Aprel döyüşlərinin ikinci ildönümündə, YAP-ın ölkəboyu konsertlər təşkil etdiyi bu günlərdə sizləri həmin dövrə qaytarmaq, xalqımızın ozamankı gözləntilərini indi yaşadığı məyusluqlarla qarşılaşdırmaq, diqqətinizi itirilmiş fürsətlərə və hakimiyyətin kobud səhvlərinə cəlb etmək istəyirəm. Bağışlayın ki, yazı bir az uzun alındı. Ancaq elə vacib hadisələr var ki, onların üstündən 1-2 cümlə ilə keçimək olmur.
İlk növbədə onu vurğulamaq lazımdır ki, ermənilərin xain hücumunu uğurlu əks-hücuma çevirə bilmiş igid əsgər və zabitlərimiz uzun fasilədən sonra, həmin günlərdə millətimizə qürur hissi yaşatdılar. Ordumuzun uğurları çox qısa zamanda çoxlarının artıq məhv edildiyini güman etdiyi Azərbaycan milli ruhunu dirçəltmişdi. Vətənpərvərlik duyğuları cəmiyyətə hakim kəsilmişdi. Xalqımız yenidən 1988-ci ilin Meydan hərəkatı zamanı olduğu kimi, bir yumruq tәk birləşmişdi. İşğal olunmuş Qarabağı qaytarmaq arzusu şüurlara hakim kəsilmişdi. Millətin özgüvəni geri qayıdırdı. Azərbaycan müxalifəti vətənpərvər olduğundan ilk saatlardan tərəddüd etmədən ordumuza dəstək verdi. Hətta hökumətin gözü arxada qalmasın deyə tərəfdarlarımıza müraciət etmişdim ki, döyüşlər davam etdiyi müddətdә hökuməti tənqid etməyəcəyik. Gənclər, universitetlər ayaqda idi. Ancaq təəssüf ki, bütün bunlar çox çəkmədi. İlham Əliyev ABŞ-dan geri qayıdar-qayıtmaz, sonradan özünün də etiraf etdiyi kimi, “erməni tərəfinin xahişi ilə” uğurlu hücum əməliyyatını dayandırdı. Həm də əməliyyatları o zaman dayandırdı ki, ordumuz 100 nəfərə yaxın şəhid verib, düşmənin illər ərzində möhkəmləndirdiyi müdafiə xəttini yarıb, vacib yüksəklikləri azad etmişdi. Qalırdı qaçan düşməni qovmaq. Və belə bir məqamda İlham Əliyev orduya “dur!” əmri verdi. Yalnız bundan sonra mən İlham Əliyevi tənqid edib, yazmışdım ki, bir halda ki, müdafiə səddi yarılmış, pərən-pərən salınmış düşmənə qovan ordunu durdurdunuz, gərək bundan sonra “lazım gələrsə…” ilə başlayan bəyanatlar verməyəsiniz. Bundan sonra olanları da xatırlayırsınız. İlham Əliyevin işğalçılara qarşı əməliyyatı dayandırmasından sonra YAP mənə qarşı təhqirli aksiyalara start verdi. Düz bir həftə gündə bir neçə dəfə evimin qarşısında aksiyalar keçirib, Qarabağı məndən istədilər…
Məqsədim bu barədə geniş yazmaq deyil. Məqsədim o vaxt baş verənləri, o zaman hökumətin təbliğat maşınının xalqa sırıdığı yalanları 2 il sonra emosiyasız dəyərləndirməkdir.
1. Əvvəla, son 2 il təsdiq etdi ki, İlham Əliyev Aprel döyüşlərində əks-hücumu dayandırmaqla torpaqlarımızı işğaldan azad etmək üçün çox əlverişli və nadir imkanı əldən verdi. İlham Əliyev xalqla bütövləşməkdən də, qalib ordudan da, Rusiyadan da qorxdu və o tarixi fürsət əldən verildi.
2. Zaman sübut etdi ki, döyüşlər dayandırıldıqdan sonra ortaya atılmış “əməliyyatları durdurmaq taktiki addımdır, daha ciddi əməliyyatlar hələ qarşıdadır…” tipli açıqlamalar bizim elə o zaman da dediyimiz kimi, yalan idi, xalqı sakitləşdirmək üçün ortaya atılmışdı.
3. Döyüşlərdən sonra İlham Əliyevin uzun müddət iddia etdiyi “Əsdgərlərimizin Aprel döyüşlərindəki zəfərini biz də danışıqlar masasında diplomatik qələbəyə çevirəcəyik” vədi özünü doğrultmadı. Aprel döyüşlərindən sonra Azərbaycan tərəfi təəssüf ki, heç bir diplomatik uğur əldə edə bilmədi.
4. Aradan 2 il keçdikdən sonra çox aydın şəkildə görünür ki, məhz orduya səriştəli komandanlıq edilmədiyindən, döyüşən hissəsərin koordinasiyası təmin olunmadığından Aprel döyüşlərində həddindən artıq çox itki vermişik. Əsgər və zabitlərimiz mərdliklə döyüşə atılıb, canlarını qurban vermək bahasına ermənilərin möhkəmləndirilmiş istehkamlarını ələ keçirtdilər və itkilər də buna görə çox oldu. Hәrçәnd, müasir müharibədə hücum edilən obyekt aviasiya, pilotsuz uçan aparatlar, artilleriya və müxtəlif təsirli hücum vasitələrilə tam sıradan çıxarıldıqdan sonra canlı ordu hərəkətə keçir. Azərbaycan xalqı son illərdə qardaş Türkiyə ordusunun Suriyada iki güclü terrorçu qruplaşmaya qarşı 2 fərqli əməliyyatını Türkiyə telekanalları vasitəsilə izləyib. 4 min nəfər İŞİD-çının məhv edildiyi, minlərlə yaşayış məntəqəsinin, Əl Bab şəhərinin azad edildiyi “Fərat Qalxanı” əməliyyatında cəmi 72 nəfər şəhid vermişdi. Bugünlərdə həyata keçirilən “Zeytun budağı” əməliyyatında isə Türkiyə ordusu cəmi 47 nəfər şəhid verib. Müqayisə bizim Aprel döyüşlərində nə qədər böyük itki verdiyimizi çox aydın nümayiş etdirir və çox dəhşətlidir. Biz bir Lələ Təpənin azad edilməsinə, 3 günlük döyüşlərdə 100 nəfərə yaxın itki verdiksə, Türkiyə ordusu 57 günlük əməliyyat nəticəsində bizim yarımız qədər – 47 nəfər şəhid verib, 100 min nəfərdən artıq adamın yaşadığı Afrin şəhərini və 300-ə qədər kənd, qəsəbə və yüksəkliyi YPG terrorçularından azad etdi. Bu qədər itkinin səbəbi Aprel döyüşlərində iştirak etmiş hərbi hissələrin hazırlıqsızlığı deyildi. Şəhid olanların xeyli hissəsi xüsusi təyinatlı zabitlərimiz idi. Onlar çox səriştəli idilər. Silah təchizatı baxımından da bizim ordunun problemi olmalı deyildi. Hökumət iddia edir ki, ordumuz çox yaxşı silahlanıb və Türkiyənin Suriyada istifadə etdiyi silahların analoqları bizim orduda da var. Ermənilərin İŞİD-çilәrdәn və YPG-lilərdən daha yaxşı döyüşdüyün iddia etmək də ciddi deyil. Deməli, itkilərin çox olmasının səbəbi əməlyyatın yaxşı planlaşdırılmaması və düzgün koordinasiya edilməməsi olub.
5. Aprel döyüşlərinə qədər olan şəhidlərimizə, Qarabağ qazilərinə, şəhid ailələrinə hökumətin biganə münasibəti hamının bildiyi məsələdir. Ancaq Aprel döyüşlərindən sonra kövrək ümidlər yaranmışdı ki, hökumət səhvlərini anlayacaq, şəhid ailələrinə, qazilərə münasibət yaxşıya doğru dəyişəcək. Ötən 2 il ərzində bu gözləntilər də özünü doğrultmadı. İki il bundan öncə olduğu kimi, hazırda da şəhid ailələri və qazilərin problemləri hakimiyyətin diqqətində deyil.
6. Aprel döyüşləri ordunun bir çox problemlərini də ortaya çıxartdı. Bu döyüşlərdən dərhal sonra peşəkar ordu yaratamağı, ordunu müasir və dəqiq silahlarla təchiz etməyi hakimiyyətə təklif etdik. Bu təkliflər də diqqətsiz qaldı.
7. Aprel döyüşlərindən sonra hakimiyyət ordunu daha da gücləndirəcəyini, Ermənistan ordusu ilə aramızdakı fərqi daha da artıracağını vəd etmişdi. Ancaq biz ötən 2 ildə tamamilə başqa tendensiyalar müşahidə etdik. Azərbaycandakı rejimin himayəsinə sığındığı Rusiya Ermənistan ordusunu ciddi şəkildə silahlandırır. Həm də pulsuz, özünün ayırdığı kreditlərlə, üstәlik “İsgəndər” raketləri də daxil olmaqla, ən müasir silahlarla. Azərbaycana isə milyardlarla dollarlıq yararsız silah satır.
Beləliklə, Aprel döyüşlərindən 2 il sonra tam təsdiq olur ki, İlham Əliyev hökuməti qəhrəman əsgər və zabitlərimizin fədakarlığından düzgün istifadə etməmiş, ordunu dəqiq və müasir silahlarla silahlandırmaq, silah təchizatı baxımından Rusiya asılılığından xilas etmək, tədricən peşəkar orduya keçmək, şəhid ailələri və qazilərə münasibəti dəyişmək, o döyüşlərdə əldə olunmuş hərbi uğuru diplomatik uğura çevirməkdə tam uğursuz olmuşdur. Allah, bütün şəhidlərimizə rəhmət eləsin!