Komitə sədri Əli Hüseynlinin sistemdən şikayətli
Elşad Həsənovu ölkə rəhbəri Yasamal rayonun icra başçısı vəzifəsinə təyin etdi. Qeyd olunmalıdır ki, Elşad Həsənov gənc, sivil və səmimi bir kadrdır. Onun birdənə problemi odur ki, o, bu biyabırçı “Striptiz” Məclisin üzvü idi. Lakin, ölkə rəhbəri Elşad Həsənovu xilas etdi. Eyni ilə də ölkə rəhbəri Valeh Ələsgərovu da xilas etdi. Onlar bu anti-xalq Məclisinə yaraşmırdılar.
Maraqlısı odur ki, kimisə harasa təyin edəndə parlamentin çayxanasında pıç-pıç başlayır. İndi isə, bütün deputatlar tökülüşüblər çayxanaya və bu günkü hadisəni müzakirə edirlər. Bu məqalədə biz Parlamentdə bu günlər baş verən dedi-qodulardan söhbət açacaqıq. Bu parlamentdən ölkə əhalisinin doxsan faizi narazıdır, hətta hakimiyyətdə təmsil olunanların özləri də. Nikolayın evini elə bu pıçapıç yıxmadımı? O söhbətlər məhz Parlament daxilindəki narazıların danışıqlarından qaynaqlanıb kənara çıxır, içində ən azı 80-90 faiz həqiqət payı var. Parlamentin divarları arasında gedən söhbətlər haqqında yazdıqlarımız sonradan azmı təsdiqini tapıb? O tərəflərdə qapı-pəncərələrin qıfıllı, divarların möhkəm olduğuna baxmayın, “divarın da qulağı var” deyirlər, axı. İlham Əliyevin “iqtidar daxilində islahatlara mane olanlar var” bəyanatı, şübhəsiz, mətbəxdəki gizli qarşıdurmaların etirafı idi. Amma hökumətdə bu idarəçilikdən, bu qanunsuzluqdan narazı olanlar var ki, onlar başqa bir kateqoriyaya aid edilə bilər. Həqiqətən, ölkədə ağılalmaz qanunsuzluq fəlakəti yaşanır və bir hüquqçunun bu fəlakətə seyrçi qalması nə hüquq adamlığına, nə insanlığa sığan bir şeydir. Parlamentin divarları arasından çıxan xəbərlərdə belə narazılardan birinin də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli olduğu söylənir. Son günlər komitə sədri MM-nin iclaslarında bunu açıq şəkildə söyləməsə də, qapalı söhbətlərdə mövcud sistemdən və İlham Əliyevin idarəetmə siyasətindən narazılığını dəfələrlə dilə gətirib.
Onun sözlərinə görə, hüquq sahəsində təcrübəli bir peşəkar olaraq, Əli Hüseynli bu Parlament ölkəni uçuruma apardığını etiraf edib. Komitə sədri bildirib ki, hüquqi əsasları sarsılan sistemin ömrü uzun ola bilməz və tək xilas yolu hər şeyi hüquq müstəvisinə qaytarıb, qapıları gerçək islahatlara açmaqdır, normal Parlament qurmaqdır.
Jurnalistlər də onu yüksək peşəkar sayır
Deputatlar haqqında ən yaxşı xarakteristikanı jurnalistlər bilir. Əli Hüseynli düz 2000-ci ildən bəri parlamentin üzvüdür və media təmsilçiləri onu hamıdan yaxşı tanıyırlar. Mətbuata açıq deputat olmasa da, jurnalistlər, əsasən, onun fəaliyyəti haqqında yüksək fikirdədirlər. “Jurnalistlərə açıq deyil. Bir dəfə ona hüquq siyasəti ilə bağlı sual verdim, cavabı belə oldu: “Mən düşünmürəm ki, bu suala cavab verə bilərəm”. Məncə, jurnalistləri başından etmək üçün onun istifadə etdiyi bir metoddur. Fəaliyyətinə gəlincə, demək istərdim ki, çox savadlı, perspektivli millət vəkilidir. Qanunverici təşəbbüslərlə çıxışlar edib. Seçiciləri ilə işləməsi barədə məlumatsızam. Onun hansı dairədən seçildiyini də indiyə kimi bilmirəm. Ümumilikdə onu müsbət xarakterizə edərdim, ancaq mətbuatdan qaçmağı olmasa.”(Elmədin Muradlı).
“Milli Məclisdə özünü təsdiqləmiş millət vəkillərindən və komitə sədrlərindən biridir. Parlamentdə onun yeri hər zaman görünür. Xüsusilə də hüquqi məsələlərlə bağlı Milli Məclisdə avtoritet kimi qəbul olunur. Ancaq jurnalistlərlə münasibəti qaneedici deyil. Jurnalistlər ondan çox çətinliklə müsahibə alırlar. Növbəti parlamentdə onu görmək istərdim, ancaq jurnalistlərlə münasibətlərini tənzimlənməsi şərtilə”(İlham Quliyev).
“Milli Məclisdə qanunların müzakirəsində aktiv fəaliyyəti göz önündədir. Bunu danmaq mümkün deyil. Ancaq bir neçə il əvvəlki Əli Hüseynovla indiki arasında çox fərq var. Bunu onun mətbuata münasibəti baxımından deyirəm. Fikrimcə, ona müstəqil mətbuat nümayəndələri ilə açıq ünsiyyətə girməyə qadağan ediblər.”(Elşad Paşasoy).
Şübhəsiz, bu komandanın üzvü olub, illərdir ölkədə deputatlar tərəfindən törədilən cinayətlərə susan deputatlardan biri olaraq Əli Hüseynlidən mələk düzəltmək niyyətində deyilik. Bu hakimiyyətin önəmli təmsilçilərindən biri kimi onun da baş verənlərdə günah payı var. Amma indiki durumda İlham Əliyevin bərbad Parlamentini ölkəni elə duruma gətirib çıxarıb ki, damarında azərbaycanlı qanı axan, vicdanı olan kimsə bu duruma seyrçi qala bilməz. Əli Hüseynli parlamentdə ən mühüm komitələrdən birinin sədridir. Jurnalistlərin diliylə desək, o, “hüquqi məsələlərlə bağlı Milli Məclisdə ekspert kimi qəbul olunur”. Onun ölkənin hüquq siyasəti və dövlət quruculuğu sahəsində baş verən cinayətlərə susması da elə cinayətə şərik çıxmaq deməkdir. Gerçəkləri görüb, olanlara qapılar arxasında etiraz etməklə iş bitmir. Həqiqətləri açıq dilə gətirməyin zamanıdır, cənablar!