İraqın Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror təşkilatı ilə bağlılığa görə yeddi qadına ömürlük həbs qərarı və ya ölüm hökmü çıxarıb. Ölüm cəzasına məhkum edilənlər arasında üç azərbaycanlı qadın da var. Qadınların adları açıqlanmasa da, xəbər tam dəqiq mənbəyə əsaslanır. Görünür ki, bu fakt ölkənin başında duran səlahiyyət sahiblərini heç qayğılandırmır da. Amma düşünəndə ki, Azərbaycan qadını burdan vurub gedib dünyanın ən qorxunc terror təşkilatı siyahısında yer alan bir qrupa qoşulub, insanı vahimə basır. Axı nədən evini-eşiyini, doğmalarını buraxıb bu yola düşüb o qadınlar? Səbəbləri haqqında düşündünüzmü heç? Siz inanırsınızmı bir qadın isti yuvasını, rahat həyatını, sevdiklərini atıb macəra xatirinə bir terror təşkilatına, könüllü şəkildə ölümün qucağına sığınsın? Onların dini fanatizm girdabına yuvarlanıb, terror qruplaşmalarına qoşulmaq dərəcəsinə çatması faktı varsa belə, bunu kimin günahına yazaq? Hərçənd ki, bu, nəticəyə aparan səbəblər arasında ən az ehtimal olunanıdır, fikrimcə. Bəlkə bunu illərdir ölkədə yoxsulluqdan, işsizlikdən, imkansızlıqdan, qanunsuzluqdan zülm çəkən qadınların həyatından bezib uzaqlara qaçması kimi dəyərləndirək və ya eyni səbəbdən könüllü intiharı seçməsi kimi? Heç düşündünüzmü son illər ölkənin kabusuna çevrilən intihar göstəriciləri arasında nədən qadınlar böyük nisbət təşkil edir?
Faktlara diqqət edin… Rəsmi məlumata görə, keçən il ölkədə intihar məqsədilə 238 nəfər sirkə turşusu, 51 nəfər siçan zəhəri içərək zəhərlənib. İntihar etmək istəyənlər daha çox 20-29 yaşlı qadınlar olub. Ümumilikdə bütün illərdə zəhərlənmələrin strukturunda qadınların sayı çox olub. Zəhərlənənlərin 60-65 faizi qadınlardır. Bunu ölkənin baş toksikoloqu deyir. Psixoloq Azad İsazadə isə məsələyə belə aydınlıq gətirir ki, xanımlar ağrıdan qorxduqları üçün asan üsulla intihar yolu seçirlər. “Amma özünü yandırmaq intihar forması da, adətən qadınlara xasdır. İntiharın bu forması cənub-şərq ölkələrində daha çoxdur. Belə hallar onunla bağlıdır ki, xanım bir müddət işgəncələrə dözür və sonda bu dözüm bitir. Öz ağrısını camaata çatdırmaq istəyir, cəmiyyətə mesaj verir ki, “mən bu vəziyyətdəyəm, çox əziyyət çəkirəm”.
Keçən ilin statistikası göstərir ki, intiharlar 2016-cı ilə nisbətən 34 faiz artıb. Təkcə bu ilin yanvar ayında 42 nəfər intihar edib ki, onların hər 3 nəfərindən 1-i qadındır.
Ölkədə qadınların acınacaqlı yaşam statistikasını göstərən reallıq belədir. Açıqlamalardan bəlli olur ki, bu intiharların kökündə dayanan əsas səbəb yoxsulluq və imkansızlıqdır. Yaxın günlərdə bir dostumuz qardaşının Moskva bazarında uşağı ilə bərabər dilənən azərbaycanlı qadına rast gəldiyini dedi. Dediyinə görə, Moskvada yaşadığı müddətdə ilk dəfə belə bir hadisəylə qarşılaşıb və bundan çox sarsılıb. Anlaşılan, yuxarılarda bunu eşitmək və düşünmək istəyən yoxdur. Olsaydı, intihar “könüllüləri” gedib terror təşkilatlarına qədər çıxmazdı…
Səadət