Aprelin 18-də İlham Əliyevin adiçmə mərasimi keçirilib. Bu mərasim, 2013-cü ildə olduğu kimi qəfləti keçirilib. İnaqurasiya mərasiminə xarici qonaqlar dəvət olunmayıb. Görünür, 4-cü prezidentliyə tanınmış dövlət başçılarının bu mərasimə gəlməyəcəyindən ehtiyatlanan hakimiyyət onun beləcə səssiz keçirilməsinə qərar verib. İnaqurasiya mərasimindəki çıxışında siyasətdə sivil mübarizədən danışan İlham Əliyev müxalifətçilərin ünvanına təhqiramiz ifadələr səsləndirib. Görünür, bunların arşınıyla sivil mübarizə müxalifətçiləri izləmək, təhqir etmək, həbsə atmaq, ölüm həddinə çatdırmaq, işsiz qoymaq, ailələrinə onlardan imtinayla bağlı ərizə yazdırmaqdır…
– Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib.
– Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir.
– Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik.
– Biz maliyyə resurslarını öz əlimizlə yaratmışıq və indi öz hesabımıza yaşayırıq.
– Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik.
– Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə islahatlarımızın müsbət təsirini görəcəklər.
– Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq və ən böyük səmərə verən sistem xarakterli tədbirlər görüləcək.
– Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaq.
– Son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər.
– Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik.
– Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük.
– Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik.
– Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq.
– Bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və böyük dərəcədə buna nail ola bilmişik.
– O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb və bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır.
– Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi.
– Ermənilər məscidlərimizi dağıdıb, amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq.
Azadliq.info