Siyasi məhbus, AXCP Xətai rayon şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədlinin Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ili münasibəti ilə bayram təbriki.
…
Əziz dostlarım, əqidədaşlarım, bu bayram günündə məni yad edənlər və mənim yad etdiklərim!
Özümdən asılı olmayan səbəbdən hələlik yanınızda olub, təbrik edə bilməsəm də, bu məktubla sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ili münasibəti ilə təbrik edirəm. İnşallah, gələn ili hamımız bu günü bir yerdə, ARZULADIĞIMIZ məkanda, arzularımızın yerinə yetməsi ilə birlikdə qeyd edəcəyik, buna şəxsən mənim şübhəm yoxdur.
Bu günlərdə göndərdiyiniz kitabda Maxatma Qandinin bir sitatına rast gəldim: “Qollarıma zəncir vura bilərsiniz, işgəncəyə məruz qoya, cismimi məhv edə bilərsiniz, amma ruhumu azadlıqdan məhrum edə bilmərsiniz.”
Bizim mübarizəmiz Haqq, Ədalət, Azadlıq uğrundadır, əgər bunları insanların şüurundan, ruhundan çıxarıb həbs etmək mümkün deyilsə, bizi necə Azadlıqdan məhrum etmək olar?
Nə inzibati həbslər, nə istintaq təcridxanaları, nə cəzaçəkmə müəssisələri, nə həbsxanalar buna qadir deyil. Bizi ancaq qismən cəmiyyətdən təcrid edirlər, mübarizə imkanlarımızı qismən məhdudlaşdırırlar, Azadlıq isə hər yerdə bizimlədir.
Müəyyən şərtlər daxilində bizə vaxtından əvvəl “azadlığa çıxmaq” təklif olunur, anlamırlar ki, biz bura nə uğrunda mübarizə aparıb düşmüşük, anlamırlar ki, biz o AZADLIĞI bu “azadlığa” dəyişəcək qədər sadəlövh deyilik. Ən azından yaxınları şübhəli ofislərin kandarını döyənək eləyib siyasi məhbuslar üçün vaxtından əvvəl “azadlıq” dilənənlərin bu günkü durumunu görürük.
Elə cəmiyyət də özünü görməməzliyə, bilməməzliyə vursa da onların acınacaqlı halını görür, bu “iltifatdan” sonrakı pafoslu çıxışlarına ikrahla gülür.
Bu bizlik deyil, əzizlərim. İnamımız, güvənimiz sizin mübarizənizədir, sizə dəstək verə bilməsək də…
Son vaxtlar ölkə xaricində, qəribəsi budur ki, çox sərbəst, cəzasızlıq şəraitində ölkə daxilində də hədsiz aktivləşmiş, xaosu, dağıdıcılığı təbliğ edən təxribatçıların, əli kimin cibində olduğu şübhə doğurmayan “çömçələrin” təxribatına uymayın.
Təxribat bosslarının və onların nökərlərinin yaxınlarımıza, əqidədaşlarımıza iyrənc hücumlarına qətiyyətlə cavab verin.
Biz mübarizə metodumuzu və yolumuzu çoxdan seçmişik, heç kim, heç nə bizi yolumuzdan sapıdıra bilməz.
Bu yolda hamımıza uğurlar!
#yoladavam!
Fuad Ahmadli, 16 saylı cəzaçəkmə müəssisəsi.
29 dekabr 2018-ci il.