Ər prezident, arvad vitse-prezident
Müasir dünyanın siyasi mənzərəsində Azərbaycanın yeri necə görünür? Yəqin çoxunuz bizim kimi bu mövzuda danışmağa utanarsınız. Atadan oğula ötürülmüş 27 illik bir hakimiyyət düşünün. Polis dəyənəyi gücünə prezident kürsüsünə gəlmiş, bu kürsünü 3 dəfə saxtakarlıqla qəsb etmiş biri. Dövlətin bütün inzibati resurslarını öz hakimiyyətini uzatmaq üçün istismar edən, konstitusiyanı dəyişən… Bundan da bir az irəli gedərək monarxiya yaratmaq, ailə hakimiyyəti qurmaq iddiasına düşən… İyirmi yeddi illik hakimiyyətdən gözləri doymadığına görə, ərköyün arvadını vitse-prezident təyin edən, prezidentliyi ona ötürməyə hazırlaşan biri. Xeyr, bütün bunlar 14-cü, 15-ci əsrlərdə deyil, məhz günümüzdə baş ver. Dünyanın qloballaşdığı, azadlıq sərhədlərinin genişləndiyi, insani dəyərlərin universal anlam kəsb etdiyi günümüzdə. Acınacaqlı və ağlamalı olsa da, belədir. Xatırlayarsınız, 3 il əvvəl oğul Əliyev arvadı Mehriban Əliyevanı vitse-prezident təyin edəndə Türkiyənin FOX TV kanalı Ədliyyə Naziri Bəkir Bozdağa istinadən bu təyinatı “pis örnək” adlandırmışdı. “Çalar saat” proqramının aparıcısı İsmail Küçükkaya da bu təyinatı ironik şəkildə ələ salmışdı. Həmin proqramdan hiddətlənən Əliyevlər ailəsi FOX TV kanalının Azərbaycanda yayımını dayandırdı, Küçükkayanın da proqramdan qovulmasına nail oldu. Amma nə dəyişdi ki? Bu son 3 ildə Əliyevlərin imici dünyada yerlə bir olub, adları ən rüsvayçı beynəlxalq qalmaqallara qarışıb. Bu qalmaqallar arasında rüşvətdən, korrupsiyadan tutmuş qətl hadisəsinə qədər hər şey var…
Şimali Koreyadan da pis
Əslində, İsmail Küçükkaya hər şeyi düppədüz demişdi. Azərbaycan 17 ildir bu diktator ər-arvadın əlində əsir-yesir qalıb. Ölkədə bütün saatlar bunların hərəkət trayektoriyasına görə qurulub. Onlar işə birlikdə gəlir, yığıncaqlara birlikdə gedir, birlikdə işdən çıxır, birlikdə yeyib-içir, birlikdə yatıb-dururlar. Onlar işə gələndə də, işdən çıxanda da yollar saatlarla bağlanır, yığıncaqlara gedəndə məhəllələrdə, rayonlarda həyat iflic olur, insanlar əzab-əziyyət çəkir, yollarda qalır. Amma bu ölkədə kimsə onların veclərinə deyil, Azərbaycanı babalarından miras aldıqlarını, insanların da təbəələri olduğunu düşünürlər. Dünyadan gəlib-keçən bənzər diktaturaların sayı çoxmu olub? Ümumiyyətlə, müasir dünyada Əliyevlər diktaturasına bənzəri varmı? Günümüzdə ölkənin milyardlarını talayan, dövlət postlarını ən yararsız adamlara paylayan, rüşvəti və oğurluğu leqallaşdıran, əhalisini qəpik-quruşa möhtac edən, düşünən beyinləri sürgünə və həbsxanaya göndərən bir diktatura modeli göstərin. Bütün pislikləri özündə cəmləşdirən belə birini tapa bilməzsiniz, əmin olun. Şimali Koreyanın idarəçilik metodları belə Əliyevlərin pislikləri ilə müqayisə oluna bilməz. Təsəvvür edirsiniz, prezident ər vitse-prezident arvadının istəyinə görə növbədənkənar seçki keçirir, vəzifələrə onun kadrlarını yerləşdirir, ölkənin sərvətini onun ailəsinin adına leqallaşdırır! Və bunun adını da dövlət idarəetməsi qoyurlar. Ağlamalıdır, deyilmi?
Gələcəyi utandıracaq tarix
On illər sonra gələn nəsillər də ölkənin bugünkü tarixini oxuyanda utanacaqlar. Elə indi bizim utandığımız kimi utanacaqlar. Utanacaqlar ki, şərqdə ilk demokratik dövlətçilik ənənələri olan ölkə 21-ci əsrdə belə bir görməmiş ailənin əlində oyuncağa çevrilib. Utanacaqlar ki, bu oğru ailə dəfələrlə xalqı əzərək hakimiyyətlərinin ömrünü uzatmağı bacarıb və ölkəni talamağa davam edib. Utanacaqlar ki, arvadını vitse-prezident təyin etmək və hakimiyyətlərini əbədiləşdirmək üçün konstitusiyanı dəyişən Əliyevə qarşı yüz minlər səfərbər olub, zamanında onu durdura bilməyib. Utanacaqlar ki, moda ikonu vitse-prezident xanım brend geyimlərinə ayda 450 min avro xərclədiyi halda, müəllimin aylıq əməkhaqqı heç 450 manata da çatmayıb? Utanacaqlar ki, dünyanın bu vaxtında Azərbaycanın başında belə bir antimilli diktatura komandası olub, xalqın anasını ağladıb. Bu ölkədə baş verənlərə görə utanacaq o qədər şey var ki. Azərbaycanı saldıqları bu rüsvayçı duruma görə heç olmasa bir dəfə də ər-arvad Əliyevlər utansa…