![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/11/IMG-20191127-WA0003-1024x490.jpg)
Hansısa məşhurun sözləridir – “faktlar qurtaranda söyüş başlanır.” İlham Əliyev üçün bu deyimi “yalanlar qurtaranda, söyüş başlanır” şəkilində ifadə etmək olar. Özünüz görürsünüz, on altı illik prezidentlik vəzifəsi onun danışıq leksikonundan təhqir və söyüş dolu vulqar sözləri çıxara bilməyib. Əksinə, getdikcə dilini bu sözlərlə daha da zənginləşdirir. Adam oktyabr mitinqlərindən sonra daha da aqressivləşib və daha çox söyüş söyməyə başlayıb. Məlum etiraz aksiyalarından sonra o, siyasi rəqibi Əli Kərimliyə 4-5 çıxış həsr edib. Paranoik prezident Rusiya katalikosundan tutmuş Sumqayıt əməkçilərinə qədər hamısının qarşısında ondan danışıb. Sonra da 92-ci il AXC hakimiyyətində təmsil olunanları bir-bir söyüb, qəzəbini soyudub. İlham Əliyev niyə belə qəzəblidir, niyə çıxışlarında küçə ritorikası ilə danışır? Cavab sadədir, əslində. O, xalqın seçmədiyi adamdır, ölkədə böyük çoxluğun iradəsini zorlayaraq, qan üstündə hakimiyyətə gəlib və xalqdan cin sancaqdan qorxan kimi qorxur. Xalqa və xalqın dəstək verdiyi liderə də ona görə aqressivdir. Nəinki aqressivdir, adam həm də özündən güclü rəqibinə nifrət edir, zəifliyini heç bir şəkildə ona bağışlamaq istəmir. O üzdən bir yerdə də rahat otura bilmir, nifrət bəslədiyi rəqibinin həyatını kabusa çevirmək üçün əlindən gələn hər cür iyrəncliyi edir. Onu izlədir, döydürür, söyür və bununla, xalqa tamam yad adam olduğunu bir daha isbat etmiş olur.
Dünyadakı bütün diktatorların yaşadığı sindromdur. Xalq ayaqlananda onlar dəliyə dönürlər. İllərlə etdikləri pisliklərin qisas qorxusu canlarına üşütmə salır. Hədə, zorakılıq və söyüş də onların ortaq dilidir. Tibbi araşdırmalara görə söyüş ağrıkəsici təsiri göstərir. Son bir ildə artan etiraz aksiyalarının İlham Əliyevin qarnına sancı saldığını bilirik. Söyüş söymək adamın ağrısını azaldır, deyəsən. Prezident olmasaydı, bunu da xəstəliyinə keçmək olardı. Amma adam 16 ildir ölkə başçısıdır və davranışında yaxşılığa doğru heç nə dəyişməyib. Üstəlik, prezident vəzifəsinin hansı anlama gəldiyini də dərk etmir. Hələ bir də iyirmi altı illik bərbad hakimiyyətlərinin iflasını bir illik AXC hakimiyyətini söyməklə ört-basdır etməyə çalışır. “Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, Ləl-Cəvahirat Fondunu talamışdılar. İnsanlar ən ağır günlərdə qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt Prezident, dövlət katibi, Baş Nazir o Ləl-Cəvahirat Fondunu talan etmişdilər, izi-tozu da qalmamışdı. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kəs bizə kredit vermirdi. Əgər siz Azərbaycanı bu qədər sevirdinizsə, nə üçün o vaxt bizə kömək etmirdiniz? Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etmirdiniz?” Bunu 148 milyard neft pulunu havaya sovurub xalqı quru yurdda qoyan adam deyir. Bu pulun, hardasa, yarısını ailə üzvlərinin adına ofşorlara köçürən adam. “Allah ağlına şəfa versin” deməkdən başqa çarə varmı?