Qardaş ölkədə yeni bir azərbaycanlıl milyarder peyda oldu!
Xəbər çox maraqlı görünə bilər, amma birmənalı da qəbul etməyin. Yəni, indi Ziya Məmmədov o halda deyil ki, Türkiyədə telekanallar açsın, qəzetlər- saytlar qursun. Amma bir zamanlar Ziya Məmmədovun yanında ən ərköyün kadrlardan biri kimi təqdim edilən Elnur Abdullayev adlı gənc iş adamının adı ilə Türkiyədə nəhəng medya layihəsi işə düşür. Layihənin adı da əzəmətlidir: «Qlobal Medya». Bu «qolobal» şəbəkəyə 8 televiziya kanalı, 4 sayt, 2 qəzet və başqa elementlər daxildir.
Elnur Abdullayev Nəqliyyat Naziriliyində İntellektual idarəetmə Mərkəzi MMC-nin direktoru idi. Bu Mərkəz Bakının infrastrukturuna yatırılan milyonlarla sərmayənin başına daş salıb şəhər nəqliyyatının olan-qalan ağlını da əlindən aldı. Amma gurultulu layihə idi, hər halda. Sonra cənab Abdullayevi bu çılğın prosesdən uzaqlaşdırıb qoydular elə həmin sistemdə başqa bir vəzifəyə: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri vəzifəsinə. Bütün bunlar yaxın 2-3 ilin söhbətləridir və Elnur Abdullayev də həmin bu ən yaxın 2-3 il müddətinə qədər dövlət məmuru olub. İndi isə o, Türkiyədə, az qala Mübariz Mənsimov çapında böyük kapitalla təqdim edilir və qeyd etdiyimiz kimi «Qlobal Medya» adlı nəhəng layihənin sahibinə çevrilib. İki- üç il ərzində bu qədər uğurlu biznesə imza atmaq, yüzlərlə milyon dolları qazanmaq isə çox böyük fürsətlərin sahibi olmaq deməkdir. Ziya Məmmədov indi yoxdur. Onun pulları əlindən alınıb. Perspektivləri də konservləşdirib. Ziya Məmmədovun Türkiyədə belə bir biznesə girməsini təsəvvür etmək olmaz. Buna görə də cənab E. Abdullayevin Azərbaycanda dövlət qulluğundan ayrıldıqdan sonrakı dövrdə, yəni 2-3 il ərzində bu qədər nəhəng kapital üzərində sərəncam sahibinə çevrilməsinin səbəblərini başqa izahatlarla anlamaq mümkün ola bilər. Məsələn, SOCAR ola bilərmi?
Hələlik, heç nə söyləmək mümkün deyil…
azadliq.info