Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin ilin son həftəsi bir sıra media orqanlarının rəhbərləri ilə görüşdəki çıxışı müzakirə predmetinə çevrilib. Səfər Mehdiyevin inhisarçılıq və rüşvət barədə fikirlərini iqtisadçılar birmənalı qarşılanmadı. İqtisadçı-alim Nazim Bəydəmirli Səfər Mehdiyevin çıxışının müxtəlif amillərdən qaynaqlandığını hesab edir: “Güman ki, Mehdiyev komitənin ləğv ediləcəyini, səlahiyyətlərinin Vergilər Nazirliyinə veriləcəyini bildiyindən belə danışır”.
İqtisadçı-alim komitə sədrinin “inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəm” açıqlamasını düzgün saymır: “Əslində, məsələnin bu cür qoyuluşu peşəkar yanaşma deyil. Təbii ki, Azərbaycanda inhisarçılıq var, yerli və beynəlxalq ekspertlər ÜDM-nin 80 faizini “kölgə istisadiyyatı” təşkil etdiyini dəfələrlə sübut ediblər. Eyni zamanda, ölkə idxaldan asılı ölkələrin siyahısındadırsa, deməli, “kölgə”nin yaranmasında idxalın yüksək payı var. Bundan əlavə BMT-nin müvafiq strukturlarının statistik məlumatlarına görə, 2010-2015-ci illərdə Azərbaycanın idxal rəqəmləri ilə onların statistik rəqəmləri arasında təqribən 25 milyard dollar yayınma var. Yəni ölkəyə daha çox mal göndərilsə də, gömrük statistikasında az göstərilir. Ona görə 1 faiz sözünün özü və inhisarçılığı faiz etibarı ilə qiymətləndirmək qeyri-peşəkar yanaşmadır. Amma iqtisadiyyatda inhisarçı şirkətlərin hansı faizi tutduğuna baxdıqda, 75 faizdən aşağı olmayan rəqəm alınacaq. Qeyri-neft sektorunu nəzərə aldıqda daha yüksək olacaq”.
Nazim Bəydəmirli təklif edir ki, Azərbaycan üzərindən başqa ölkələrə mal göndərmək məsələsi araşdırılsın. Məsələn, Rusiyadan gələn taxtanı hansı şirkət, hansı qiymətə rəsmiləşdirir? İqtisadçı deyir ki, rəqəmlər açıqlanmadığına, şəffaf olmadığına görə bilmək olmur, eyni mal üçün A şirkəti nə qədər ödəmə edib, B şirkəti nə qədər. Hazırda eyni malı A şirkəti bir qiymətə gətirir, B şirkəti başqa qiymətə. Onların rəsmiləşdirilməsində olan fərq inhisarçılığın yeni metodudur.
“İnhisarçılığın necə qorunması ilə bağlı bir misal da deyim. Bildiyiniz kimi, idxal mallarının kodları var. Gömrük Məcəlləsində, gömrük tariflərində də qeyd olunub – kodlara görə mala 5 faiz də tətbiq etmək olur, 10 faiz də, 15 faiz də. Hətta qaimədə, bəyannamədə yazılsa belə, Gömrük Komitəsinin əməkdaşları tətbiq edəndə kodu dəyişik tətbiq edirlər. İnhisarçı şirkətə gömrük rüsumunu 5 faizdən tətbiq edirlər, adi sahibkarın həmin kodla olan malına 10-15 faizdən. İnhisarçılığın yeni növləri bunlardır”.
Nazim Bəydəmirli Səfər Mehdiyevin Nazirlər Kabinetinin qərarına uyğun olaraq daxili bazarı qoruduqlarına görə bir sıra malların ölkəyə buraxılmaması barədə fikirlərinə də münasibət bildirib: “Klassik anlamda gömrük siyasəti daxil olmaqla fiskal siyasət həm də daxili bazarı qorumaq anlamına gəlir. Ancaq Azərbaycan reallığında belə deyil, əgər belə olardısa, marketlərdə satılan yerli malların artdığını müşahidə edərdik. Ayda 30 adda aldığım məhsulun 3-4-ü yerli istehsal adı ilə satılır, onların da xammalı xaricdən gəlir. Ona görə də “daxili istehsalı artırırıq” deyə qulağımıza xoş gələn sözləri cəmiyyətə təlqin etmək doğru deyil. Daxili istehsal artsaydı, vergilər xətti ilə toplanan əlavə dəyər vergisi artardı. Məsələn, gələn il əlavə dəyər vergisi 1 milyard 804 manat gözlənilir, 2014-cü ildə bu rəqəm 2 milyard 139 milyon manat idi. 5 ildə 335 milyon manat azalıma var. Səfər Mehdiyevin məntiqinə əsaslanıb daxili bazarın qorunmasından danışırıqsa, bu, o deməkdir ki, iqtisadiyyatın yaratdığı əlavə dəyər vergisi artmalıydı, amma azalıb. Eyni zamanda, 2019-cu ildə gömrük xətti ilə idxaldan alınan əlavə dəyər vergisi 2 milyard 294 milyon manat olacaq. 2014-cü ildə 1 milyard 70 milyon manat olub. Deməli, ölkənin istehlak etdiyi malların əksəriyyətinin artımı xarici istehsalın hesabınadır. Yalnız misal kimi gətirdiyim bu rəqəmlər hörmətli Səfər Mehdiyevin fikirlərini alt-üst edir. Yaxud daxili istehsal artsaydı, mənfəət vergisinin artımında üzə çıxardı, amma yoxdur”.
Nazim Bəydəmirli bildirib ki, komitə sədrinin büdcəyə 800 milyon manat artıq vəsait ödədikləri barədə fikirləri heç də gömrüyün fədakarlığı kimi qiymətləndirilməməlidir. Onn fikrincə, ötən ildən idxal-ixrac statistikasını Vergilər Nazirliyi apardığı uçün bu, həmin nazirliyin adına yazılmalıdır. Yəni vergilər nazirliyinin idxal statistikasında şəffaf fəaliyyəti nəticəsində Gömrük Komitəsi təkbaşına rəqəmləri gizlədə bilmir. “Əslində son ildə gömrük vasitəsi ilə büdcəyə ödənişlərin artması əvvəlki illərdə gömrükçülər vasitəsi ilə büdcədən nə qədər rüsum və ƏDV-nin yayındırılmasını sübut edən faktdır, normalda bu faktlar istintaq araşdırma predmeti olmalı və dövlət büdcəsinə illər boyu ziyan vuranlar müəyyən edilməli, məsuliyyətə cəlb edilməlidir. Bu baxımdan hörmətli Səfər Mehdiyevin arqumentlərinin heç birinin iqtisadi əsası yoxdur və populizmdən, məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil”, – deyə iqtisadçı-alim bildirib.
Nazim Bəydəmirli hesab edir ki, bu sahədə gerçək islahat Gömrük Komitəsinin ləğvi olmalıdır: “Gürcüstan illər öncə iqtisadi islahat apararkən ilk iş gömrüyü Maliyyə Naizrliyinə birləşdirmək olub. İndiki halda qonşu ölkə sahibkarları gömrük əməkdaşları ilə təmasda belə olmurlar. Onlar bəyannamələrini elektron şəkildə sistemə köçürür, vergilərini ödəyirlər. İdxal olunan mal da sahibkarın birbaşa anbarına, yaxud alıcının ünvanına gedir. Ona görə Azərbaycanda şəffaf sistem yaratmağın yolu gömrüyün ləğvindən, onun vergiyığma funksiyasının Vergilər Nazirliyinə verilməsindən və komitənin xidmət sektoruna çevrilməsindən keçir. 2019-cu ildə Azərbaycan inhisarçılığı ləğv edib iqtisadiyyatda şəffalıq yaratmaq istəyirsə, bu yolu keçməlidir”.
azadliq.info