Almaniyada yaşayan həmyerlimiz, bir neçə romanın müəllifi Əzimə Ağalarova yeni kitabını çapa hazırlayır. Yazarla budəfəki söhbətimiz də yeni romanı haqqında oldu. Əzimə xanım müsahibədə oxuculara yeni əsərinin də müjdəsini verib…
-Əzimə xanım, sosial şəbəkələrdə sizi təqib edirəm. “Ağlayan Divar “adlı yeni roman yazmısınız. Hətta romandan hissələri fb səhifənizdə də paylaşırsınız. Belə görünür ki, maraqlı əsər olacaq.
-Bəli, möhtəşəm bir romandır. Türk -İsrail münasibətləri və gizli təşkilatları olan MİT və Mossad əsərin əsas süjet xəttidir. Yəni Türk hökuməti tərəfindən İsrailə göndərilən və 25 il orada yaşamağa məcbur olan bir istihbaratçının yaşadıqları əsərin həyəcanını daha da artırır. Bir yəhudi qızının bu gənc istihbaratçıya aşiq olması və çəkdiyi əziyyətlərə rəğmən, həyatı boyunca ona sadiq qalması əsərin unudulmaz anlarındandır. Burda söyləmək istədim ki, eşqin yarıb keçmədiyi divar yoxdur. O elə bir qüvvədir ki, nə dil, nə din, heç bir şey onun qarşısına keçə bilməz. O ülvi hisslər bütün buzları əritməyə qadirdir.
-Nədən “Ağlayan Divar”?
-Bir necə kəlimə ilə izah etmək mümkün deyil amma mən bu əsəri bir il bundan qabaq yazmağa başladım. Onu da deyim ki, mən bu əsəri 5 ölkədə yazmışam. Antalyadaydım, bir az narahat idim. İsraildə bir rəfiqəm yaşayır. Mənə dedi ki min təyyarəyə, gəl buraya, səni Qüdsə aparım, orda rahat olarsan. Mescidi -Aksanı və Ağlama Divarını ziyarət edərsən. O an ağlıma gəldi ki, nədən əsərin adı “Ağlayan Divar “olmasın. Doğurdan da, mən bu əsəri Qüdsdə yaşayaraq yazdım. Antalyada başladım, Yunanıstan Kos adasında davam etdim, Qüdsdə kulminasiya nöqtəsinə çıxdım. Sonra Almaniyaya qayıtdım. Bir ay sonra da İsveçdə tamamladım. Əsər əslində keçən ilin noyabr ayından hazırdır. Bəzi siyasi səbəblərə görə yayınlamağı gecikdirdim. Amma bu yaxınlarda çap olunacaq.
-Bu əsəriniz də “Yıpranmış hayallerin peşinde” əsəri kimi Türkiyə türkcəsində yazmısınız. Səbəb nədir ki?
-Mən ilk 3 romanımı Azərbaycan dilində yazdım və Azərbaycanda nəşr etdirdim. Bir romanım 2015-ci ildə İsveçdə yayınlandı. 2016- cı ildə isə Türkiyədə “Yıpranmış hayallerin peşinde” əsərim yayınlandı. Düzünü bilmək istəsəniz, Türkiyədə daha çox qayğı görürəm. Əslində, bir övladın anasından və atasından şikayət etməsi doğru deyil. Azərbaycan anam, Türkiyə atamdır. Amma görünür ki, atam məni anamdan daha çox sevir. Onun üçün də “Aglayan Divar “romanını türkcə yazdım.
-Hal -hazırda daha hansı əsər üzərində işləyirsiniz?
-Yeni bir əsər yazıram, amma beynimdə. Hələ ki, səhifələrə tökməmişəm. Ara -sıra hissələri fb- də paylaşıram, amma ciddi olaraq başlamadım. Bir başlasam, 6 aya bitirərəm. Adi da çox maraqlıdır. “Bir kadının anatomisi.” Bu da türkcə olacaq.
-Əzimə xanım, əsərlərinizin çoxunda hadisələr gizli təşkilatlarda fəaliyyət göstərən insanlarla bağlıdır. “Bir kadının anatomisi “əsəri də bu mövzudadır, yoxsa?
–Yox, bu əsər, adından göründüyü kimi, bir qadının iç dünyasını üzə çıxardacaq. Qadınlarımızın yaşamaq istədikləri, amma yaşaya bilmədikləri çox anlar var. Bəzən utandıqlarından, bəzən də qorxularından gizli tutarlar. Bu da onlara zərər verər. Bəlkə çox kişilərimizin xoşuna getməz, amma əsər qadınlarımızı sevindirəcək, buna əminəm.
-Oxucularımıza söyləmək istədiyiniz başqa bir sözünüz varmı?
-Nə söyləyə bilərəm ki? Bəzən insanları təsəlli edəcək bir söz söyləmək çox çətin olur. Amma yenə də həyata sevgi ilə baxsınlar. Bütün olumsuzluqlara rəğmən həyat gözəldir.
Səadət