaşların sayı məsələsində MSK ilə Milli Statistika Komitəsi arasında ziddiyət mpvcuddur. Belə ki, milli statistika komitəsinə əsasən seçkilərdə iştirak hüququ olan 1 milyondan artıq şəxsin adı seçici siyahılarına daxil edilməyib.
Siyasi məhbus problemi
Azərbaycan hal-hazırda siyasi məhbusların sayına görə Avropa Şurasına üzv olan dövlətlər arasında ilk yerdədir. Ölkədə 160-dan artıq siyasi məhbus var və bu say durmadan artmaqdadır. Buraya siyasi partiya nümayəndələri, jurnalistlər, bloggerlər, dindarlar, şairlər, yazarlar və s. daxildir. Beynəlxalq ictimaiyyət bununla bağlı səsini qaldırsa da, Azərbaycan hakimiyyəti siyasi baxışlarına, tənqidi fikirlərinə görə insanları, onların ailə üzvlərini dəmir barmaqlıqlar arxasında saxlamaqda israrlıdır.
Azərbaycanda məhkəmə sistemi bütünlüklə icra hakimiyyətindən asılıdır, hətta icra qolunun bir institutuna çevrilib. Hakimləri Məhkəmə Hüquq Şurası vasitəsilə asanlıqla cəzalandırmaq mümkündür. Qeyd edək ki, Məhkəmə Hüquq Şurasının sədri prezident tərəfindən təyin olunan onun qarşısında məsul olan Ədliyyə Naziridir. Belə bir halda ədalətli məhkəmə araşdırmasından söhbət belə gedə bilməz. Bu səbəblərdən siyasi hakimiyyət onlara müxalif olan şəxsləri məhkəmələrin əli ilə rahat şəkildə cəzalandırır.
Hakimiyyət tənqidi fikrə görə həbs edə bildiklərini həbs edir, xaricdə yaşadıqları üçün həbs edə bilmədiklərinin qohumlarını cəzalandırır. Bu da son illər hökümətin istifadə etdiyi əsas təzyiq vasitələrindən biridir.
Sərbəst toplaşma azadlığına məhdudiyyətlər
Seçkilərdə namizədlərin seçicilərlə təmasının əsas vasitlərindən biri olan sərbəst toplaşma azadlığı böyük ölçüdə məhdudlaşdırılıb. 2012-2013-cü ildə qanunvericiliyə edilən dəyişikliklərlə razılaşdırılmamış mitinq və aksiyalarda iştiraka görə cərimələr hədsiz artırılıb. Beləcə sərbəst toplaşmaq azadlığnın ayrılmaz hissəsi olan kiçik aksiyaların və hətta flaşmobların keçirilməsi mümkünsüz hala çevrilib. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı bir çox qərarında bunu sərbəst toplaşmaq azadlığnın pozulması kimi qiymətləndirib. Mitinqlərin keçirilmısi üçün Bakının mərkəzi meydanları müxalifətin üzünə bağlıdır. Yürüşlərə isə ümumiyyətlə icazə verilmir. Rayonlarda isə həm mitinqlər, həm də yürüşlər faktiki olaraq qadağandır.
Mitinq və aksiyalar keçirmək üçün müvafiq hakimiyyət orqanlarını xəbərdar etmək deyil, onlardan icazə almaq tələb edilir. Əvvəlki dövrlərdən fərqli olaraq artıq icazəli mitinqdə iştirak edənlərlə icazəsiz aksiyada iştirak edənlər kimi davranılır. Mitinq öncəsi təşkilatçıların həbsləri, cərimələnməsi, yüzlərlə insanın polis məntəqələrinə çağırılıb təhdid edilməsi adi hal halıb. İştirakçılar mitinq meydanına yerləşdirilən insan üzünün biometrik ölçülərini götürən kameralarla qeydə alınaraq, sonradan müxtəlif formalı təzyiq və təqiblərə, cəzalandırmalara məruz qalırlar. Mitinqə gələn insanlar sonra yaşadığı yerin polis bölmələrinə çağırılaraq xəbərdarlıq edilir, sonrakı mitinqlərdə iştirak edərlərsə, həbs ilə cəzalandırılacaqları ilə təhdid edilirlər. Hakimiyyət bununla da kifayətlənmir, məhz mitinqlərdə iştirakına görə bir çox AXCP üzvü və ya qohumları işindən azad ediliblər. Azad edilənlərdən bəzisi işinə bərpa olunmaq üçün AXCP-dən ayrılmaq məcburiyyətində qaldıb. Milli Şuranın 8 aprel mitinqindən əvvəl və sonra 23 partiya üzvü işdən azad edilib. Sonuncu belə hal Milli Şuranın 31 mart mitinqindən sonra baş verib. Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) işləyən AXCP üzvü Ayaz Məhərrəmli və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda işləyən digər bir partiya üzvü Bəxtiyar İmanov mitinqlərin təşkilatçıları olduqları üçün işdən azad edildilər.
Medianın durumu
Media Əliyevlər hakimiyyətinin digər illəri ilə müqayisədə ən ağır dövrünü yaşayır. Sonuncu müstəqil çap mediası olan “Azadlıq” qəzeti fəaliyyətini dayandırıb, 10 – a yaxın jurnalist və blogger həbsdədir, 20-yə yaxın jurnalistin ölkədən çıxışına qadağa var, televiziya mediası tamamilə hökümətin nəzarətindədir, müxalifət televiziyaya buraxılmır, televiziyalar birtərəfli qaydada müxalifətin qara piarı ilə məşğuldur və bütün bunlara müxalifətin cavab haqqı tanınmır. Halbuki azad və ədalətli seçkilərin keçirilməsinin təmin edilməsindən əsas prinsiplərindən biri televiziyaların namizədlərə ədalətli, tərəfsiz və balaslaşdırılmış şəkildə yanaşmasıdır.
Çap mediasını sıradan çıxaran hökümət müstəqil internet mediasını da sıradan çıxarmağa başladı. 2017-ci ildə İnformasiya Haqqında Qanuna dəyişiklik edildi. Bu dəyişikliklə dövlət və cəmiyyət üçün təhlükə hesab edilən qadağan edilmiş informasiya yayan vebsaytların məhkəmə qərarı olmadan müvafiq qurum tərəfindən bloklanması qanuniləşdirildi və bundan az sonra Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan TV və Azərbaycan saatı bloklandı. Bu saytlarda dövlət və cəmiyyət üçün təhlükə hesab edilən informasiya hakimiyyət üzvlərinin tənqidi idi. Məhz hakim ailə haqqında gedən tənqidi məqalələrə görə bu saytlar bloklandı. Bunların ardından 24 saat. org və abzas.net saytına da giriş bloklandı. Ümumilikdə 30-a qədər sayt hökümət tərəfindən bloklanıb. Hal-hazırda 20-yə yaxın jurnalistin ölkədən çıxışına qadağa var.
Radio və televisiyada namizədlərə ayrılan pulsuz efir vaxtına gəlincə, namizədlər üçün İTV-də çox qısa ödənişsiz efir vaxtı ayrılıb, onun formatını da MSK müəyyən edir. Namizədin öz ödənişsiz efir vaxtını istədiyi şəkildə öz kampaniyasına uyğun formada istifadə etmək imkanı yoxdur. Amma eyni telekanalda İlham Əliyevin rəsmi prezident statusu ilə hüdudsuz kampaniyası aparılır.
Siyasi partiyaların durumu
Azərbaycanda formal baxımdan çoxpartiyalı sistem olsa da faktiki vəziyyət ölkədə hakim Yeni Azərbaycan Partiyasının xeyrinə olmaqla, təkpartiyalı sistemin formalaşdığını göstərir. 125 nəfərlik parlamentdə yerlərin 71-i məhz bu partiyaya məxsusdur. Qalan yerlərin hakim partiyanın tərəfdarı olan bitərəflərdir, 12 yer isə hakimiyyətin əlaltı partiyaları arasında bölüşdürülüb. Partiyalardan 10-u 1 nəfərlə – partiya sədri ilə təmsil olunur. Formal bölgüyə baxmayaraq, fəaliyyətləri və çıxışları deputatların hamısının əslində hakimiyyəti təmsil etdiyini deməyə əsas verir. Beləliklə, real müxalifət parlamentdən kənarda qalıb. Avropa Məhkəməsinin Azərbaycanda parlament seçkilərin azad və ədalətli keçirilmədiyini sübut edən 100-dən artıq qərarı var.
Siyasi partiyalar daim təqib və təzyiq altında saxlanılır. YAP xaric heç bir partiyanın normal qərargahı yoxdur. Milli Şurada təmsil olunan AXCP-nin ümumiyyətlə qərargahı yoxdur, 2011-ci ildə partiyanın qərargahının qapısı möhürlənib, o vaxtdan 2014-cü ilə qədər partiya qərargahsız fəaliyyət göstərib, 2014-cü ildə partiya yeni qərargah kirayələdi, bu da çox sürmədi, cəmi bir neçə aydan sonra qərargah partladıldı, ardından dərhal söküldü. O vaxtdan etibarən partiya yenidən qərargahsız fəaliyyət göstərir. Nə Milli Şuraya, nə də AXCP-yə iclas, toplantılarını və mətbuat konfranslarını keçirmək üçün yer verilmir, onlar tədbirlərini və iclaslarını keçirmək üçün hətta ucqalarda belə yer tapa bilmir. AXCP sədri Əli Kərimli 1995-ci ilə aid saxta cinayət işi əsas götürülərək 2006-cı ildən bəri ümumvətəndaşlıq pasportundan məhrum edilib və Avropa Məhkəməsinin onu pasportla təmin etmək barədə qərarı icra edilməmiş qalır. Partiyanın hazırda bütün sədr müavinləri və sədrin bir sıra müşavirləri də daxil olmaqla 10 funksioneri həbsdədir.
Vətəndaş cəmiyyətinə basqılar
QHT-lərin fəaliyyətini nizamlayan qanunvericiliyə edilən mürtəce dəyişikliklərlə onların fəaliyyəti fakitiki olaraq iflic edilib – onların dövlət qeydiyyatı, grant əldə etməsi çətinləşdirilib və qaydalara əməl etməyənlərlə bağlı cəzalar sərtləşdirilib. 2012-ci ildən QHT rəhbərlərinin həbsinə başlanıb və 2014-cü ildə kütləvi hal alıb. 2014-cü ildən başlayaraq çox sayda QHT-lərə və QHT rəhbərlərinə cinayət işi açılıb, onların bir qismi həbs olunub, bir qismi ölkəni tərk etmək məcburiyyətində qalıb. Sonradan onlar azadlığa buraxılsa da sərtləşdirilmiş qanunvericlik altında vətəndaş cəmiyyətinin yenidən bərpa edilməsi mümkün olmadı. Beləliklə, ölkədə siyasi hakimiyyətin təsirindən kənar, müstəqil QHT-lər demək olar ki, qalmayıb, öz həqiqi funksiyasını yerinə yetirən vətəndaş cəmiyyəti tamamilə sıradan çıxarılıb. Müstəqilliyini qoruyub saxlaya bilmiş azsaylı vətəndaş cəmiyyəti fəalları normal fəaliyyət imkanından məhrum edilib, daimi təzyiqlər altındadır.
Vəkillik və nümayəndəlik institutunun hədəfə çevrilməsi
Siyasi partiyalardan, mətbuatdan, vətəndaş cəmiyyətindən sonra hökümətin hədəfi az çox ayaqda dayanan vəkillik institutu oldu, siyasi işlərə çıxan müstəqil vəkillər əsas hədəfə çevrildi. Vəkillər Kollegiyasından siyasi motivli xaric etmələr əvvəlcədən də Azərbaycanda geniş yayılmışdı. Ölkənin bir çox tanınmış hüquqşünasları siyasi mülahizələrlə Vəkillər Kollegiyasına qəbul edilməmiş, bir çox tanınmış vəkillər də siyasi mülahizələrlə Vəkillər Kollegiyasından xaric edilmişdi. Son illərdə hakimiyyət bu praktikanı yenidən tətbiq etməyə başlayıb və vəkil Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Nardaran məhbusunun işgəncəyə məruz qalması ilə bağlı iddialarını işıqlandırdıqdan sonra Vəkillər Kollegiyası onun kollegiyadan çıxarılması barədə məhkəməyə müraciət edib, məhkəmə qərar verənədək vəkillik fəaliyyəti dayandırılıb. Siyasi məhbus adlandırılan şəxslərin müdafiəsinə görə tanınan digər bir vəkil Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti bir illik müddətinə dayandırılıb. Bundan başqa siyasi işlərə çıxan bir çox vəkilə töhmət verilib. Bundan öncə də siyasi məhbus işlərinə çıxan iki vəkil – Xalid Bağırov və Əlayif Həsənov da müxtəlif bəhanələrlə kollegiyadan uzaqlaşdırılıb.
Qanunvericiliyə edilən daha bir mürtəce dəyişikliklə Azərbaycanda nümayəndəlik institutu ləğv edildi, fiziki şəxslərin məhkəmə işərində başqlarını təmsil etmək hüququ ortadan qaldırıldı, bundan sonra yaxın qohumları istisna olmaqla, məhkəmə işlərində fiziki şəxslər yalnız Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslar tərəfindən təmsil edilməyə başlandı. Bununla da minlərlə praktik hüquqşünas məhkəmə işlərindən kənarda qaldı və 10 milyon əhalinin məhkəmələrdə təmsil edilməsi yalnız 1000 –dən də az üzvü olan Vəkillər Kollegiyasının ümidinə qaldı. İnsanlar faktiki olaraq müdafisəiz qaldı.
Namizədlərin qeydə alınması və təbliğat-təşviqat kampaniyası
Təbliğat-təşviqat kampaniyası dövrü rəqabətsiz şəraitdə keçdi. Nə İlham Əliyev, nə də onun “rəqibləri” tərəfindən heç bir seçki kampaniyası aparılmadı.
Həm İlham Əliyevin, həm də “rəqiblərinin” namizəd kimi qeydiyyata alınması üçün imzaların toplanması inzibati strukturlar tərəfindən həyata keçirilib.
Əslində, eyni şəxsin 2 dəfədən artıq prezident olmasını qadağan edən müddəa Konstitusiyadan saxta referndumla çıxarıldığı üçün İlham Əliyevin həm 2013, həm 2018-ci ildə namizəd kimi qeydiyyata alınması qanunsuz və antikonstitusyondur.
İlham Əliyev namizəd kimi qeydə alınsa da, şəxsən özü heç bir təbliğat-təşviqat kampaniyası aparmadı, xalqdan səs istəmədi, debatlara gəlmədi, xalqa platformasını təqdim etmədi, hətta seçki haqqında bir kəlimə olsun belə danışmadı. Nəinki özü heç partiyasının funksionerləri belə seçicilərlə hər hansı bir mitinq və ya digər formatda görüş təşkil etmədi. Onun xeyrinə aparılan kampaniyalar isə qanunsuz olaraq inzibati resurslar tərəfindən həyata keçirildi, televiziyalar bütünlüklə onun kampaniyasında yer aldılar, seçkiləri boykot edən müxalifətin qaralama kampaniyasında əsas rol oynadılar. İlham Əliyev tutduğu vəzifədən istifadə edərək dövlətin resurslarından öz seçki kampaniyası üçün istifadə etdi.
İlham Əliyevin “rəqiblərinin” seçicilərlə görüşünü də yenə, digər illərdə olduğu kimi, hakimiyyət strukturları təşkil edib. Namizədlərlə görüşə insanlar məktəblərdən və səhiyyə müəsisələrindən zorla gətirilib. Onlar özləri bunu açıq şəkildə etiraf ediblər və bildiriblər ki, idarədə imza atıb gəlmişik. Hətta bu bu görüşlərə zorla gətirilənlərin əksəriyyəti hazırki prezidenti dəstəklədiklərini bildiriblər və görüşünə gəldikləri namizədin adını belə bilməyiblər.
Təbliğat-təşviqat kampaniyası ilə əlaqədar İctimai Televiziyada teledebatlar keçirildi, bu debatlarda hazırki prezident iştirak etmədi, onlara ayrılan qısa vaxtda da “rəqibləri” İlham Əliyevlə bağlı nəinki ünvanlı tənqidə müraciət etmədilər, ümumiyyətlə bir namizədi çıxmaq şərtilə bütün rəqiblər tənqid deyil, hazırki prezidenti tərif etdilər, onun quruculuq işlərindən danışdılar. Bu debatlarda demək olar ki, seçki platformalarından danışılmadı. Rəqib namizədlər hazırki prezidenti deyil, əvəzində seçkiləri boykot edən müxalifət liderləri Milli Şuranın sədri Cəmil Həsənlini və AXCP sədri Əli Kərimlini hədəf aldılar, hətta bəzilərinin seçki platformları bu liderlərin qarayaxma kampaniyasından ibarət oldu.
Seçki günü
Seçki günü sürpriz heç nə baş vermədi. Əvvəlki illərdə edilən saxtakarlıqlar bir daha eybəcər şəkildə təkrar edildi. MSK rəqəmləri şişirdərək yüksək seçici iştirakı olduğunu qeyd etsə, də əslində xalqın seçkini boykot etdiyi bəlli oldu. Azərbaycan seçicilərinin 1,5 – 1,8 milyonu (30-35 faizi) respublikada olmadığ üçün (onlar iş, çörək və dolanışıq dalınca Rusiya, Ukraniya, Qazaxstan və digər ölkələrə gedib) MSK bunu dəqiqləşdirmək əvəzinə onların olmamamasından rəqəmləri şişirtmək məqsədi ilə istifadə edib. Bir qrup şəxsin (bu dəfə daha çox yaşlı qadınlardan ibarət) məntəqə-məntəqə gəzdirilərək dəfələrlə səs verməsi yenə də adi hal aldı. Karusel kimi tanınan bu əməliyyat seçki günü kütləvi hal almış və bilavasitə icra orqanları tərəfindən təşkil olunmuşdur. Bu barədə çoxsaylı pozuntular video çəkilişlər vasitəsi ilə sosial şəbəkələrdə yayılıb Məsələn, bax: https://www.youtube.com/watch?v=JTYwiYW22fw&feature=youtu.be) . Məntəqələrdə bu qrup şəxslərə hətta şəxsiyyət vəsiqəsi təqdim etmədiyi halda səsvermə hüququ verildiyi müşahidə edilmişdir. Məntəqə komissiyasının üzvləri topa bülletenlərin atılmasında fəal iştirak etmiş, məntəqəyə aid olmayan seçicilərə onlar tərəfindən topa bülletenlər verilmiş, bir seçiciyə bir neçə dəfə bülleten verilməsi adi hal almışdır. 1000-ə yaxın məntəqələrdə kameralar qurulsa da və onların guya canlı yayım verəcəyi MSK tərəfindən elan edilsə də, bunların 100-ə yaxını ümumiyyətlə çalışmamış, qalanları isə qutuları bülletenlərlə doldurmaq üçün fasilələrlə söndürlümüşdür (Bax: https://www.facebook.com/azadliqradiosu/videos/2072621736098613/UzpfSTEwMDAwMjA0MjI3NTg3NDoxNjYxNDc0NDEzOTMwNjE4/) Yenə də məntəqələrdə müəllimlər seçki saxtakarlığının həyata keçirilməsinə baş rolda idilər. Əksər məntəqələrdə seçki qutularına topa bülletenlərin atılması müşahidə edilmişdir, barmaqları işarələnmiş seçicilərə bir daha səs vermək imkan verilmişdir. Hərbi məntəqələrdə və həbsxanalarda keçirilən səsvermə ümumiyyətlə hökümətin birbaşa nəzarəti altında baş verib, ona görə də oradan İlham Əliyevin xeyrinə maksimum səsin çıxacağı şübhə doğurmur. Seçici fəallığı haqqında MSK informasiya mərkəzinin verdiyi məlumat gerçək mənzərəni əks etdirmir. Karusel əməliyyatları vasitəsi seçici fəallığı haqqında illüzyalar yaradılsa da, əslində 11 apreldə seçici fəallığı 15-16 faizdən artıq müşahidə edilməmişdir. Seçici fəallığı görüntüsü yaratmaq üçün icra hakimiyyəti orqanları tərəfindən seçki öncəsi orta əsrlər monqol ordu sisteminə uyğun yaradılmış onbaşı, yüzbaşı, minbaşı şəbəkələri bütün dairələrdə fəaliyyət göstərmiş, bu şəbəkə insanların azad şəkildə öz iradəsini ifadə etməsinə imkan verməmişdir. Seçki günü müstəqil çəkiliş aparan və məlumatlar hazırlayan jurnalistlər zor gücünə məntəqələrdən çıxarılmışdır (Bax: https://www.youtube.com/watch?v=3xB3l-LPvqg&feature=youtu.be&app=desktop). Aprelin 11-də hakimiyyətin xaricdən dəvət etdiyi lobbi qruplarından rejimin televiziyaları “azad seçki” təəssüratı yaratmaq üçün istifadə etmiş, “kürü diplomatiyasının subyekti olan şəxslərdən təbliğat məqsədləri üçün istifadə edimişdir. Əvvəldən ayrı-ayrı seçicilərə paylanmış İlham Əliyevin adı işarələnmiş bülletenlərin gətirilib seçki qutularına atılması, seçki qutusunun açılmamışdan əvvəl qalan bülletenlərin məhv edilməməsi halları müşahidə olunmuşdur. Səslərin sayılmasında da şəffaflığa əməl edilməmiş, nəticələrlə protokola qeyd edilən nəticələr arasında uyğunsuzluqlar müşahidə edilmişdir. Bütün bunlar göstərir ki, hakimiyyət hətta rəqibsiz şəraitdə keçirilən seçkidə belə İlham Əliyevin xeyrinə daha yüksək nəticələr göstərmək üçün açıq qanun pozuntularına yol verir. Seçki başa çatdıqdan sonra səslərin sayılması, istifadə olunmamış bülletenlərin aktlaşdırılması, məntəqə və dairə komissiyalarında protokolların doldurulması tam qanunsuzluq və saxtakarlıq şəraitində baş vermişdir. Bu mərhələ qeyri-şəffaf şəraitdə keçmiş, müstəqil jurnalistlər məntəqələrdən çıxarılmışdır. Protokollarda real nəticələr deyil, seçki komissiyaları tərəfindən şişirdilmiş, daha doğrusu MSK tərəfindən öncədən hazırlanmış rəqəmlər əks etdirilmiş, protokolların surətləri müşahidəçilərə və mətbuat nümayəndələrinə verilməmişdir. Hələ seçkidən öncə aşkarlanan faktlar, yəni protokolların bilavasitə yerli icra hakimiyyəti orqanlarının nəzarəti altında bilavasitə dairə komissiyasının sədrinin MSK-dan aldığı sənədlər əsasında doldurulması aprelin 11-i axşamı öz təsdiqini tapmışdır. Bütün seçki prosesinin İlham Əliyevin xeyrinə saxtalaşdırıması halı geniş müşahidə olunmuşdur.
Yekun
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Milli Şura bildirir ki, milli qanunvericiliyin, beynəlxalq standartların kobud şəkildə pozulduğu, sərbəst toplaşmaq azadlığının, media azadlığının olmadığı, televiziyaların, elektron medianın bir şəxsin təbliğatına səfərbər edildiyi, çap mediasının tamamilə sıradan çıxarıldığı, müstəqil bir qəzetin olmadığı, siyasi partiyaların təzyiq altında olduğu, qərargahsız fəaliyyət göstərdiyi,üzvlərinin, funksionerlərinin həbsdə olduğu, vətəndaş cəmiyyətinin tamamilə çökdürüldüyü, seçki institutlarının məhv edildiyi, seçkilərin hakimiyyətin tam nəzarəti altında keçirildiyi və bütün bunlardan şikayət ediləcək ədalətli məhkəmə sisteminin olmadığı bir şəraitdə seçkilərdə iştirak siyasi hakimiyyətin səhnələşdirdiyi tamaşada rol almaq olardı. Bütün bu səbəblərdən Milli Şura seçkilərin boykot edilməsinə qərar verdi. Heç bir rəqabət mühiti olmadan keçirildiyindən 11 aprel seçkiləri Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə və Azərbaycan konstitusiyasına uyğun keçirilməyib, Azərbaycan xalqının iradəsini ifadə etmir, legitim deyil və Milli Şura onun nəticələrini tanımır. MŞ Azərbaycan xalqının seçki hüququnun özünə qaytarılması, ölkəmizdə azad, ədalətli seçkilərin keçirilməsi uğrunda mübarizəsini davam etdirəcək.