Nardaran məhbusu Abbas Hüseynovun anası Rəhimə Hüseynova Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edərək, oğluna qarşı işgəncələrin dayandırılmasını istəyib. Bu barədə AzadlıqRadiosuna Rəhimə Hüseynova özü bildirib.
Ana deyir ki, oğlunun aprelin 30-da onunla telefon söhbətində işgəncəyə məruz qalması haqda söylədiklərindən sonra Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovla görüşmək üçün bu quruma gedib. Amma onun işdə olmadığını deyiblər. Rəhbər vəzifəli şəxslərdən kimsə ilə görüşə bilməsə də, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova yazdığı məktubu təqdim edib.
«Mənim oğlum günahsızdır, şərlənərək həbs olunub. Heç olmasa, onun Qobustan həbsxanasında salamat yaşamasını təmin edin. Oğlum hər dəfə ağır işgəncələrə məruz qalanda səhhəti korlanır. Sabah oğlumun başına gələ biləcək arzuolunmaz hadisəyə görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır», – R.Hüseynova məktubunda belə yazıb.
«Söz verdi ki, Abbasla görüşəcək»
Ananın sözlərinə görə, mayın 1-də Ombudsman Aparatının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyində də olub, şikayətini çatdırıb: «Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən Yevgeni Korotkeviç söz verdi ki, yaxın günlərdə Qobustana gedəcəklər və mütləq Abbasın özü ilə də görüşəcəklər».
A.Hüseynov aprelin 30-da ailə üzvləri ilə telefon danışığında deyib ki, Qobustan həbsxanasında rəis müavini də daxil, 4-5 nəfər döyüb, üç gün əlləri qandallı vəziyyətdə cərimə kamerasında «kars»da saxlanılıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə AzadlıqRadiosuna açıqlamasında A.Hüseynovun döyülməsi barədə deyilənləri təkzib edib.
A.Hüseynov daha öncə də içəridə ona işgəncə verildiyini bildirmiş, vəkili Yalçın İmanov bu məlumatı ictimailəşdirdikdən sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı.