
Elə bilirsiniz xalq ölkədə baş verənlərin fərqində deyil? Elə bilirsiniz xalq bu hakimiyyətin əliəyri, oğru, talançı bir komandadan ibarət olduğunu anlamır? Xalq hər şeyi yaxşı bilir. Bu oğru komandanın illərdir ölkəni zəli kimi sorduğunu da, komandaya rəhbərlik edən diktatorun oğrubaşı olduğunu da yaxşı bilir. Xalqın bu antimilli hakimiyyətə və onun başında dayanan İlham Əliyevə münasibətini öyrənmək üçün diqqətinizi bir sorğunun nəticələrinə çəkmək istəyirik. “Made in Azerbaijan” səhifəsinin you tube kanalında keçirdiyi sorğuda belə bir sual qoyulub:
Sizcə, İlham Əliyev xalqdan nə qədər pul oğurlayıb?
a) 1 manat b) 100 milyon c) 100 milyard…
5300 nəfər hesab edir ki, diktator 100 milyarddan çox oğurlayıb.
Şərhləri oxuyub xalqın nə düşündüyünü özünüz dəyərləndirin. Nifrət, qəzəb, söyüş və qarğış dolu saysız-hesabsız şərhlərin içində ölkə başçısına tərəfkeşlik edən bircə söz də tapmadıq. Düşünürük, insanların diktator haqqında dedikləri sizin üçün də maraqlı olar: “Xalqın güzəranını oğurlayıb”. “100 milyard nədi ki, o elə- belə çay puludu, riyaziyyat elmində hələ elə bir rəqəm kəşf olunmayıb”. “Elə dərdə-bəlaya düşəsiniz ki, Azərbaycan yadınızdan çıxsın. Bu millətin haqqı sənə və ailənə haram olsun. Heç kim haqqını hala etməsin bu cındır rejimə”. “Pul nədi ki, İlham Əliyev, kişilərin mənliyin, qadınların ismətin, bir sözlə, xalqın mənəviyyatın oğurlayıb”. “Putinə verib yarısın, 65 milyard”. “Onun verdiyi pul başına dəysin, rədd olub getsin, heç nə istəmirik”. “Oğurlayıb yox, hələ nə qədər oğurlayacaq. Bəyəm proses dayanıb? Oğurluq həyatı davam edir, xalqın susma icazəsi ilə.” “İlhamla Paşayevlərin gözünü öləndə qəbir doyduracaq”. “100 milyard deyil də, neçə yüz milyardlar desək daha düzgün olar.” Xalqdan oğurlayıbsa, geri qayıdacaq bir gün, əmin olun”. “100 milyard nədi, çox oğurlayıb”. “Hər il 100 milyard”. “Onu Allah bilər. Heç özü də bilmir nə qədər oğurladığını. Təkcə neftin pulu deyil. Hər sahədən pullar oğurlanıb”. “Tək Əliyev deyil ki, məmurlar da oğurlayır, hamısı oğrudu”. Bu, məlum sorğuya yazılanların kiçik bir hissəsidir. Maraq göstərsəniz, yerdə qalanını girib özünüz oxuyarsınız.
Rəqəmlərə gəlincə…İlham Əliyevin başının talançı dəstəsi ilə ölkədən 100 milyard oğurladığını düşünən də var, 48 milyard oğurladığını düşünən də, 400 milyard, hətta trilyon oğurladığını düşünən də. Söhbət oğurluqdan gedirsə, məbləğin elə bir fərqi yoxdur, əslində. Normal ölkələrdə dövlət adamlarını qanunsuz xərclədiyi 100 dollara görə də istefaya göndərirlər. O bizim üzü üzlər görmüş hakimiyyət üzvləridir ki, iyirmi altı ildir ölkəni soyub-talayırlar, qanunu masaya qoyub bunlara heç nə sübut etmək olmur. İllərdir Əliyevlər ailəsinin korrupsiya cinayətləri haqqında dünya mediası qalaq-qalaq yazılar yazır, həm də sənədli-sübutlu yazılar. Ortada dəhşətli oğurluq faktları var. Söhbət böyük milyardların qeyri-qanuni şəkildə ölkədən çıxarılmasından gedir, amma adamlar özlərini utanmazlığa qoyub, istefa vermək əvəzinə həqiqətləri yazan insanları cəzalandırmaqla məşğuldurlar. Dünyanın hansı küncündə çirkli pulların yuyulması faktı aşkarlansa, işin ortasından Əliyevlər çıxır. Yeri gəlmişkən, dünən də Maltada İlham Əliyevin biznes ortağı ”Black 17” şirkətinin sahibi Yorgen Fenech həbs edilib. Onun jurnalist Dafne Qaruana Galizianının qətli ilə bağlı cinayət işi üzrə də dindiriləcəyi gözlənilir. Bildiyiniz ki, Dafne Maltanın “Platus” bankı vasitəsilə aparılan çirkli pulların yuyulması faktlarını araşdırdığına görə müəmmalı şəkildə öldürülmüşdü. Dediyimiz odu ki, xalq artıq onun qanını içən bu zəli hakimiyyətinə inanmır. Nəinki inanmır, eyni zamanda onlara nifrət edir. Bunu bəhs etdiyimiz sorğunun nəticələri də açıq şəkildə ortaya qoyur.
Şübhəsiz, bütün qarətçi diktaturaların sonu gəlir. Xalqı müflisləşdirib dilənçi kökünə salan bu oğru milyarder ailəsinin də sonu gələcək. İnsanların faciəsi üzərində ucalan nə sarayların yerlə bir olduğunu gördük. Əliyevlər xanədanı da bu xalqın ah-naləsi üzərində qurulub. O haram xanədanının da yerlə-yeksan olması uzun çəkməyəcək.