Qurumun ötən gün keçirilən iclasında Sona Məhəmməd qızı Vəliyevanın üzvlüyü ləğv edilib.
Sona Vəliyevanın Şura üzvü kimi adı Milli Televiziya və Radio Şurasının rəsmi internet səhifəsindən də çıxarılıb. 2007-ci ildən MTRŞ üzvü olan S.Vəliyeva sonuncu dəfə bu vəzifəyə 2013-cü il noyabrın 14-də prezidenti İlham Əliyevin sərəncamıyla 6 il müddətinə təyin olunmuşdu. Müddət başa çatmamış işdən azad olunmanın səbəbləri barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Demokrat.az–a açıqlamasında bildirib ki, bir neçə müddət öncə Sona Vəliyeva elmi fəaliyyəti ilə əlaqədar olaraq ölkə başçısına müraciət edib: “Cənab Prezident də Sona xanım Vəliyevanın istefa ərizəsini qəbul edib. Çünki Sona Vəliyeva çoxdandır ki, elmi iş yazır. Bu səbəbdən də Sona Vəliyeva rəsmi şəkildə istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi. Cənab Prezident də onun istefasını qəbul edib. Yəni, Sona Vəliyeva öz xahişi ilə Milli Televiziya və Radio Şurası üzvlüyündən gedib. Yəni, onunla bağlı hər hansı problem olmayıb”.
Bu açıqlama o qədər də inandırıcı görünmür. MTRŞ sədri də bilməmiş deyil ki, Azərbaycanda əsasən hər hansı vəzifə tutandan, ya da illərlə oturduğu hansısa dövlət postunu itirəndən sonra elmlə məşğul olmağa başlayırlar. S.Vəliyevanın MTRŞ-dan getməsini başqa səbəblərlə də izah edənlər var. BDU rektoru Abel Məhərrəmovun işdən çıxarılmasından sonra onun tənqidinə yönəlmiş ilk telereportaj Əli Həsənovun ailə televiziyası sayılan Xəzər TV-də hazırlansa da, efirə getməyib, ancaq Youtube-də yerləşdirilib və sosial şəbəkələrdə yayılıb. Sonradan həmin reportajın Youtube-dən yığışdırıldığı deyilir. Görünür, həmin reportaj yuxarı dairələrin razılığı olmadan hazırlandığından belə nəticələrə gətirib çıxarıb.
Sona Vəliyeva Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.