Analoqsuz iqtisadi inkişafın sirri açıldı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş” MMC-dən 22 ədəd “Khazar SD” markalı minik avtomobili alıb.
Fond buna görə zavoda 359 986 manat ödəniş edib.
Xatırladaq ki(“Report”), qurum oktyabrın 11-də ölkədəki 14 dini icmaya bu avtomobillərdən təqdim edib.
Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli 2016 il avqustun 6-da qoyulub. Layihənin dəyəri 15 milyon dollardır(22.5 milyon manat).
Bundan qabaq Şamaxıda “Azsamand”, Naxçıvanda “NazLifan” avtomobil zavodları istifadəyə verilmişdi və bir neçə il sonra hər iki zavod fəaliyyətini dayandırmışdı. Adı zavod olsa da, əslində, hər ikisi sadəcə sex kimi fəaliyyət göstərirdi. Hazır maşınların hansısa detallarını bu sexlərdə avtomobilə bağlamaqla zavod görüntüsü yaratmaq istəyirdilər. Ancaq bu avtomobillərin satışı problemə çevrildi. Naxçıvanın istehsal etdiyi maşınların bir hissəsini müharibə əlillərinə hədiyyə etdilər. Büdcə pulları hesabına yaradılan zavoddan maçınları elə həmin büdcə pulları hesabına aldılar. Başqa modellər isə sahibsiz qaldı. Prezident İlham Əliyevin müdaxiləsi də, həmişəki kimi, nəticəsiz oldu. Onun dövlət qurumlarına bu maşınları almaq göstərişi verməsi o qədər də uğur qazanmadı. Yalnız bir neçə nazirlik bir-iki “NazLifan” almaqla prezident göstərişinə diqqətsiz olmadığını göstərib işini bitmiş saydı. 2006-cı ildə yaradılan, 2010-cu ildə istismara verilən zavod 2017-ci ildə fəaliyyətini dayandırdı.
İndi növbə Neftçalanın “Khazar SD” avtomobilinindir. İstehsal gücü 10 min avtomobil olan bu zavodun istehsal etdiyi ilk avtomobillər də yenə büdcə vəsaiti hesabına alınıb. Mənəvi Dəyərlərin Təbliği Fondu 22 maşına 359 986 manat pul verib. Deməli, hər maşına 16 min 363 manat büdcə pulu verilib. O maşınlar da yaslara gecikməmək üçün mollalara hədiyyə olunub. Heç də uğurlu başlanğıc deyil.
Çox “maraqlı və uğurlu” iqtisadi sistem qurulub. Büdcə puluyla zavod tikirsən, büdcə puluyla o zavoda maşın və detallar alırsan, sonra da büdcə puluyla həmin maşınları alıb kimlərəsə hədiyyə verirsən. İndi çox savadlı, səviyyəli, dünya iqtisadiyyatından yaxşı başı çıxan iqtisadçılar qrupu gərəkdir ki, bu prosesdə dövlətin qazancını hesablasın.
Büdcədən pul ayırsalar, o qrupu tapıb işə cəlb etmək çətin olmaz.
Rövşən Hacıbəyli