Rusiyada partlayış olan yaşayış binasının dağıntıları altında 35-40 adamın qaldığı güman edilir.
Hadisə dekabrın 31-i Çelyabinsk vilayətinin Maqnitoqorske şəhərində baş verib.
Partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir.
Baş vermiş partlayış nəticəsində 10 mərtəbli binanın bir bloku dağılıb.
Şəhər rəhbərliyi dağıntılar olan yerdə 120 adamın yaşadığını bildirir. 48 mənzil dağılıb.
8 adamın meyiti tapılıb.
Havanın soyuqluğu və binanın digər hissəsinin də uçma təhlükəsi xilasetmə işlərini çətinləşdirib. Xilasedicilər 17 dərəcə şaxtada işləyirlər.
İnterfaks bildirir ki, Maqnitoqorskidə bütün bayram tədbirləri uşaq bağçaları istisna olmaqla, təxirə salınıb.
Binanın sağ qalan hissəsində olan sakinlər gecə evlərinə qayıda bilməyiblər.
Şəhər rəhbəri Sergey Berdnyakov deyib ki, hazırda xilasetmə işləri aparılır və binanın salamat qalan hissələri yoxlanır: “Bu gün binanın yoxlanışı tam başa çatacaq, bundan sonra deyə biləcəyik ki, sakinlər evlərinə qayıdıb öz zəruri əşyalarını götürə biləcəklər, ya yox”.
“Mən oyandım və özümü yerdə gördüm”, bir şahid Rusiya televiziyasına deyib. “Divarlar uçmuşdu, anam qışqırırdı, oğlum isə dağıntılar arasındaydı”, o hadisəni belə təsvir edib”.
Digər şahid isə deyib ki, partlayışın ardınca “alov dalğası” çıxıb.
Rusiya prezidenti Vladimir Putin də hadisə yerinə gedib, xəstəxanada yaralılara baş çəkib.
O deyib ki, zərərçəkənlərə hər cür yardım ediləcək.
Bina 1973-cü ildə inşa edilib.
bbc.com