Deputatlar həbs olunmadı, əksinə yenidən Parlamentə gedirlər. Heç bir islahat aparılmır. Tamah isə bu diktatorlar ailəsini tələyə salar. “Pul çox olsun” nağılının qəhrəmanını xatırlayarsınız. Zavallı nəfsinin üzündən pulqalağının altında qalıb can verdi. Bir də məşhur ”Balıqçı və balıq” nağılı var. Qızıl balıq sayəsində uçuq komadan saraylara gedib çıxan acgöz balıqçı arvadının bənzər aqibəti. Qızıl balığı özünə xidmətçi etmək istədi və cəzalanıb əvvəlki halına geri döndü. İndi Azərbaycan həmin qızıl balığın gününə düşüb. Balıqçı arvadının istəkləri bitmir ki, bitmir. İyirmi altı ildir yazıq balığı bəs demədən istismar edirlər. Təknəni “laundromat”lar, komanı London malikanələri, ulağı yarım milyardlıq VIP təyyarələr əvəz edib. Amma göz doymur və qadın durmadan nəsə istəyir. Ölkəni talayıblar, yorublar, tükəndiriblər, bezdiriblər. İnsanlar tamahkar balıqçı arvadının istəklərindən boğaza yığılıb. Onun parlaq geyimlərə, bər-bəzəyə, kosmetik əməliyyatlara səpdiyi milyonlar xalqın canından çıxır, şübhəsiz. Ölkə insanı müflisləşdikcə, xəzinə boşaldıqca, rifah səviyyəsiaşağı düşdükcə, ailənin milyardlarında fantastik artım baş verir. Hardan gəlir bu dəryanın suyu görəsən? Əlbəttə, susuzluqdan dodaqları cadar-cadar olmuş xalqın önü kəsilmiş dəhnəsindən? Nə vaxt bitəcək balıqçı arvadının istəkləri? Bitəcəkmi yəni? Onlar faktiki ölkənin qanuni oğrularıdır.
Ölkənin bütün sərvətlərini talayıb öz baba holdinqlərinə yığıblar. “Qızıl balıq”sayəsində sarayda xanım olmuş Əliyevanın “Paşa Holdinq”i ölkənin bütün xidmət sahələrini nəzarətə götürüb. Hətta, reper Paster də repində “Götürəcəm ölkəni Paşabank kimi.” Holdinq 100-dən artıq şirkəti ilə ölkədən gəlib-gedən bütün pulları qamarlayır. Şirkət aktivlərini Azərbaycanda saxlasa da, iş gördüyü coğrafiya Türkiyə, Gürcüstan və Monteneqroya qədər uzanıb. Arzu və Leyla Əliyevaların adına olan holdinqin 2013-ci ildə 3,3 milyard dollar dəyərindəki aktivləri 2017-ci ildə 4,1 milyard dollara çatıb. Bu məbləğ Azərbaycanın həmin ildəki dövlət büdcəsinin təxminən 40 faizindən çoxdur. “PAŞA Bank” və “Kapital Bank”ın cəmi aktivləri 8 milyard manat səviyyəsini keçərək 30 sentyabr 2019-cu il tarixində 8 milyard 391 milyon manata çatıb. Holdinqin banklarının birlikdə “Azərbaycan Beynəlxalq Bankı”nı keçmələri üçün cəmi aktivlərini 1 milyard manat artırmaları lazımdır. Azərbaycanın bank sektorunun cəmi aktivlərinin (30 milyard 300 milyon manat) 27,8%-i bu iki bankın payına düşür. Əlavə şərhə ehtiyac varmı? Bu, bir talan rejimi, işğal hakimiyyətidir. Azərbaycan qorxulu bir nağılın ssenarisi ilə qaranlığa sürüklənir. Ölkənin bütün dəyərli sərvətləri bir acgöz ailənin əlində cəmləşib. Neft milyardlarından, qızıldan, pambıqdan tutmuş, fındığa, pomidora qədər hər şeyi ailə holdinqinin şirkətlərinə yönəldiblər. İmkanları olsa, insanların aldıqları havaya belə sayğac qoyarlar.
Bu görməmişliyin, tamahkarlığın dünyada bənzəri, analoqu yox. Ölkə bir ailənin əsarətində inləyib can verir. Soyulacağı bir dərisi qalıb artıq ölkə insanlarının. Amma arsız balıqçı arvadı rəiyyəti düşünəcək havada deyil. Onun daha böyük arzuları var. O, indi də “qızıl balığı”n nökəri olmasını istəyir. Padşahlıq iddiasına düşən hikkəli qadın ölkəni bütünlükdə xidmətinə ram etmək xülyasına düşüb. Böyük iddialarla nəfsinin qurbanı olan balıqçı arvadının sonunu bilirsiniz. Azərbaycan hekayəsində də o nağılın gerçək olacağına inanırıq. İnanırıq ki, “qızıl balıq” iddialı qadının padşahlıq hirsinə təslim olmayacaq. Heç bir halda təslim olmayacaq.