Əslində uşaqlar haqda hər gün düşünmək lazımdır. Bu gün isə təkcə düşünmək azdır. Həm də yazmaq lazımdır. Bir qayda olaraq azərbaycanlılar uşaqsevəndirlər. Əlbəttə, bütün insanlar öz uşaqlarını sevirlər. Ancaq mənə elə gəlir ki, bizdə uşaq sevgisi dünya üzrə orta statistik olanın çox üstündədir. Azərbaycanlı valideyn uf demədən ailə büdcəsindəki son pullarını, məsələn, özünə zəruri olan dərmanları almaqdansa, uşağı üçün şirniyyat, paltar, oyuncaq almağa xərcləyir. Son illərdə biz uşaqlarına yemək, paltar, çanta ala bilmədiyi üçün nə qədər valideynin intihar etdiyini gördük. Bizim valideynlər borc içində yaşayaraq, ən zəruri təlabatlarından qənaət edərək övladlarını repititor yanına göndərir ki, orta məktəb onları təhsilsiz qoymasın, onlar böyüyəndə ali təhsil ala bilsinlər. Azərbaycanlı valideyn övladının toyunu etmək üçün, qızlarına cehiz almaq üçün sonradan ödəyə bilməyəcəyi yüksək faizli kreditin altına girir və çox vaxt da o bəladan qurtula bilmir. Azərbaycanlı valideynin uşaq qayğıları heç vaxt bitmir. Ona elə gəlir ki, çox çətinliklə böyütdüyü, təhsil verdiyi, toyunu etdiyi övladının evini də o almalıdır. Bununla da bitmir. Övlad böyüyüb, artıq öz ailəsi var, ancaq ata-ana ürəyi sakitlik tapmır – gənc ailə imkansızdır, uşaqlarına yaxşı baxa bilmir. Bu mərhələdə də artıq yaşlanmış valideyn rahat pensioner həyatı haqda düşünə bilmir, ona zəruri olan müayinələri, müalicələri vaxtında etmir, qəpik–quruş pensiyasını da yeni doğulan nəvələrin ehtiyaclarının ödənilməsinə verir. Bütün bunların üstünə də gəlin şikəstliyi olan uşaqların problemlərini, övladların tələbəlik və əsgərlik dövrünün problemlərini, həbsə düşən övladların problemlərini, ailəsi dağılmış övladların problemlərini və s. Görürsünüzmü, bu ölkədə valideyn öz həyatını yaşaya bilmir. O öz həyatını faktiki övladlarına həsr edib, özü yadından çıxıb. Ancaq bu qədər fədakarlığa baxmayaraq da azərbaycanlı valideyn övladını xoşbəxt edə bilmir. Normal, sivil ölkələrdə yaşayan valideynlər övladları üçün bu qədər qurban vermir. Ancaq yenə də həmin ölkələrdəki uşaqlar bizim uşaqlardan qat-qat xoşbəxt və qayğısız böyüyürlər. Nədir səbəb? Nəyə görə orta statistik azərbaycanlı valideyn bu qədər uşaqcanlı, fədakar olsa da, azərbaycanlı uşaqlar yenə ehtiyac içindədir, yarıacdır, uşaqlıqdan düçar olduğu xəstəliklə birlikdə böyüyür, yaxşı təhsil ala bilmir, nəinki uşaqlığı, gəncliyi də bərbad olur?
Əziz dostlar, Beynəlxalq Uşaqları Müdafiə Günü bu suallar haqda daha ciddi düşünmək üçün uyğun vaxt deyilmi? Demokratik, sivil ölkələrdəki valideynlər övladları üçün bizim qədər fərdi qurban verməslər də, toparlanıb özlərinə dövlət qurublar. Elə bir dövlət ki, həyatın bütün mərhələlərində yeni doğulmuş uşaqların – ən gənc vətəndaşların və onların valideynlərinin yanındadır. Dövlət yeni doğulan uşaqlar üçün adekvat müavinət verir. Əgər uşağın anadangəlmə əlilliyi varsa, dövlət ilk gündən onun qolundan tutur, müalicəsi, ona baxılması üçün əlavə imkanlar yaradır. Sonrakı bütün mərhələlərdə də dövlət gənc vətəndaşının yanında olur. Bizlər isə çox vaxt guya uşaqlarımızın xatirinə dövlətimizin xalqın əlindən alınmasına, dövlət hakimiyyətinin bir qrup oğru tərəfindən zəbt edilməsinə göz yumuruq. Dövlət xalqa xidmət vasitəsindən xalqı əzmək vasitəsinə çevrilib. Bu ölkədə dövlət vətəndaş üçün, o cümlədən uşaqlar üçün heç nə etmir. Ona görə də biz ayrıca götürülmüş valideynlər olaraq əslində dövlətin daşımalı olduğu yükü daşıya bilmirik. Nəticədə həm bizlər valideyn olaraq bu ağır yükün altında xoşbəxt ola bilmirik, həm də uşaqlar haqq etdiklərini ala bilmirlər və mədəni ölkələrdəki yaşıdlarından çox geridə qalırlar, həyatları ehtiyac içində keçir.
Çarə ölkənin hər bir uşağına öz övladı kimi baxacaq sosial rifah dövləti qurmaqdır. Bu gün haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, AXCP Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəmin əkiz övladları 5 aylıqdır. Rejim o uşaqları, digər siyasi məhbus övladlarını bacardığı qədər atasız qoymağı hədəfləyib. Çünki o uşaqların atası Aqil bəy digər siyasi məhbuslar kimi, bu ölkəni yaxşıya doğru dəyişmək istəyirdi. Aqil bəy bilirdi ki, onun və digərlərinin uşaqları üçün indi bizim edə biləcəyimiz ən yaxşı, ən vacib iş dövlət qurmaqdır. Vətəndaşına qənim kəsilmiş zor, işgəncə aparatı deyil, hüquq dövləti.
Əziz valideynlər və gələcək valideynlər olan gənclər, bizim bu rejimlə apardığımız mübarizə ilk növbədə uşaqlarımız naminə, ölkəmizin gələcəyi naminə olan mübarizədir. Biz istəyirik ki, bizim dövlətimiz də bu ölkədə doğulan hər bir uşağa sahib çıxsın. Valideynlərə yenidən uşaqpulu verilsin. Uşaqların pulsuz müalicəsi dövlət tərəfindən təmin edilsin. Uşaqlarımız dövlət hesabına keyfiyyətli uşaq baxçaları şəbəkəsi ilə təmin olunsun. Orta məktəbdə ciddi islahat aparılsın. Müəllimlər pambıq yığmaq, barama saxlamaq, işdən sonra bənnalıq etmək kimi məcburi əməklərə cəlb edilməsin, yaxşı maaş müabilində yaxşı dəsr versinlər. Repititorluq institutu avtomatik ləğv olunsun.
Biz istəyirik ki, uşaqlarımızın yeniyetməlik və gənclik dövründə də arxalarında dövlət dayansın. Onlar pulsuz ali təhsillə, tələbə yataqxanaları ilə təmin edilsin, ləyaqətli yaşayışı təmin edəcək tələbə təqaüdü alsınlar. Daha bahalı özəl təhsil almaq istəyənlər üçün aşağı faizli və uzun müddətli təhsil krediti hamıya əl çatan olsun, ölkənin daha istedadlı, dünyanın aparıcı universitetlərinə qəbul edilmiş gəncləri xaricdə dövlət hesabına yüksək təhsil alsın. Peşə təhsili almaq istəyənlərə dövlət bu imkanı ən yüksək səviyyədə təmin etsin, işsizlər iş tapana qədər işsizlik müavinəti ilə təmin olunsun. Öz işini qurmaq istəyənlər aşağı faizlə, uzun müddətə kreditlə təmin edilsin. 100 minlərlə gənc aşağı faizli ipoteka kreditlərilə ev ala bilsin. Orduda nizam-intizam yaradısın, dinc dövrlərdə əsgər ölümlərinə son qoyulsun, ordu tədricən könüllü müqavilə və yüksək maaş müqabilində xidmət edən peşəkarlardan təşkil olunsun. Uşaqlarımız şərlənib həbsə düşməsin, polisdə işgəncəyə, məhkəmərdə haqsızlığa məruz qalmasın. Bütün bunlar həm də sizin istəyiniz deyilmi? Bir valideyn üçün bu sadaladıqlarımı uşaqlarına təmin etməkdən daha vacib nə ola bilər? Ölkədə hüquqi, demokratik, sosial rifah dövləti qurulmazsa, hansı valideyn təkbaşına öz övladı üçün sadaladığım bu təminatları verə bilər?
Əziz həmvətənlər, bu ağır zamanlarda balarımızı bəhanə edib sussaq, ilk növbədə onları bədbəxt edəcəyik. Bu qədər kasıblığın, hüquqsuzluğun, ədalətsizliyin, işgəncənin olduğu dövlətdə necə xoşbəxt olmaq olar? Bu gün özü və övladları üçün layiqli dövlət qurmuş bütün xalqlar nə vaxtsa bu imtahanlardan keçiblər. Onlar həmin çətinlikləri aşa biliblər, öz krallarına, şahlarına, onları əzən sülalərə qalib gəliblər, şahın qanun olmasına imkan verməyib, qanunu şah ediblər. İndi bunu etmək bizim sıramızdır. Məhz bu ölkənin, uşaqlarımızın gələcəyi naminə, bunu etməliyik!