2013-cü ildə ABŞ konqresmenlərinin Azərbaycana səfərini təşkil edən Türkiyə-Amerika lobbi qrupunun keçmiş rəhbəri Kemal Öksüzə qarşı rəsmi ittiham irəli sürülüb. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında bildirilir.
“Bu gün açıqlanan ittihamnamədə Texasda faəliyyət göstərən qeyri-kommersiya təşkilatının sabiq prezidentinə qarşı 2013-cü ildə Konqres üzvlərinin Azərbaycana səfərinin Azərbaycan höküməti tərəfindən maaliyyələşdirdiyini ört-basdır edilməsində rol oynadığına görə ittiham irəli sürülüb,” bazar ertəsi açıqlanan bəyanatda deyilir.
İttihamnamənin “baş prokurorun Ədliyyə Nazirliyinin Cinayət Bölməsı üzrə müavini Brayan A. Bençkovski, Kolumbiya Mahalı üzrə ABŞ prokuroru Cessi K. Liu və Federal Təhqiqat Bürosunun Vaşinqton idarəsinin direktor yardımçısı Nensi MakNamara” tərəfindən açıqlandığı bildirilir.
Nazirliyin verdiyi məlumata görə, “daha öncə Virciniya ştatının Arlinqton şəhərinin sakini olan 48 yaşlı Kemal Öksüzün (Kevin Öksüz kimi də tanınır) ABŞ konqresmenlərinin Azərbaycana səfərindən öncə və sonra səfərin ödənişi ilə bağlı ABŞ Nümayəndələr Palatasının Etika Komitəsinə təqdim etdiyi ərizələrdə yalan danışdığı iddia olunur.”
İttihamnaməyə əsasən, Öksüz həmin ərizələrdə yalan olaraq prezidenti olduğu Hyustonda qərargahlanan Türk Amerikalılar və Avrasiyalıların Turkuaz Şurasının konqresmenlərin səfəri üçün heç bir xarici mənbədən maliyyə almadığını qeyd edib. Ona qarşı irəli sürülən ittihamlara görə, əslində Öksüz səfərin xərclərini qarşılamaq məqsədilə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) pul almaq üçün plan qurub və maliyyənin əsl qaynağını gizlədib.
“Bu isə Nümayəndələr Palatasının səfər qaydalarının pozulmasıdır,” sənəddə bildirilir.
Beş maddədən ibarət ittihamnamə bu ilin əvvəli ABŞ-ın Kolumbiya Mahalındakı Federal Məhkəməsinə təqdim olunub. İttihamnaməyə əsasən, Öksüz malliyə faktlarını saxtalaşdırdığı, ört-basdır etdiyi və Etika Komitəsindən gizlətdiyinə görə bir, Konqresə yalan bəyanatlar etdiyinə görə isə dörd ayrı maddə üzrə ittiham olunub.
Bəyanatda qeyd edilib ki, “Hazırda Öksüz axtarışda olan şəxs hesab edilir. Bu ilin əvvəlində onunla bağlı həbs qərarı çıxarılıb. Öksüz bu yaxınlarda Ermənistan hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
İstintaq Federal Təhqiqat Bürosu tərəfindən aparılıb.
İtthimanamədə yalnız iddialar yer alır. Şübhəlinin günahı təsdiq olunanadək o, günahsız sayılır.”
Texasda mənzillənən Türk Amerika Assosiasiyaları Şurasının keçmiş rəhbəri Kemal Öksüz həm də Azərbaycanın Dostları Assambleyasını (AFAZ) idarə edirdi. 2013-cü ildə Azərbaycana ABŞ konqresmenlərinin bütün xərcləri ödənən səfəri barədə informasiya yayılandan sonra bu iki təşkilat diqqət mərkəzinə gəlib.
The Washington Post 2015-ci ildə yazırdı ki, səfərin xərclərini gizli şəkildə Azərbaycanın dövlətə məxsus SOCAR şirkəti çəkib və bununla da Konqresin qaydaları pozulub. O zaman SOCAR-ın konfransı maliyyələşdirməsini gizlətmək üçün Öksüzün rəhbərlik etdiyi qurumlar vasitəsilə səfərə 750 min dollar xərclədiyi bildirilirdi. Ancaq SOCAR bu yazılanları təkzib etmiş, tədbirə sponsorluğun şəffaf şəkildə gerçəkləşdirildiyini vurğulamışdı.
Nümayəndələr Palatasının Etika Komitəsi araşdırmaya başlayanda Öksüzün ifadə verməkdən imtina etdiyi xəbər verilir.
Ermənistan polisinin avqustun 30-da yaydığı məlumata görə, Öksüz şirkət yaratmaqdan ötrü Ermənistana köçüb. Birləşmiş Ştatların onun həbsinə avqustun 23-də beynəlxalq order verdiyi bildirilir.
Öksüz avqustun 29-da Yerevanda saxlanıb.
Polis onun ilkin dindirilməsinin qısa videosunu da yayıb. O, videoda SOCAR-ın 2013-cü ildə ABŞ rəsmilərinin səyahət xərclərini ödədiyini, onlara bahalı hədiyyələr verdiyini etiraf edir. “Ola bilsin, bu korrupsiyadır, bilmirəm”, – o deyib.