Con Bolton Tbilisidən Moskvanı hədələdi
ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton oktyabrın 26-da səfərdə olduğu Tbilisidə bəyan edib ki, Rusiya Krımdan və şərqi Ukraynadan çıxmalı və ABŞ seçiklərinə müdaxiləni dayandırmalıdır. O, əlavə edib ki, Vaşinqton Moskva üzərinə bundan sonra da sanksiyalar elan edə bilər.
“Əgər onlar bizim seçkimizə müdaxiləni dayandırsalar, Ukraynada Krımdan və Donbasdan çıxsalar yaxşı olardı”.
O, habelə Moskvanı “Qərbdəki Rusiya mühacirlərinə qarşı sui-qəsd məqsədilə qanunsuz kimyəvi silahdan istifadəni dayandırmağa” çağırıb.
Bolton bildirib ki, məhz belə hərəkətlər indiyədək Rusiya üzərinə çox sayda sanksiyaların qoyulması ilə nəticələnib. Bolton gələcəkdə də sanksiyaların ola biləcəyini istisna etmədiyini bildirib.
Bundan əvvəl ABŞ-da bəzi respublikaçıların arasında, habelə bəzi Avropa paytaxtlarında Rusiyanın üzərindəki sanksiyaların yüngülləşdirilməsinə dair söz-söhbət gəzirdi. Bolton bu narahatlıqlar barədə deyib:
“Rusiyanın üzərinə bundan sonra sanksiyalar qoymayacağımızı desək, bu qeyri-dəqiq olardı. Biz etməli olduğumuzu və zəruri saydığımızı edirik”.