Xalqla olanlar və xalqa qarşı olanlar
Birmənalı şəkildə demək olar ki, dövlətin güclü, vətəndaşın təminatlı olması üçün hakimiyyət faktoru əsas rol oynayır. Hakimiyyətin fəaliyyətinin yüksək səviyyədə olmasında isə birinci şəxsin rolu əvəzsizdi. Dövlətin başçısı vətənpərvər, uzaqgörən, savadlı, cəsarətli, məsuliyyətli, gözütox, insanpərvər olmalıdı. Çünki ölkəyə rəhbərlik etmək böyük məsuliyyətdi və bu məsuliyyətin altına məhz yüksək keyfiyyətlərə sahib olan adam girməlidir. Yəni, birinci şəxsin özü, ailəsi, dünyaya baxışı, vətəndaşa münasibəti nümunə olmalıdı.
Birinci şəxs rüşvətə bulaşmasa, beşinci şəxslər rüşvəti normaya çevirə bilməz.
Birinci şəxs dövlətin sərvətinə xəyanət etməsə, digərləri milyardları mənimsəyə bilməz.
Birinci şəxs fərqli fikrə hörmətlə yanaşsa, digərləri fərqli fikir söyləyənləri aşağılaya bilməz.
Birinci şəxs reputasiyası çirklənmiş adamlara “Şərəf”, “Şöhrət” ordeni paylayırsa, cəmiyyətdə ikrahla qarşılanan adamlara mandat hədiyyə edirsə, cəmiyyətin dibində olan adamların tərifindən məst olursa, digər vəzifəlilərdən nə gözləmək olar? Məsələn, qısa müddət Gürcüstanın prezidenti olmuş Saakaşvili “rüşvətin kökün necə kəsdiniz” sualına, “özüm almadım” cavabın verdi. Yaxud, turizm sektoruna sərmayə yatıran iş adamların bir il müddətinə vergidən azad etdi. Və yaxud, xaricdə təhsil almış gürcüləri ölkəyə dəvət etdi, bütün sistemdə gəncləri irəli çəkdi. Nəticədə Gürcüstan demokratik dövlətlər sırasına düşdü, avrointeqrasiya yolu tutdu. Hər il Azərbaycandan yüzminlərlə insan müalicə və istirahət üçün Gürcüstana üz tutur.
Avropa ölkələrinə nəzər salanda nələrin şahidi oluruq? Dövlət başçılarının məhkəmədə ifadə verdiyini, ictimai nəqliyyatdan istifadə etdiyini, sadə vətəndaşlarla birgə alış-verişdə olduğunu, yerli jurnalistlərə müsahibə verdiklərini, vətəndaşa izahatlar verdiklərini, ən xırda səhvlərə görə istefa mədəniyyəti göstərdiklərinin şahidi oluruq. Son olaraq koronavirus bəlasıyla bağlı müxtəlif ölkələrin vətəndaşlara yönəlik addımlarının şahidi olduq. Məsələn, Kanadanın baş naziri Justin Trudeau xalqa səslənərək ” Pulu, paranı düşünməyin, işinizi itirəcəyinizdən qorxmayın, sağlamlığınızı düşünün, pul bizim işimizdir. 83 milyard dollar ayırdıq, bu bizim ÜDM-nin 3%-dir” söylədi. Yəni, dövlətin başında duran şəxs dərhal xalqa açıqlama verdi, “dövlət yanınızdadır” söylədi. Yaxud, ABŞ hökuməti 1.2 trilyon $ paket, üstəlik 1000 dollarlıq çek vəd etdi. İngiltərə hökuməti 300 milyard sterlinqlik paket, 700 min şirkətə ödəmə qərarı verdi.
Fransa hökuməti vergilərə fasilə verdi. İtaliya 25 milyard paket, 500 avroluq çek nəzərdə tutur.
İspaniya hökuməti 200 milyardlıq paket, ipoteka ödəmələrinin isə dayandırılmasına qərar verdi.
Yaponiya 193 milyardlıq yardım paketi, Türkiyə 100 milyard TL-lik paket ayırdı
Bəs, Azərbaycan hakimiyyəti nə edir? Qiymətlər sürətlə artır, virusdan qorunmaq üçün elementar spirt və maska tapılmır, karantinə alınmış adamlara lazımi qayğı göstərilmir. Azərbaycan xalqının xeyli hissəsi ölkə xaricindən gələn vəsait hesabına dolanır. İndiki şəraitdə bu vəsaitin önü kəsilib və heç bir adekvat addım atılmır. Xaricdəki tələbələrin ölkəyə gətirilməsi üçün təyyarələr ayrılmır. Neftin qiymətinin kəskinləşməsinə rəğmən, benzinin qiyməti ucuzlaşdırılmır. Ən əsası isə növbəti devalvasiyada hakim ailəyə yaxın bankların qazanc əldə etməsi haqqında düşünürlər.
Diqqət etsək görərik ki, uzun illər ərzində hakim ailə və iri məmurlar milyardlar qazanıb, vətəndaşa isə 116 manatlıq minimum əməkhaqqı uğur kimi təqdim edilib. Dövlətin milyardları mənasız oyunlara sərf edildi, vətəndaş isə qəpik-quruşa möhtac qoyuldu. Devalvasiyanın zərəri vətəndaşın belinə yükləndi. Ölkə əhalisinin 30 faizi yüksək faizlərlə məmur banklarına kredit ödəyir. Bu qədər varlı dövlətin vətəndaşları, normal yaşaya bilmək üçün xaric axın edir.
Dünyanın heç bir ölkəsində bu qədər çirkin əməlləri üzə çıxmış adamlar hakimiyyətdə qala bilməzdi. Bu günə qədər İlham Əliyev və komandası var-dövlətləri haqqında xalqa açıqlama verməyiblər. Hansı Avropa ölkəsində özünün, ailə üzvlərinin milyardlarla pulu tapılmış adam prezident postunda qala bilər?
İlham Əliyev bu xalqa zərrə qədər dəyər versəydi seçkidə səsləri oğurlamazdı, məhkəməni məzhəkə yerinə çevirməzdi, təhsili və səhiyyəni korrupsiya bataqlığına salmazdı, iqtisadiyyatı məmur monopoliyasına təslim etməzdi, şəhid ailələrinin “qan pulu”nu illərin süründürməçiliyindən sonra verməzdi, on minlərlə tələbənin təhsil haqqına görə Universitetlərdən qovulmasına göz yummazdı, haqqın tələb edən insanları şərləyərək zindana atdırmazdı.
Demək istəyirik ki, “özü yaxşıdı, ətrafı pis” nağılının istifadə müddəti bitib. Özü yaxşı olanın, ətrafın illərlə pislər tuta bilməz. Digər ölkə başçılarından fərqli olsaq, İlham Əliyev xalqın çətin vaxtlarından yararlanmağa çalışıb. Xalqa əl uzatmaq əvəzinə, xalqın kəndirin kəsib. 10 manat maaş artımı edib, ardınca 30-40 faizlik qiymət artımı etmək, xalqın təhqir olunması deməkdi.
İlham Əliyevin, Mehriban Əliyevanın başqa rəhbərlərdən əsas fərqləri bilirsiniz nədir?
Bütün dünyada “hər şey xalqındır” prinsipiylə işə başlayırlar və buna görə də xalqın arasında rahat gəzirlər. Bizim ölkədə isə “hər şey Əliyev ailəsinindir” prinsipiylə idarə edirlər və buna görə də xalqdan qaçırlar, xalqla təmasa imkan yaratmırlar, dialoq istəmirlər, fərqli fikrə nifrət edirlər. Xalqdan mandat almayan prezident, xalqa xidmət edə bilməz.