Mayın 1-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasında yüzədək müraciətə baxılıb. Bu barədə “Amerikanın Səsi”nə komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, komissiyanın iclasları davam etdirləcək.
Xatırladaq ki, bundan öncəki iclsalarda komissiya əvflə bağlı yüzlərlə müraciətə baxıb.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində (28 may) əfv sərəncamının imzalanacağı və ya amnistiya aktının qəbul ediləcəyi bildirilir.
Azərbaycan prezidenti sonuncu əfv sərancamını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv 423 nəfərə şamil olunub.
Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə yüz altmışadək siyasi məhbusun, Beynəlxalq Əfv (Amnesty İnernational) Təşkilatı isə ondan çox “vicdan məhbusu”nun olduğunu bildirir.
Ancaq Azərbaycan hakimiyyəti birmənalı şəkildə ölkədə siyasi məhbusların olmadığını deyir. Rəsmilər bildirirlər ki, hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər. Sadəcə onların həbsi maraqlı qüvvələr tərəfindən siyasiləşdirilib(turan).