AXCP Gənclər Komitəsinin Məclis sədri, şərlənərək həbs edilən Ruslan Nəsirlinin anası Məleykə Nəsirova hakimiyyətə və ictimaiyyətə çağırışla müraciət yayıb.
M.Nəsirova feysbukda yaydığı müraciətdə qeyd edir ki, oğlunun qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyasına başlayır. “Oğlumun səhhətində problemlər var, sağ-salamat və tez bir zamanda azadlığa buraxılmasını tələb edirəm! Ruslan başda olmaqla, Nəsirovlar ailəsinin başına gələcək hər bir şeydən cavabdeh sizsiniz”, – deyə ana bildirir.
M.Nəsirova daha sonra cəmiyyətdən oğlunun fəal müdafisəini xahiş edir: “Bütün analardan mənim səsimə səs vermələrini istəyirəm. Bu gün bizim ailəmizdə baş verən hadisələrin hər bir azərbaycanlının ailəsində olacağı qaçılmazdır. Uca xalqıma arxalanaraq günahsız vətənpərvərlərin zalımlar tərəfindən məhv edilməsinə, onların haqq səsinin batırılmasına imkan verməyəcəyinizə inanıram”.
Sonda ana “Mənim oğlumun günahı yoxdur, ey zalımlar, əl çəkin ondan!”, – deyə müraciətini tamamlayır.