Türkiyə barolar Birliyinin sədri Mətin Feyzioğluna
Ənnağı Hacıbəyli
Sayın Mətin bəy! Bir-birimizi tanıyırdıq. Dəfələrlə Türkiyədə, başqa ölkələrdə çeşidli toplantılarda görüşmüşük. Sonuncu dəfə, səhv etmirəmsə, 2014-cü ilin yanvarında Sizin dəvətinizlə Ankarada uluslararası toplantıda görüşmüşdük. Hər dəfə Bakıya qayıtdıqdan sonra qardaş Türkiyə vəkilləri, Türkiyə hüququ və hüquqçuları barədə təəssüratlarımı yazmışam. O yazıların son ikisindən bəzi seçmələri xatırladacam.
Öncə bir şeyi də deyim ki, bu illər ərzində Sizin çıxışlarınızı sosial şəbəkələrdə paylaşmışam və Sizi vəkilliyə, başqanlığa örnək kimi təbliğ etmişəm.
Türkiyə vəkilləri, o sıradan Siz çıxışlarınızda son zamanlar məhkəmələrin bağımsızlığına, vəkilliyə dövlətin qanunsuz müdaxiləsindən, demokratiya, hüquq dövləti dəyərlərinin aşındırılmasından ürək ağrısı ilə danışırdınız.
“Özgür avukatsız məhkəmədə hakimlə savcı cübbə geymiş dövlət məmurlarına çevrilirlər…”
“Siyasətin girdiyi məhkəmələrdən ədalət qaçar”.
“Yarğı millət adına deyil, dövlət və hüquq adına yapılmalıdır”.
“İndi masanın üstündə, altındaŞ dosyalarımızın içində, hər yerdə terror örgütü axtarırlar. Terrorçunun vəklisən – örgütçüsən, generalın savunmasısan – örgütçüsən, adil yarğı istəyirsən – örgütçüsən…”
“Ümidin iki övladı var: öfkə və cəsarət. Öfkə hər şeyin olduğu kimi qalmasına, cəsarət isə hər şeyin yaxşıya doğru dəyişməsinə çalışar. Toplumun sabahı ümidin hansı övladının ardıcıllarının çoxluğundan asılıdır”.
“Xoşagəlməz söz deyən vəkil məhkəmə qərarı ilə savunmadan uzaqlaşdırılır. Onlarla, hətta yüzlərlə vəkil belə qanunsuzluğun qurbanı olub. “Müdafiəçilikdən – müttəhimliyə”…
Bakıda noyabrın 15-16-da keçirilən uluslararası toplantıda çıxışınızı acı təəssüf hissi ilə dinlədim. Sizə çıxışınızdan bəzi fraqmentləri xatırladım:
“Biz avukatız, bizim haqsızlığa isyan etmək haqqımız var”.
Sizcə bizim də belə haqqımız varmı? Varsa, nədən məhkəmələrdə haqsızlığa üsyan demirəm, sadəcə etiraz edən vəkilləri vəkillikdən uzaqlaşdırırlar? Bunu can kardeşiniz Anar Bağırova nədən sormadınız? Axı Azərbaycan məhkəmələri, vəkilliyi Türkiyə vəkillərinin ürək ağrısı ilə təsvir etdiyi gerçəklərdən daha kötü gündədi!
“İmperialist uşaqları”nı yamanladınız, amma Azərbaycan vəkilliyinin dərdlərini həmin o imperialist uşağı fransız dilə gətirdi. Dünən kürsülərdən demokratiya düşməni saydığınız Ərdoğanla nə vaxtdan fikir ortağı olmusunuz?
“Avukatlıq doğru bildiyini hər şərt altında, ölsən belə dilə gətirmək məsləkidir”.
Niyə məsləkinizə sədaqət göstərib kardeş Azərbaycan avukatlığının dərdlərini dilə gətirmədiniz? Heç bir ağır şərt və ölüm qorxusu qarşısında da deyildiniz.
“Azərbaycan vəkilliyinin böyük inkişafının şahidi oldum”.
O inkişafı harda gördünüz? Vəkillər Kollegiyasının hakimiyyətin buyruq quluna çevrilməsi Sizcə inkişafdırmı? Ləyaqətli vəkillərin hakimiyyətin göstərişi ilə vəkil adından məhrum edilməsi inkişaf sayılırmı? Onlarla savadlı, ləyaqətli gəncin vəkilliyə buraxılmaması nə vaxtdan inkişaf sayılır? Hətta Avropa Məhkəməsinin qərarından sonra da keçmiş kardeşlərinizin vəkilliyə buraxılmamasını inkişafmı hesab edirsiniz? “Bütün vəkillər baroya kayıtlı olmalıdır”sa, bu adamlar hansı ölkənin vəkilliyinə kayıtlı olsun? Azərbaycan gerçəklərini bilmədən Sizə kim haq vermişdi ki, belə hökm verəsiniz? Minlərlə məsləkdaşınız bir fərmanla məsləkindən məhrum edilib – budurmu inkişaf? Bütün bu rəzalətləri öyən, gerçəkləşdirən adamlarla necə kardeş oldunuz? Qardaşlıq qan qohumluğuna, ya da fikir, əqidə birliyinə söykənir. Məncə sizin aranızda bunların heç biri olmamalı idi.
Böyük Atatürkün “Ədalət ölkənin təməlidir” sözlərini təkrarlamağı xoşlayırsınız. Biz də ölkəmizin bu təməl üzərində qurulmasını istəyirik. Yardımçı ola bilmirsinizsə, heç olmasa mane olmayın. “Ədalət mənəm” deyənlərlə kardeş olmaq istəyinizə sayğı duymasaq da, anlayırıq. İndi imperialistlər də, “Bir millət – iki dövlət”i “Bir millət – bir dövlət”ə çevirənlər də çoxdan qardaşlaşıblar. Biz belə qardaşlığa ortaq olmaq istəmirik.
Çıxışınızda Nizamidən örnək gətirdiniz – “Bir dəmirdən həm nal yapılır, həm qılınc yapılır”. İnciməyin, Siz o gün dəmirdən qılınc yapmalı ikən nal yapdınız.
“İnsan ilə insan arasında fərq var” dediniz. İki insan arasında fərq olması təbiidir. Amma dünən tanıdığın bir insanla bu gün tanıdığın eyni insan arasında bu qədər fərq olmaz, olamaz, olmamalı idi.
Təəssüf…