Mingəçevirdə yeni doğulan körpə şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində keçinib. Yevlax rayonu, Yenicə kənd sakini 2000-ci il təvəllüdlü Ramilə Habil qızı Farxatovanın noyabrın 21-də xəstəxananın Doğum şöbəsində dünyaya gətirdiyi oğlan uşağı yerləşdirildiyi Uşaq reanimasiya şöbəsində dünyasını dəyişib.
Xəstəxananın Doğum şöbəsinin mamaça-ginekoloqu Zeynəb Quliyevanın sözlərinə görə, bu, gənc ananın ilk hamiləliyi olmayıb. O, bundan öncə də iki dəfə yarımçıq hamiləlik yaşayıb. Z.Quliyeva bildirib ki, qadın 15 yaşında erkən nikahla xalası oğlu ilə ailə həyatı qurub. Ehtimal olunur ki, bu amillər də iki yarımçıq hamiləliyə və bu gün artıq çoxsaylı daxili problemləri ilə dünyaya gəlmiş körpənin ölümünə səbəb ola bilər.
Mamaça-ginekoloqun sözlərinə görə, hamiləlik dövrünü yaşadığı rayonda keçirən Ramilə Farxatova 9 ay ərzində Mingəçevirdə hər hansı tibbi yoxlama və ya nəzarətdən keçməyib. Ancaq doğuşöncəsi aparılmış müayinələr nəticəsində uşaqda problemlərin mövcud olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Azər