Basqın nəticəsində şirkətin 70 min manatı aparılıb
Mingəçevir şəhərində “Veysəloğlu” Şirkətlər Qrupunun əməkdaşı Elvin Rafiq oğlu Abdullayev hücuma məruz qalıb. Hadisə E.Abdullayevin yaşadığı Azərbaycan İES qəsəbəsi, C.Əliyev küçəsi, 5 ünvanda qeydə alınıb. Belə ki, səhər saat 08 radələrində naməlum şəxslər E.Abdullayevin boyun nahiyəsinə zərbə endirməklə xəsarət yetirib əlindəki çantanı alaraq qaçıblar.
İlkin məlumata görə, çantanın içərisində “Veysəloğlu” Şirkətlər Qrupuna məxsus 70 min manat pul olub.
Zərərçəkmişin atası Rafiq Abdullayevin sözlərinə görə, 32 yaşlı oğlu Elvin işə gedərkən binanın 2-ci mərtəbəsində 2 nəfər nəməlum şəxslər elektroşokla onu halsızlaşdırıblar: “Bu zaman Elvinin əlindəki çanta yerə düşüb və içərisindən 5 min manata yaxın pul yerə tökülüb. Basqınçılar qalan pulları götürüb qaçıblar. Hadisəni aşağı mərtəbədə yaşayan qonşular da görüb”.
Rafiq Abdullayev onu da əlavə edib ki, övladı 10 ilə yaxındır ki, “Veysəloğlu” Şirkətində çalışır: “4 il var ki, təfsilatçı vəzifəsindədir. O, hər gün mağazalardan yığdığı pulları özü ilə evə gətirib aparırdı. Bu günədək heç bir hadisə baş verməyib”.
Faktla bağlı araşdırma aparılır.
Azər