Əziz xalqım, dəyərli cəbhədaşlarım, hər birinizi yeni il və Həmrəylik Günü münasibətilə təbrik edirəm. Təəssüf olsun ki, 2019-cu ili də azad, demokratik Azərbaycanda qeyd edə bilmədik. Təəssüf ki, 150-dən artıq siyasi məhbusumuz, müstəqil olmayan məhkəməmiz, monopoliyanın girovunda olan iqtisadiyyatımız, düşmən tapdağında olan torpağımız var.
Amma qətiyyən həvəsdən düşmək, ruh düşkünlüyünə qapılmaq olmaz. Mən əminəm ki, istədiyimiz kimi bir Azərbaycanda yaşamaq hər birimizə qismət olacaq. Əminəm ki, Azərbaycan deyəndə təsəvvürlərdə ədalətin, şəffaflığın, insan haqlarının, hüququn bərqərar olduğu ölkə canlanacaq.
Biz indi zindandayıq. Amma zindan bizim azadlıq eşqimizi azaltmır, gələcəyə olan ümidlərimizi öldürmür. Siz də işıqlı gələcəyə inanın, mübarizənin vacibliyinə inanın, müsbət dəyişikliklərə inanın.
2019-cu ildə özümüzə qayıdaq, zərərli fikirlərdən imtina edək, vətəndaş olaq, haqq uğrunda savaşanların yanında yer alaq. Həqiqəti heç kimə, heç nəyə güzəştə getməyək. Taleyimizi mənfur adamların nəfsinə qurban verməyək.
Arzu edirəm ki, 2019-cu il sevinc və firavanlıq, bol ruzi, azadlıq ili olsun. Düşünürəm ki, bu ölkə üçün, bu xalq üçün savaşmağa da, bu uğurda zindanlara düşməyə də dəyər.
Sizləri çox sevirəm və hər birinizə dərin inam bəsləyirəm. Bayramınız mübarək olsun. Tanrı sizləri qorusun. Tezliklə görüşmək ümidiylə. Özünüzə yaxşı baxın. Siz bu ölkəyə lazımsız. Birlikdə çox sədləri aşacağıq.
Hörmətlə: Zindandan Orxan Baxışlı