Haradadır Əli Həsənov, Siyavuş Novruzov və rejimin göstərişilə “kişi kimi”, “ləyaqətli”, “mentalitetimizə uyğun” mübarizə axtaran xor kollektivi? Ancaq xalqa etdikləriniz bumeranq kimi qayıdıb rejiminizin başçısına dəyəndə “kişi kimi mübarizə, mentalitet” yadınıza düşür?
Müavinim, siyasi məhbus Fuad Qəhrəmanlının həyat yoldaşı, tanınmış yazar, Milli Şuranın üzvü Zümrüd Yağmur uzun müddətdir ki, ciddi təzyiqlərə məruz qalır. Zümrüd xanımın siyasi məhbusun həyat yoldaşı olaraq qürurlu duruşu, digər siyasi məhbus ailələrini də təşkilatlandırması, Milli Şuranın mitinqlərindəki prinspial çıxışları, yazar, publisist kimi ortaya qoyduğu mövqe hakimiyyəti ciddi narahat edib.
Narahat olmanız başa düşüləndir. Ancaq həyat yoldaşını feysbuk statuslarına görə 10 il müddətinə həbsə atdığınız bir xanım yazara qarşı mübarizədə seçdiyiniz vasitələr tam ikrah doğurur. Xeyli müddətdir ki, Zümrüd xanım ailəsilə şantaj olunur, ona görə ailəsinə təzyiq edilir. Onu ailəsilə təhdid edirlər. Budur, Zümrüd xanım bütün bu təhdidlərə cavab verib. Ailəsilə təhdid edilməsinə cavab olaraq açıqlama yayaraq, doğulub-böyüdüyü ailəsindən imtina edib (Zümrüd xanımın yazısı şərh bölümündə).
Bir çox ictimai-siyasi fəalların qohumlarını rejimin onlardan imtinaya məcbur etdiyini biz çox görmüşdük. Təəssüf ki, İlham Əliyev bu iyrənc Stalin ənənəsini müasir Azərbaycanda yaşadır. Ancaq rejimin həyasızlığı o həddə çatıb ki, artıq ictimai xadim özü məcbur olub, doğulub-böyüdüyü ailəsindən imtina edir.
Təəssüf ki, Zümrüd xanımın başına gələnlər rejimin anti-insani fəaliyyətinin yalnız bir epizodudur. AXCP Rəyasət Heyətinin üzvləri İlham Hüseyn və Emil Səlimov sabah DİN-in İnsan Alverilə Mübarizə üzrə Baş İdarəsinə dindirilmək üçün çağırılıblar. İlham bəy AXCP Gənclər Komitəsinin əvvəlki, Emil bəy isə hazırkı sədridir. Hər ikisi savadlı, əqidəli, ləyaqətli gənc siyasətçidir. İlham bəy də, Emil bəy də bu ölkənin sərvəti hesab olunacaq gənclərdir. Ancaq görün kişilikdən dəm vuranların iqtidarı bu bəylər üçün nələr hazırlayıbmış. Sağ olsun, Fatimə Mövlamlı, hər şeyi açıb danışıb, rejimin planlarını pozub (Fatimə Mövlamlının video çıxışını şərh bölümündə yerləşdirirəm). Fatimə Mövlamlı deyir, onu oğurlayıb DİN-də girov saxladıqları 5 gün ərzində ondan tələb ediblәr ki, AXCP-nin gənc liderləri İlham Hüseyn, Emil Səlimov və Aqil Əli Məhərrəmlə yaxın münasibətlər yaradıb, onlardan birini hansısa evə aparsın, sonra da “bandotdeli” xəbərdar eləsin, onlar da gəlib, Fatimə ilə həmin gənci birlikdə tutub rüsvay etsinlər. Fatimə ona bu təklifi edənlərin cəmindən daha ləyaqətli çıxaraq bütün təzyiqlərə rәğmәn bu cinayətkar təklifi rədd edib və sonra da özündə cəsarət tapıb, hazırlanan bu cinayət barədə ictimaiyyəti xəbərdar edib.
İndi mən sizdən soruşuram:
1. Ölkənin yüksək təhsilli, əqidəli, vətənsevər gənclərini əxlaqsızlıqla şərləyib rüsvay, mümkün olsa, həbs etməkdirmi sizin “kişi kimi” mübarizə?
2. 18 yaşı hələ başa çatmamış bir gənc qızı oğurlayıb, mənəvi və fiziki təzyiqlərlə onu özünə böhtan deməyә, əxlaqsız cinayətlərə məcbur etmək, mümkün olmayanda isə onu rüsvay etmək üçün ləyaqətsiz foto və video çəkilişlər etməkdirmi sizin “kişi kimi” mübarizə?
3. Həyat yoldaşını şərlədib tutdurduğunuz bir yazar xanımı qeyri-insani təzyiqlərinizlə doğmaca ailəsindən imtina etmək həddinə gətirib çıxarmaqdırmı sizin axtardığınız “kişi kimi” mübarizə?
Güzgüyə baxın, cənablar! Və anlayın ki, xalq niyә, hansı hərəkətlərinizə görə sizlərə bu qədər qəzəblidir.