Polis ailədaxili münaqişədə tərəf tutur?
Binəqədi rayonu Şövkət Məmmədova küçəsi, 2 saylı Evtikmə Kombinatının həyətindəki qaçqın şəhərciyindən redaksiyamıza müraciət olunub. 6 saylı binanın 14-cü mənzilində məskunlaşan, Xocalıdan məcburi köçkün Quliyev Qarsalan Sultan oğlu 2009-cu ildən həmin binada yaşadığını bildirib. Özü, həyat yoldaşı, qızı və 3 məktəb yaşlı nəvəsi ilə adı çəkilən ünvana qeydiyyatda olduğunu deyib. Oğlu Amil Quliyev ailə qurduqdan sonra iki azyaşlı övladı ilə həmin ünvana qeydiyyata alınıb. Məhkəmə qərarı ilə ora köçürülüb. Bundan sonra tez-tez ailədaxili münaqişələr baş verib.
Sonuncu insident isə ötən gecə baş verib. Quliyev Amil həyat yoldaşı ilə evə girmək istəyib. Quliyev Qarsalan isə bir neçə gün əvvəl oğlunun ona ağır xəsarət yetirdiyini əsas gətirərək onları içəri buraxmayıb. Bundan sonra hər iki tərəf polisə müraciət edib. Quliyev Qarsalan və onun qızı Quliyeva Solmazın iddiasına görə Binəqədi Rayon polis İdarəsi, eləcə də 5-ci polis bölməsi Quliyev Amilə tərəf olurlar. Onlar bunu Amilin narkotik istifadəçisi və satışı ilə məşğul olması, bu işdə isə polis tərəfindən himayə olunması ilə əlaqələndiriblər.
Şikayətçilərin əsas tələbi Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsindən onlara verilmiş 4 otaqlı evin geri alınması, onlara yeni müvafiq mənzillərin verilməsidir.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin BƏİMX departamenti ilə əlaqə saxlayıb hadisə ilə bağlı məlumat verilib. Departamentinin direktoru İbrahim Mirzəyev məsələ ilə bağlı qeydlər götürüb tezliklə tədbir görüləcəyini bildirib.
Binəqədi rayon Polis İdarəsi ilə bağlı səsləndirilən ittihamlarla əlaqədar Daxili İşlər Nazirliyindən mövqe öyrənmək cəhdimiz alınmadı. Buna baxmayaraq onların mövqeyini də dərc etməyə hazırıq.
azadliq.info