Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilən növbədənkənar prezident seçkisi çoxlarının gözləntilərini doğruldaraq İlham Əliyevin qələbəsi ilə nəticələnib.
BBC Azərbaycanca üç beynəlxalq ekspertlə söhbət edərək, onlardan seçki barədə fikirlərini və Azərbaycanın gələcəyi və Qərb ölkələrilə əlaqələri barədə proqnozlarını öyrənib.
Professor Audrey Alstadt
Massachusetts Amherst universitetinin tarix fakultəsində işləyən və xüsusilə Azərbaycan və keçmiş Sovet millətləri üzrə ekspert, Professor Audrey Alstadt seçkinin nəticəsinin hec tə təəccüblü olmadığını deyib.
“İnsanların anlamağa çalışdıqları yeganə məsələ ona düşən səslərin payının anlamaq olub”, o əlavə edib.
Professor Alstadt İlham Əliyevin 2003-ci ildən bəri hakimiyyətdə olduğunu xatırladaraq, hərhansı dəyişikliklərin baş verəcəyinin “tam aydın olmadığını” qeyd edib.
“Onun ətrafındaki məmurların nisbətən az sayının dəyişməsi və 2016-cı ildəki konstitusiya dəyişikləri üzrə referendum onun mərkəzi qüvvəsini möhkəmləndirərək yoldaşını Birinci vitse-prezident təyin etməyə imkan verib”, o, vurğulayıb.
Azərbaycanda bundan sonra islahatların mümkün olub-olmaması sualına gəldikdə, o, iqtidarın önündə iki seçim olduğunu deyib:
“Oliqarxların bəzilərini dəyişərək, daha gənc və dinamik, texnokratik və texnoloji baxımdan bacarıqlı insanlarla əvəz etmək…Qərbdə olduğu kimi edilsə, tamamilə aydın bir addım olardı.”
“Prezidentin saxta rəqiblərinin bu şəxsləri tənqid etməsinə icazə verilirsə, bu “səni çıxardacaqlar” mesajını göndərir, bu isə prosesi dəyişmir və hakimiyyətin başından nümayiş edilən mesajın formasını dəyişmir.”
Rusiya qazından asılılığını azaltmaq üçün Azərbaycan Avropa üçün önəmli tərəfdaş olaraq qalmaqdadır. Lakin ATƏT DTİHB-ın daha tənqidi hesabatı, Qərb ölkələrini Azərbaycana “dözümlülük nümayiş etdirməyə daha az meylli edə bilər”, Professor Alstadt deyib.
O, Azərbaycan üçün hələ öz “insan haqları və demokratiya istiqamətini dəyişməyə imkan” olduğunu, lakin hazırda öklənin seçdiyi yolun “Qərb cəmiyyətlərini qıcıqlandırdığını” qeyd edib.
Prezident İlham Əliyevin seçki kampaniyası çərçivəsində vəkili Hadı Rəcəbli, seçkidən qabaq ATƏT-in DTİHB seçki müşahidə missiyasının mənfi rəylərinə münasibətində bildirib:
“Seçki fəallığı var, amma güclü müxalifət yoxdur. Onunla razılaşa bilərəm ki, əlbəttə, bu debatlarda, siyasi mübarizədə, adamların müzakirə edib-görməyəcəyi var. Bu gün YAP-a tərəf müqabili ola bilən, onun gücündə olan belə bir partiya yoxdur.”
Öz növbəsində, aprelin 12-si qələbəsini qeyd edən İlham Əliyev, prezident seçkisinin Azərbaycanda bütün azadlıqların təmin olunduğunu və Azərbaycanın “demokratiya yolu ilə uğurla” getdiyini göstərdini bildirib.
Prezident Əliyev ölkədə “açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirmişdir” deyib və qeyd edib ki, “heç bir kənar qüvvə” Azərbaycanı müstəqillik yolundan “döndərə bilməz”.
Richard Kauzlarich
ABŞ-ın Azərbaycana keçmiş səfiri və hazırda George Mason universitetinin Schar Siyasət və Hökumət Məktəbində dərs deyən Professor Richard Kauzlarich də nəticənin gözlənilməz olmadığını deyib və bir müşahidəsini paylaşıb:
“Hələ mən Azərbaycana səfir olduğum vaxtı (1994-1997-ci illərdə) belə hazırki MSK sədri, prezident aparatında ən yüksək vəzifəli dörd məmur və daxili işlər naziri eyni vəzifələrdə idilər.”
Bu səbəbdən ölkədə “demək olar ki, dəyişiklik olmayıb” deyən keçmiş səfir, seçki günü külli sayda pozuntuları sosial şəbəkələrdə gördüyünü qeyd edib.
Özlərinə səs vermək üçün səbəblər təqdim etməyə namizədlərin çoxunun İlham Əliyevi təriflədiklərini bildirən cənab Kauzlarich seçki barədə fikirlərini belə yekunlaşdırıb:
“Bu normal bir seçki olmayıb. Bu ənənəvi Əliyev seçkisi olub. Mən Azərbaycan xalqı üçün kədərlənirəm, çünki onlara öz demokratik seçimlərindən istifadə etməyə imkan verilmədi.”
Lakin dəyişiklərə gəldikdə, o, öz proqnozlarından tam əmin olmadığını qeyd etsə də, Baş nazir Artur Rasızadənin əvəz olunmasınn mümkün olduğunu qeyd edib.
Keçmiş səfir onu narahat edən digər iki məqamın, Azərbaycan bank sektorunda böhranın həlli və Dağlıq Qarabağ münaqişəsi olduqlarını deyib.
O, Ermənistan və Azərbaycanın getdikcə sərtləşən bəyanatlar verdiklərini və Rusiya və ABŞ-ın öz aralarındaki gərginliyə başları qarışdığı bir vaxt Qarabağda müharibə riskinin daha təhlükəli olduğunu bildirib.
Azərbaycanın Qərblə əlaqələrinə toxunan cənab Kauzlarich iki əsas faktorun əhəmiyyətini vurğulayıb – ABŞ-Rusiya əlaqələri və ABŞ-İran əlaqələri.
ABŞ-ın İranla nüvə sazişindən uzaqlaşdığı və hərbi müdaxiləyə doğru addımlar atıldığı halda, “Azərbaycan çox çətin bir vəziyyətdə olacaq”, o deyib.
“Məndə elə təəssürat var ki, İlham Əliyev və onun elitası insan haqqlarına görə ABŞ və Qərblə əlaqələri təkmilləşdirməkdən çəkinirlər. Biz bu barədə çox bir şey etməsək də, çox danışırıq”, o əlavə edib.
Rusiya və Qərb ölkələri arasında əlaqələrin çox pisləşdiyi halda isə, o, Azərbaycanın daha aydın seçim etməyə məcbur qalacağından narahat olduğunu deyib.
Thomas de Waal
Carnegie Fondunun böyük elmi işçisi və Qafqaz üzrə ekspert Thomas de Wall-da seçkinin nəticəsinin gözlənilməz olmadığını və İlham Əliyevin “ciddi rəqibinin olmadığını” deyib.
O, onu maraqlandıran əsas sualın bu nəticədən sonra prezident İlham Əliyevin uzun müddət mühüm vəzifələrdə olan məmurları “daha gənc və peşakar kadrla əvəz edib-etməyəcəyi” olduğunu bildirib.
Cənab de-Wall qeyd edib ki, “daxili işlər naziri və Ramiz Mehdiyev kimiləri prezidentin özündən də uzun müddətdir ki, vəzifələrində qalmaqdadırlar”.
“Onları daha gənc və dinamik şəxslərlə əvəz edib-etməyəcəyini öyrənmək üçün gözləmək lazımdır. Lakin artıq bunu etmək üçün onun 7 ili olacaq.”
Cənab de-Wall Əliyevin ailə üzvlərindən başqa “heç kəsin əvəzolunmaz” olmadığını və hakimiyyətdəki kardlarda bəzi dəyişiklərin baş verəcəyinə əmin olduğunu bildirib.
O, Ermənistanda Baş nazirin dəyişilərək daha təcrübəli və peşəkar şəxslə əvəz edilməsinin Ermənistan iqtisadiyyatı üçün müsbət nəticələr göstərdiyini və bu cür dəyişiklərin Azərbaycanda da potensial olaraq mümkün olduğunu deyib.
“İlham Əliyev çox ehtiyatlıdır. O eyni adamları 20 ildir ki, ətrafında saxlayır və hətta bir iki gənc və heç də təhlükəli olmayan məhbusu buraxmaq əvəzinə böyük təzyiqlərə dözür. Ona görə də, o, çox ehtiyatla hərəkət edir və ətrafına, regiona baxdıqda gördükləri onu dəyişməyə vadar etmir.”
O, dəyişiklik olsa, böyük ehtimalla bunun iqtisadi sahədə olacağını deyir və əlavə edir ki, Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədovun da azadlığa buraxılmasına imkan yarana bilər.
“Lakin buna ümidlərim çox böyük də deyil”, o, əlavə edir.