Nəsimi Məmmədli
İki il öncə “Millətin dirçəlişi, yoxsa nifrətin oyanışı” başlıqlı bir yazı yazmışdım. (linki şərh bölümündə).
30 il öncə sovet rejiminin yerli idarəçilərinin harınlığından, zalımlığından, qanunsuz əməllərindən təngə gələn sadə insanlar “Qarabağ Harayı” ilə ayağa qalxdı.
Universitet tələbələrinin təşkilatçılığı ilə meydana yürüyən minlərlə insan “Azadlıq Meydanı”nda yüz minlərə çevrildi.
İnsanları etiraz meydanına toplayan öncə “Qarabağ” şüarları olsa da, sonradan harınlamış yerli idarəçilərə olan dərin nifrət bir anda milyonları prosesə qoşdu və “Azadlıq” şüarları meydana hakim oldu.
Sovet rejimi ilk ağır zərbəsini məhz bu aksiya ilə aldı və sonradan qarşısıalınmaz proseslər başlandı…
Bu gün xalqımızın siyasiləşmiş fəal kəsimi “Milli Dirçəliş” gününün yubleyini Şəhidlər Xiyabanında qeyd etmək arzusunda idi. Çünki, bu gün üçün ən çox mənəvi borclu olduğumuz məkan məhz “Şəhidlər Xiyabanı”dır. Millətimizin vicdanlı övladları həmişə şəhidlərin qarşısında mənəvi öhdəlik daşıyır. Onlar vətən fədailəridir və hər bayram günlərində onların yad olunması, ruhlarının şad edilməsi mənəvi borcumuzdur.
Azərbaycan hökuməti isə artıq xeyli vaxtdır ki, öz basqıçı iradəsini zorakı üsullarla cəmiyyətə diqtə etməyə çalışır. Xüsusilə də vətən uğrunda canından keçən şəhidlərə münasibətini hər fürsətdə cəmiyyətə göstərməyə cəhd edir. Keçən il “20 yanvar” ziyarətinə gələn insanlara qarşı heç bir əsas olmadan zor tətbiq edilməsi, şəhid ailələrinə ödəniləcək sığorta pulunu çoxsaylı bəhanələrlə yubatması, ağbirçək şəhid analarına, ağsaqqal şəhid atalarına və həyat yoldaşlarına iqtidar məmurlarının göstərdiyi aşağılayıcı münasibət getdikcə artır.
Bu gün Şəhidlər Xiyabanını ziyarət edən Milli Şura rəhbərliyinin və üzvlərinin üzləşdiyi zorakılıq da elə bu qəbildəndir. Ölkə müxalifətinin şəhidlərə yüksək dəyər verməsi, onları hər bayramda ziyarət etməklə gündəmdə saxlaması hökuməti nədənsə qıcıqlandırır. Bir neçə gün öncə “Bayraq Günü” münasibəti ilə Şəhidlər Xiyabanına ziyarət təşkil edən AXCP Gənclər Komitəsinin üzvlərinin həmin davranışı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanmışdı.
Hökumət bir tərəfdən şəhidlərin müxalifət tərəfindən gündəmdə qalmasından narahatdır, digər tərəfdən isə bütün basqılara baxmayaraq müxalifəti sıradan çıxara bilmədiyi üçün gərgindir. Eyni zamanda “Milli Dirçəliş” gününün yaratdığı yüksək psixoloji ovqat cəmiyyətin fəal kəsimini anidən hərəkətə gətirə bilər və mllətin öz gücünə yenidən inamının oyanışı demokratik proseslərə həlledici təkan verə bilər ki, bu da hökuməti qorxuya salır.
O cümlədən də cəmiyyətdə sosial dayaqları tədricən zəifləyən hakimiyyəti son günlər həm də öz məmurlarının, deputatlarının rüsvayçı davranışları gülüş obyektinə çevirib. Ölkənin hər yerində bu mövzuda müzakirələr gedir. Hökumət daxilində mənəvi aşınmanı saxlamaq xeyli çətinləşib. Sivil siyasi vasitələrdən istifadə bacarığı olmayan hökumət üzvləri yalnız polisin və digər hüquq mühafizə orqanlarının gücünü qanunsuz olaraq rəqiblərinə istiqamətləndirməklə vəziyyəti dəyişəcəyinə ümid edir.
Milli Şuranın sədri, professor Cemil Hasanlinin, AXCP sədri Əli Kərimlinin və 30 nəfərdən çox partiya üzvünün qanunsuz olaraq polis idarəsinə aparılması da hökumətin daxilindəki ciddi gərginliyi pərdələmək məqsədilə həyata keçirilib.
Cəmiyyətdə geniş müzakirələrə səbəb olan son olaylar hökumətin daxilində ənənəvi münasibətləri xeyli sarsıdıb. Bir neçə gündür ki hakimiyyət gündəmi dəyişməyə və müzakirələrin istiqamətini hökumətdən uzasqlaşdırmağa nail ola bilmir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, sabiq rektor Abil Məhərrəmov və digər vəzifəli şəxslər barəsində yayılan məlumatlar sosial şəbəkələrin gündəmindən düşmür. Eyni zamanda hökumətdə başqa yüksək vəzifəli şəxlər və məmurlar barədə də ziddiyyətli məlumatlar dolaşır.
Hökumətin müxalifət liderlərinə qarşı bu qanunsuz davranışı cəmiyyətdə yeni gərginliyə yol aça bilər. Hökumət daxilində mövqeləri zəifləməkdə olan quruplar cəmiyyətdə irimiqyaslı qarşıdurmalarda və beynəlxalq təzyiqlərin artmasında maraqlıdırlar.
Nəzərə alsaq ki ABŞ-da Azərbaycan rəsmilərinin ABŞ-a daxil olmasını qadağan edən sanksiyalar barədə məsələlər də yenidən gündəmdədir. Hələ 2018-ci büdcə ili üçün “Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsi” nin müzakirəsi zamanı təqdim olunan həmin sənəd gündəmdən çıxarılmayıb. Xüsusilə də, ABŞ Helsinki Komissiyasının rəhbərliyi altında təqdim olunan o layihənin müəlliflərindən biri olan Kris Smitin mövqeləri indi daha da güclənib.
Son olaraq, C.Həsənlinin və Ə.Kərimlinin qanunsuz saxlanması nə müxalifətin zəifləməsinə, nə də hökumətin güclənməsinə səbəb olacaq. Hökumətin bu addımından ən çox zərər çəkən isə məhz iqtidar olacaq.