Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımov noyabrın 19-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağrılıb və ehsan süfrəsinə görə ona xəbərdarlıq edilib. İdarədə deyiblər ki, əgər Nardaran hadisələrinin növbəti ildönümü ilə əlaqədar keçirməyi planlaşdırdıqları ehsan süfrəsini təxirə salmasalar, polis sərt şəkildə müdaxilə edəcək. İdarədə onu da bildiriblər ki, Müsəlman Birliyi Hərəkatı ehsan süfrəsi keçirmək istəyirsə, bunun üçün Bakı şəhər İcra Hakimiyyətinə yazılı müraciət edib, ərizə almalıdır. Bütün bunlar barədə E.Qasımov özü bildirib:
“Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağrılmağımızın səbəbi 26 noyabr – Nardaran hadisələrinin ildönümüylə bağlı qapalı məkanların birində nəzərdə tutulan ehsan süfrəsi ilə bağlı idi. İdarədə rəsmi olaraq bildirdilər ki, həmin tədbiri keçirəcəyimiz halda, mərasim keçirilən məkana polisin sərt müdaxiləsi olacaq. Bir də qeyd etdilər ki, ehsan süfrəsi mərasimi təşkil etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə Müsəlman Birliyi Hərəkatı adından rəsmi müraciət edilsin. Təəccüblüsü odur ki, qapalı şəraitdə, həm də şəhidlərin anım mərasimi, ehsan süfrəsinə görə rəsmi müraciət olunmasının istənilməsi bir ilk kimi yaddaşlara həkk olundu. Hər halda, biz Müsəlman Birliyi Hərəkatı olaraq, bir daha bəyan edirik ki, təşkil etdiyimiz mərasim və tədbirlər sivil qaydada, qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir”.
Azadliq.info