Bu gün Müsavat Partiyasının qərargahında Nərgiz Yaqublunın xatirəsinin əbədiləşdirilməsi məqsədilə təsis olunmuş “Nərgiz” mükafatının növbəti təqdimat mərasimi keçirilib.
Mükafat komissiyasında öncədən keçirilən gizli səsvermənin nəticəsinə əsasən bu il “Nərgiz” mükafatına AXCP sədrinin olan müavini Gözəl Bayramlı layiq görülüb.
Mükafatın əsasnaməsinə uyğun olaraq, Müsavat başqanı Arif Hacılı mükafatı Gözəl Bayramlının bacısı Şirin Ələkbərliyə təqdim edib.
Alya Ağayevanın aparıcılı ilə keçirilən mərasimdə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, MSDM-in sədri İsa Qəmbər, Real Partiyasının təmsilçisi Natiq Cəfərli, Müsavatın Məclis üzvü Nigar Yaqublu, AXCP qadınlar komitəsinin fəalı Səadət Cahangir, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı çıxış ediblər.
Tədbirdə gənc gitaraçı Jozef Abbas mahnılar ifa edib. O, bu təqdimetmə mərasimini həyatında iştirak etdiyi ən mənalı tədbirlərdən biri adlandırıb.
Çıxışlarda mərhum müsavatçı Nərgiz Yaqublunun keçdiyi şərəfli mübarizə yolu yad edilib, hakimiyyət repressiyalarına rəğmən mübarizə aparan müxalifətçilərin fədakar mübarizəsinə qqiymət verilib. Bildirilib ki, Gözəl Bayramlı demokratik mübarizənin simvollarından biridir və o, bu və digər mötəbər mükafatlara layiqdir.
Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunda həbs edilib. Qaçaqmalçılıqda ittiham olunan Gözəl Bayramlı 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bu il noyabrın 14-də Ali Məhkəmə AXCP sədrinin müavini Gözəl Bayramlının həbs cəzasının iki ay azaldılması qərarı çıxarılıb.
AXCP Gözəl Bayramlının siyasi mövqeyinə görə şərləndiyini bəyan edib.
Qeyd edək ki, “Nərgiz Mükafatı” 2015-ci ildə Nida Vətəndaş Hərəkətının təmsilçisi – vicdan məhbusu İlkin Rüstəmzadəyə, 2016-cı ildə isə “heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimovvə Bayram Məmmədova, 2017-ci ildə isə bloger Mehman Hüseynova təqdim edilib.
Bastainfo.com