Mayın 21-də Bakı Appelyasiya Məhkəməsində AXCP Nəzarət-Təftiş Komissiyasının üzvü Mirfeyzulla Seyidovun barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb. Şikayət təmin edilməyib və Nərimanov rayon məhkəməsinin onun barəsində çıxardığı 3 aylıq həbs-qtəimkan tədbiri qüvvədə saxlanılıb.
M.Seyidov ağır böyrək xəstəsidir, daimi dializ aparatında qanı təmizlənməlidir. Əks halda həyatı təhlükə altına düşə bilər.
M.Seyidov külli miqdarda narkotik maddənin satışı ittihamı ilə şərlənərək həbs edilib. Onun həbsinə bir müddət əvvəl sosial şəbəkədə polis sistemindəki qanunsuzluqlar barədə çıxış etməsinin səbəb olduğu güman edilir. Belə ki, keçmiş polis işçisi olmuş M.Seyidov həmin çıxışı zamanı məhz narkotiklə həbs ediləcəyinə dair hədə alımışdı.
AXCP fəalları və bir sıra ictimaiyyət nümayəndələri son günlərdə Mirfeyzulla Seyidovu, eləcə də digər siyasi məhbus, xərcəng xəstəsi Elnur Fərəcovu (AXCP) məhz xəstəliyi səbəbindən azad etməyə çağıran kampaniya aparıblar.
M.Seyidovun Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimli və partiyanın rəhbərliyi, çoxlu sayda funksioner və fəalı, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib. Məhkəmədən sonra Ə.Kərimli jurnalistlərə açıqlama verib.