Əli Kərimli İlham Əliyevin “Avropaya inteqrasiya etməyəcəyik” bəyanatına qarşı səfərbərliyə çağırdı
AXCP sədri Əli Kərimli ölkə başçısı İlham Əliyevin BDU-nun 100 illiyi tədbirində çıxışı zamanı Azərbaycanın Avropaya inteqrasiya etməyəcəyi haqda bəyanat verməsinə münasibət bildirib. O, feysbuk səhifəsində yazıb:
Gözlənildiyi kimi də oldu. Əksəriyyət İlham Əliyevin son çıxışlarındakı əsassız iddiaları, tarixi saxtalaşdırma cəhdlərini ciddiyə almadı, gülüb keçdi. Ancaq İlham Əliyevin çıxışındakı bir məqam haqlı olaraq çoxlarını narahat etdi. İlham Əliyevin “biz qətiyyən oraya (Avropa Birliyinə) inteqrasiya etməyəcəyik” bəyanatı təkcə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasına deyil, həm də milyonlarla azərbaycanlının istək və arzularına ziddir.
Heç şübhəm yoxdur ki, milyonlarla soydaşımız perspektivdə ölkəmizin məhz Avropa Birliyinə (AB) inteqrasiya etməsini istəyir. Əksəriyyət arzulayır ki, Azərbaycanda da AB-də olduğu kimi qanunun aliliyi, hüquq və azadlıqlar təmin olunsun. Azad mətbuat olsun, hakimiyyətləri xalq seçsin. Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər. Bizdə də polis, məhkəmə, təhsil, səhiyyə, bələdiyyə, vergi, gömrük Avropadakı kimi olsun, xalqa problem yaratmasın, xidmət etsin. Kim bunları istəməz?
İstəmirikmi ki, bizdə də elmin, yüksək texnologiyaların inkişafına, korrupsiyasız, monopoliyasız azad bazar iqtisadiyyatına şərait yaradılsın? Bu gün inkişaf etmiş ölkələrdəki sosial təminat sisteminə – yüksək məbləğli pensiyalara, uşaqlara, yaşlılara, əlillərə dövlət səviyyəsində qayğıya, işsizlər, evsizlər, tələbələr üçün yaradılan imkanlara əksəriyyət bir az da həsəd hissilə baxmırmı?
İstəmirikmi ki, Avropa ölkələrinə vizasız gedib-gələk, ehtiyacı olanlar orada işləyə, müalicə oluna, oxuya bilsin? İmkanı olanlar gəzməyə, dincəlməyə getsin, bacaranlar gömrüksüz, sərbəst ticarət etsin? İstəmirikmi ki, Avropa bankları vətəndaşlarımıza hazırkı monopolist banklardan 4-5 dəfə ucuz kredit versin? Avropanın etibarlı sığorta şirkətləri, aviasiya şirkətləri “Paşa Holdinqin”, Azal-ın Azərbaycan bazarındakı monopoliyasını dağıtsa, milyonlarla azərbaycanlı etibarlı sığorta xidmətilə təmin olunsa, vətəndaşlarımız Azal-ın qiymətlərindən dəfələrlə ucuz qiymətlərlə istədikləri şəhərlərə uça bilsə, xalqımız bundan qazanmazmı?
Əlbəttə, nəzəri cəhətdən bütün bunları AB-yə inteqrasiya etmədən də həyata keçirmək olar. Bu gün artıq dünyada Avropa ölkəsi olmayan 10-larla ölkədə bu islahatlar həyata keçirilir, ümumbəşəri dəyərlərə dövlət səviyyəsində hörmət qoyulur, azad ticarət, azad iqtisadiyyat qurulur. Ancaq bu sirr deyil ki, bizim situasiya və yerləşdiyimiz coğrafiya baxımından ölkəmizdə bütün bu işlərin görülməsi üçün AB-yə inteqrasiya olduqca vacib, yardımçı mexanizmdir. Başa düşmək lazımdır ki, bizim AB-yə inteqrasiyamız Avropadan daha çox bizə gərəkdir. Məhz biz özümüz toplum olaraq yuxarıda qeyd etdiyim islahatlara nail olmaq üçün AB-yə inteqrasiya kursunu müdafiə etməliyik.
Bilirəm ki, Azərbaycanda 100 minlərlə gənc, minlərlə vətəndaş cəmiyyəti fəalı, çoxsaylı ziyalılar, yüksək təhsilli insanlar, iş adamları, peşəkarlar əslində ölkəmizin Avropa seçimini istəyir. Ancaq onların bir çoxuna elə gəlirdi ki, bir az gec olsa da, Azərbaycan hakimiyyəti də ölkəmizi sonda Avropaya inteqrasiya etdirmək kursuna yönələcək. Artıq İlham Əliyev ailə hakimiyyətinin gerçək mövqeyini dilə gətirdi. Onlar Avropaya inteqrasiya kursuna qəti şəkildə qarşıdırlar. İndi söz Azərbaycanın Avropa seçiminə, hüquqi dövlət, cümhuriyyət, demokratiya və ədalət seçiminə tərəfdar olanlarındır. Hamılıqla hərəkətə keçməliyik. Ölkəmizin Avropaya inteqrasiya kursunu müdafiə edən 100 minlərlə insanın bu seçimi dəstəklədiyi bilinməlidir. Tələblərimizi uca səslə səsləndirib, arxasında durmağı bacarmalıyıq. Çox öyündüyümüz qurucu babalarımızın 101 il öncə müdriklik və qətiyyətlə etdiyi doğru seçimi bizlər də hazırkı dövrdə müdafiə etməyi bacarmalıyıq!