Aprelin 14-də Bakıda, Yasamal rayonunda yerləşən Məhsul stadionunda müxalifətin 11 aprel seçki saxtakarlığına etiraz məqsədilə mitinqi keçirilib. Mitinqdə həmçinin bundan əvvəlki tələb və şüarlar da – siyasi mәhbuslara azadlıq, monarxiyaya yox, talana son vә b. sәslәndirilib. Mitinq saat 15-dən 17-dək davam edib. Mitinqin aparıcısı yenə də AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn olub. Mitinq dövlət himninin səslənməsi ilə başlayıb.
Mitinqdən tam görüntü və xəbərləri əks-ardıcıllıqla təqdim edirik.
***
Milli Şura sədri Cəmil Həsənli çıxışında 11 aprel seçki saxtakarlığından, hakim ailənin korrupsiyaya bulaşmasından danışıb.
“Avtoritar rejimlərdə, totalitar diktaturalarda kütləvi aksiya keçirmək, insanların öz iradələrini ifadə etməsi son dərəcə ağırdır. Bu gün meydana gələn hər bir insan bir qəhrəmandır. Bu insanlar qadağaları, basqıları, repressiyaları, Əliyevin polis kordonlarını yıxaraq bura toplaşıb…
Bir tamaşa var idi. 22 gün idi ki, bu tamaşa hər 3 gündən bir, axşamlar televiziyalarda Azərbaycan xalqına təqim edilirdi. Ən böyük dramaturqlar belə İlham Əliyevin yazdığı bu məzhəkəni yaza bilməzdi, milləti bu formada təhqir edə bilməzdi…
Bu aksiya həm də ATƏT-in müşahidəçilərinin elan etdiyi rəyə bir dəstəkdir. Biz elə belə də rəy gözləyirdik. Azərbaycan hakimiyyəti cinayət başında yaxalandı. Onun bütün seçki saxtakarlıqları, İlham Əliyevin hakimiyyəti daha 7 il mənimsəməsinin bütün mahiyyəti ortaya qoyuldu. Görürsünüz, ATƏT-ə qarşı necə həşir qaldırıblar…
Ölkəmizi beynəlxalq alımdə nüfuzdan salıblar. Bizim vətənimizi gözükölgəli ediblər. İndi hardsa bir oğurluq hadisəsi olur, içindən Azərbaycan çıxır. Harda bir gizli, ofşor hesab olur, içindən İlham Əliyevin ailə üzvləri çıxır. Azərbaycanda korrupsiyaya qarşı bu qədər komissiya yaradılıb. Bir neçəsi prokurorluqda, bir neçəsi Prezident Aparatında, daha hansı təşkilatlarda. Nəzarət komissiyaları var. Ancaq nəticə yoxdur, ola da bilməz”, – deyə C.Həsənli bildirib.
***
Müsavat başqanı Arif Hacılı 11 aprel seçkisini “seçimsiz seçki” adlandırıb: “Bu növbədənkənar seçki mahiyyət etibarı ilə seçimsiz seçkilər idi. Seçkilərin növbədənkənar keçirilməsinin səbəbləri seçkidən əvvəl, seçki dövründə və ondan sonra elan edilmədi. Demokratik seçkilərin təşkili üçün tələb olunan şərtlərin heç birinə əməl olunmadı. Seçkilərin taleyi ATƏT-müşahidəçilərinin də dediyi kimi yalnız seçki günü həll olunmur, biz də bunları əvvəlki seçkilərdə dəfələrlə demişik. Seçkilərin demokratikliyi üçün ölkədə demokratik mühit olmalıdır ki, bu da Azərbaycanda mövcud deyildi. Azərbaycanda 150-dən çox siyasi məhbus var. Qəzet bir mədəniyyət növü kimi sıradan çıxarılıb. Teleradio tam şəkildə Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Siyasi partiyarların bərabərhüquqlu mübarizə imkanları yoxdur. Sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb…”.
***
AXCP sədrindən sonra Müsavat başqanının müavini Gülağa Aslanlı, Milli Şuranın üzvü, yazıçı Zümrüd Yağmur, MŞ Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal, AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov çıxış edib. Çıxışlarda 11 aprel seçkisinin saxtalığından, hakimiyyətin yarıtmaz idarəçiliyindən, korrupsiyaya bulaşmsaından və s. danışılıb.
***
“Biz bu mitinqi seçki tamaşasından 3 gün sonra keçiririk. Azərbaycan xalqı bir daha gördü ki, hakimiyyət rəqabətsiz, alternativsiz mihitdə belə saxtakarlıq etmədən seçki keçirə bilmir. Özləri seçdilər, özləri təsdiqlədilər, özləri bayram etdilər. Hətta bəzi deputatlar qol götürüb oynadılar da. Amma onlar Qarabağı işğaldan azad etdiklərinə görə, oynamırdılar. Seçki qutularını işğal etdiklərinə görə, oynayırdılar. Tezliklə bu ölkədə xalqın havası çalınacaq və gerçək rəqs də onda olacaq…”, – deyə aparıcı İ.Hüseyn bildirib.
Mitinqdə çıxış üçün ilk söz AXCP sədri Əli Kərimliyə verilib.
AXCP sədri 11 aprel seçkisini xalqın boykot etdiyini, nəticələrin saxtalaşdırıldığını və dünyanın da bunu belə qəbul etdiyini deyib, bugünkü mitinqin baş tutmaması üçün hakimiyyətin atdığı addımlardan danışıb.
“Bütün dünya boyu seçki saxtakarlıqları ifşa olunub. Bütün dünya İlham Əlieyvin saxta seçkilər nəticəsində hakimiyyətinin davam etdiyini deyir. Bunların da bütün dünya ilə bacaracaqları bir iş yoxdur, hamının əvəzini bizdən çıxmaq istəyirlər. Bu mitinqin alınmaması üçün indiyə qədər etdiklərindən də artığını etdilər. Hazırda AXCP-nin təşkilat şöbəsinin müdiri Saqif Qurbanov başda olmaqla 8 nəfər inzibati qaydada həbs olunub, 100-lərlə fəal polis idarələrinə aparılıb, hədələnib. İnsanların bu mitinqə gəlməsini önləməkm üçün hər şey ediblər. Amma buna baxmayaraq sizlərin qarşısını kəsə bilməyiblər.
Sizə, bütün xalqımıza seçkini boykot etdiyiniz, hökumətin yalanlarına inanmadığınız, İlham Əliyevi öz saxtakar komandası ilə baş-başa buraxdığınız və seçkinin nəticələrini tanımadığınız üçün təşəkkür borcumuz var. Bütün dünya da bizim dediyimizi dedi. Amerika Konqresi, ATƏT, Avropa Birliyi, özünə hörmət edən bütün dünya da dedi ki, seçki beynəlxalq standartlara uygun olmayıb”, – deyə o, bildirib.