13 ildən çoxdur həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun qardaşı Əhməd İnsanov dünyasını dəyişib. Bu barədə “Azadliq.info”ya onların yaxınları məlumat verib.
Bildirilir ki, 78 yaşlı Əhməd İnsanovun səhhətində bir müddətdir problemlər vardı. O, dekabrın 23-də vəfat edib.
Qardaşının yas mərasimində iştirakına icazə verilməsi üçün Ə.İnsanovun Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib-etməməsi məsələsinə gəlincə, sabiq nazirin qohumu bildirib ki, hələ belə bir məlumat yoxdur: “Doğrusu, müraciət edəcəyinə inanmıram…”
Ə.İnsanov 2005-ci il oktyabrın 19-dan həbsdədir. O, MTN əməkdaşları tərəfindən dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunsa da, sonradan bu ittiham yoxa çıxdı. Əvəzində ona vəzifə cinayətlərilə bağlı ittihamlar verildi. Məhkəməyə də həmin ittihamlarla çıxarıldı. 2007-ci il aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə 11 il azadlıqdan məhrum edilən sabiq nazirin cəzasının başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun haqqında yenidən cinayət işi başlandı. Ə.İnsanov cəzaçəkmə müəssisəsində psixotrop tərkibli dərman saxlamaqda, müəssisəinin iş rejimini pozmaqda, Penitensiar Xidmətin əməkdaşını vurub, ona kəllə-beyin travması yetirməkdə ittiham olunaraq, bu dəfə daha 7 il azadlıqdan məhrum edildi. O, hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Ə.İnsanov özünü təqsirli bilmir. Haqqındakı yeni cinayət işinin də saxta olduğunu, həbsdən çıxmasının qarşısının alınması üçün şəxsən prezidentin sifarişilə quraşdırıldığını bildirir.
Azadliq.info