Cəmil Həsənli: “Dövlətin bütün inzibati resursları Xalq Cəbhəsinə qarşı səfərbər edilib”
Milli Şuranın sədri Cəmil Həsənli son günlərdə AXCP-yə qarşı yenidən şiddətlənən repressiyalara etirazını bildirən yazı paylaşıb. Yazıda deyilir:
İlham Əliyev Xalq Cəbhəsinə qarşı amansız savaşa başlayıb. Son iki həftə ərzində Cəbhənin 10 nəfərdən çox məsul işçisi saxta ittihamlarla həbs edilib. Qarabağda aparılmalı olan döyüş Bakıda cəbhəçilərə qarşı aparılır. Cəbhə sədrinin bütün müavinləri, müşavirləri həbsdədir, partiyanın Rəyasət Heyətinin yarıya qədəri həbsxanalardadır. Bunlar bəs etmirdi, yeni həbslər dalğası başlayıb. Təkcə bu gün 3 cəbhəçi gənc həbs edilib. Partiyanın gənclər təşkilatının rəhbərliyinə daxil olan Aqil Əli Məhərrəm, Ruslan Nəsirli və Qarabağda şərəfli döyüş yolu keçib qazi olmuş Babək Həsənli.
Bircə şey məlumdur. Hakimiyyət dövlətin bütün inzibati resurslarını Xalq Cəbhəsinə qarşı səfərbər edib. İndi yalnız fəaliyyətdə olan cəbhəçiləri deyil, Saleh Rüstəmlinin simasında xarici ölkə vətəndaşı olan keçmiş cəbhəçiləri də saxta ittihamlarla tuturlar.
Son illərdə yeni qüvvə formalaşdırmaq, idarə olunan müxalifət yaratmaq üçün göstərilən cəhdlər bir fayda vermədi. Xalq Cəbhəsi daha da gücləndi. Son 5-6 ayda Xalq Cəbhəsinə 700 nəfərə yaxın gənc, vətənpərvər insan daxil olub.
Əli Kərimliyə qarşı total təqib kampaniyası aparılır. Partiyanı repressiv yolla siyasi səhnədən sıxışdırıb çıxarmaq, hakimiyyətin planı kimi “xuruc edəcək” yeni müxalifətə yol açmaq üçün bütün zorakı üsullardan istifadə edilir. Bütün proses inzibati orqanlara rəhbərlik edən Fuad Ələsgərov tərəfindən koordinasiya edilir. Plan inzibatı orqanların repressiv təqibləri, cəza tədbirləri vasitəsi ilə Cəbhəni dağıtmaqdan, onu siyasi müstəvidən sıxışdırıb çıxarmaqdan, yeni qüvvə adı ilə idarə olunan “müxalifət” partiyasına yol açmaqdan ibarətdir. Amma bu, payızda başlamalı idi. Görünür, hansı zərurətdənsə vaxtı irəli çəkiblər. Lakin şübhəsiz ki, hakimiyyətin bu planı iflasa məhkumdur, Cəbhənin daha da güclənməsi labüddür!