AND Azərbaycan hakimiyyətinin repressiyalarını belə adlandırır
Azərbaycanda siyasi müxalifətin sıradan çıxarılması üçün repressiyalar şiddətlənməkdədir. Əslində, heç zaman səngiməyən bu repressiya son günlər daha da aqressiv şəkil almaqdadır. Bu dəfə mayın 8-də, Rusiya vətəndaşı, iş adamı Saleh Rüstəmovun və ailə üzvlərinin saxta ittihamlarla həbs edilməsi ilə başlayan növbəti dalğanın da siyasi müxalifətə qarşı yeni təqiblər üçün istifadə ediləcəyi şübhə doğurmurdu və belə də oldu. 18 gün ərzində vəkilsiz, müdafiə hüquqlarından məhrum edilməklə işgəncələr altında DİN Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində saxlanılan Saleh Rüstəmovun, guya Azərbaycan Xalq Cəbhəsinə fantastik məbləğdə qanunsuz maliyyə dəstəyi ötürməsi, bu partiyanın çirkli pulların leqallaşdırılmasında günahlandırılması əsassız olmaqla yanaşı, yeni inzibati repressiyalara rəvac vermək niyyəti ilə uydurulmuş ittihamdır. Həm də elə bir ərəfədə ki, Azərbaycan hakimiyyətinin özü ənənəvi qaydada çirkli pulların yuyulması ilə bağlı yeni ittihamlarla üzləşib: Estoniya banklarından birində Azərbaycan mənşəli növbəti milyardların izinin itirilməsi üçün əməliyyatların üstü açılıb.
Azərbaycanın siyasi hakimiyyəti, eləcə də bu hakimiyyətin qanunsuz sifarişlərini icra edən hüquq mühafizə orqanları Xalq Cəbhəsinin ətrafında saxta cinayət işi yaratmaqla həm ictimai rəyi azdırmaq, həm siyasi rəqiblərindən xilas olmaq, həm də Respublika günü ərəfəsində monarxiya üsul- idarəsini bərkitmək üçün bütün böhtan imkanlarını istedadsız şəkildə işə salıb.
AND hərəkatı hesab edir ki, Azərbaycan hakimiyyəti siyasi müxalifəti özünün əsas düşməni elan etməklə ölkənin ən ciddi problemlərinin həllində bacarıqsızlığının üstünü ört- basdır etmək niyyətini güdür. AND Hərəkatı Azərbaycan hakimiyyətinin ölkədə demokratik təsisatları gücləndirmək əvəzinə onları sıradan çıxarmaq üçün fəaliyyətlərini pisləyir və hökumətin bu aqressiv, qeyri- demokratik, inzibati terror yolu ilə cəmiyyətdə vahiməni genişləndirmək planlarını qətiyyətlə pisləyir.
AND hərəkatı Xalq Cəbhəsi Partiyasının üzvlərinin kütləvi şəkildə həbs edilməsinə qarşı etirazını bildirir. AND hərəkatı bəyan edir ki, Azərbaycan hakimiyyətinin ölkədə diktaturanı möhkəmləndirmək planlarını bütün dünyada ifşa etməkdə davam edəcək.
AND indi sərt və ədalətsiz təqib altında olan Xalq Cəbhəsi üzvlərinin bu sınaqdan da şərəflə çıxacaqlarına, onların ölkədə demokratiya və azadlıqlar uğrunda mübarizəyə həmişə olduğu kimi sanballı töhfələr verməkdə davam edəcəyinə inanır.