“Mehmana qarşı irəli sürülən ittihamı çox pis qiymətləndirirəm. Çünki Mehman cəzaçəkmə müəssisəsində özünü çox yaxşı aparır, hamı ondan razıdır”.
Həbsxanadan çıxmamasına 2 ay qalmış yeni ittihamla üzləşən bloqqer Mehman Hüsynovun atası Rafiq Hüseynov belə deyib.
Mehman Hüseynova yeni ittihamı əsassız hesab edən atası bunu onun videoları ilə izah edib.
Oğlunun üzərindən pul tapılması haqqında deyilənlərə də toxunan Rafiq Hüseynov qeyd edib ki, hər dəfə görüşə gedəndə ona pul aparırmış.
“Məhbusun cibində pul olması qəbahətdir?”
“Anası sağ olanda Mehmana (Mehman Hüseynovun anası 2018-ci ilin yayında vəfat edib) istədiyi yeməkləri bişirib aparırdıq. İndi tək qalmışam. Oğluma yemək bişirib apara bilmirəm. İki-üç çörək aparıram. Çörəklər də tez köhnəlir. Cəzaçəkmə müəssisəsində son zamanlar su da bulanıq gəlir. Bu səbəbdən hər dəfə 20-30 manat pul verirəm. Yəni məhbusun cəzaçəkmə müəssisəsindəki mağazadan nə isə alması qəbahətdir? Məhbusun cibində pul olması qəbahətdir?” o, sual edib.
Rafiq Hüsenov prezidentə müraciət edəcəyini, oğlunun günahsız olduğunu onun diqqətinə çatdıracağını söyləyib.
“Bu ölkədə düz danışmaq…”
“Bir ata kimi gözləyirdim ki, bir aydan sonra oğlum azadlığa çıxacaq. Bu insan nə edib? Ona qarşı yenə nahaqdan ittiham irəli sürüblər. O, xalqın oğludur. Bu insan yaşamamalıdır? O, kimə nə edib? Düz danışmaq, bu, ölkədə qəbahətdir? Mən prezidentə məktub yazacağam ki, haqsızlıqlara son qoyulsun. Özüm prezidentə bildirişlə məktub yazacağam ki, orada, cavan oğlanı niyə çürüdürsünüz? ” Rafiq Hüseynov qeyd edib.
Penitensiar Xidmət: Cinayət işi real fakt əsasında qaldırılıb
“Turan” agentliyinin xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə cinayət işinin real fakt əsasında qaldırıldığını bəyan edib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Mehman Hüseynovun vəkillərinin onun yanına buraxılmaması ilə bağlı fikirləri təkzib edib.
“Adını çəkdiyiniz şəxs və digər məhkumlarla vəkillərinin maneəsiz görüşməsi üçün imkan yaradılır. Bununla bağlı hər hansı problem yoxdur”, deyən xidmət sözçüsü Mehman Hüseynovun aclıq etməsi ilə bağlı deyilənlər haqqında isə məlumatsız olduğunu ifadə edib. O eyni zamanda əlavə edib ki, hər bir məhbusun aclıq etmək hüququ var.
“Aclıq edən şəxs digər məhbuslardan təcrid olunur, həkim nəzarətinə verilir. Eyni zamanda, qidanın qəbulundan imtina etmiş şəxs gərək qərarını əsaslandırsın. Əgər Mehmanla bağlı belə hal varsa, qanuni tədbirlər görüləcək”, Mehman Sadıqov bildirib.
Agentliyin xəbərinə görə, o, Mehman Hüseynovun cərimə təcridxanasına salınması ilə bağlı deyilənlərə isə belə münasibət bildirib:
“Məhkumun cərimə təcridxanasına keçirilməsi cəzaçəkmə müəssisəsinin rəisinin müstəsna səlahiyyətidir. Müəssisə rəhbəri bu qərarı qəbul edəndə qanuna istinad edir. Məhkum da qərardan narazıdırsa, aidiyyatı orqanlara şikayət etmək hüququna malikdir”.
3 ildən 7 ilədək
Bloqqer Mehman Hüseynova yeni cinayət işi açılması haqqında məlumatı dekabrın 26-da Penitensiar Xidmət yaymışdı.
Məlumatda iddia edilirdi ki, dekabrın 26-da 14 Saylı Cəzaçəkmə Müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayıb:
“Ona qarşı zor tətbiq etmiş, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirmiş, xidməti otaqda olan əşyaları dağıdaraq sındırmışdır”.
Məlumatda vurğulanırdı ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanması qadağan olan 461 manat pul aşkar edilərək götürülüb. Məlumatda deyilir:
“Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılmışdır”.
Bu maddə üzrə ittiham edilən şəxsə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Dünən, dekabrın 27-də Mehman Hüseynovun vəkili onun saxlanıldığı cəzaçəkmə müəssisəinə getdiyini, ancaq bloqqerlə görüşə buraxılmadığını bildirmişdi.
Bloqerin qardaşı, hazırda mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynov isə deyib ki, Mehman Hüseynov dekabrın 27-də evə zəng vurub.
O qısa söhbətdə qardaşının ittihamla razılaşmadığını, baş verənlərə etiraz olaraq aclıq aksiyasına başladığını bildirdiyini söyləyirdi.
Xatırlatma
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.
azadliq.org