Milli Şura İlham Əliyevin Novruz çıxışında müxalifəti düşmən elan etməsilə bağlı bəyanat verdi.
Ölkə başçısı İlham Əliyev martın 19-da Novruz bayramı ilə əlaqədar çıxışında müxalifətin ünvanına aşağılayıcı ifadələr və hədələr səsləndirib. Rəsmi mediada “İlham Əliyevin xalqa bayram təbriki” başlığı ilə təqdim olunan bu çıxış təəssüf ki, ölkə əhalisinin əhəmiyyətli bir hissəsinə nifrət və kin-küdurətlə dolu olub. İlham Əliyev onun avtoritar və yarıtmaz idarəçiliyinə qarşı prinsipial mübarizə mövqeyində olanları “düşmən”, “5-ci kolon”, “satqın” adlandırıb. Nə qədər əlaqəsiz görünsə də, İlham Əliyev ölkə müxalifətinə nifrətini çıxışının məhz hazırda dünyada tüğyan edən koronavirus epidemiyası ilə bağlı hissəsində ifadə edib. “Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır… Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq.” – deyə İlham Əliyev bildirib.
Milli Şura İlham Əliyevin bu yersiz, məntiqsiz, əsassız ittiham və aşağılayıcı ifadələrdən ibarət çıxışını qətiyyətlə pisləyir, ölkə başçısının Novruz kimi milli bir bayram münasibətilə çıxışında belə uğursuz ritorika seçməsindən təəssüflənir. Milli Şura bildirir ki, İlham Əliyev əslində, xeyli vaxtdır müxalifətə qarşı faktiki faşist siyasəti həyata keçirməklə məşğuldur. Onun nəzarəti altında olan telekanallarda açıq-aşkar müxalifətçilərin ictimai həyatdan təcrid edilməsinə çağırışlar edilir. Müxalifətçilərin şəxsi həyatına müdaxilə, diskriminasiyaya, repressiyaya məruz qalması,ailə üzvləri və yaxın qohumlarının hədəf seçilməsi, hətta toy və yas mərasimlərinə müdaxilə ilə bağlı çoxsaylı hallar mövcuddur. Müxalifət liderlərinin və fəallarının həbs edilməsi, döyülüb, işgəncəyə məruz qoyulması, özlərinin və övladlarının xaricə çıxışına qadağa, əmlakları üzərinə həbs qoyulması İlham Əliyev idarəetməsinin gündəlik praktikasına çevrilib. İlham Əliyevin bu çıxışını da dövlət orqanlarına müxalifətə qarşı növbəti repressiya və diskriminasiya dalğasına başlamaq üçün yeni çağırış kimi qiymətləndirmək olar.
Ən vacibi, İlham Əliyev bu çıxışında öz planını da deşifrə edib. O bildirib ki, koronavirusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edilə bilər və belə olacağı təqdirdə, onun “düşmən, 5-ci kolon, milli satqın” adı ilə nəzərdə tutduğu real müxalifətin tamamilə təcrid edilməsi zərurətə çevriləcək. Bununla İlham Əliyev etiraf edib ki, onu hazırda koronavirusla mübarizədən daha artıq müxalifəti təcrid etmək, sıradan çıxarmaq planları düşündürür. Elə buna görə də çıxışında koronovirusla əlaqədar fövqəladə hal elan olunarsa, bunun virusla mübarizəyə hansı töhvə verəcəyini izah etməyib, amma bu halda müxalifət fəallarını təcrid etmək planının olduğunu dilə gətirib. Milli Şura belə hesab edir ki, yaxın vaxtlarda İlham Əliyev uzun müddətə ölkədə fövqəladə vəziyyət elan etməyi və bundan müxalifətə qarşı istifadə etməyi planlaşdırır. Bu prosesin bəzi “qanunvericilik” əsasların yaradılması, internet və sosial medianın üzərində məhdudlaşdırıcı “hüquqi” aktların qəbul edilməsi, son nəticədə fövqəladə vəziyyətin tələblərinə “uyğun” olaraq sosial şəbəkələrin bağlanması gözləniləndir. Bu prosesin gedişində respublika və regionda hakimiyyət tərəfindən sabitliyin pozulması istiqamətində bəzi addımların atılacağı da istisna edilmir.
Milli Şura təəssüflə bildirir ki, İlham Əliyevin bu çıxışı Azərbaycanda klassik avtoritarizmin yeni – daha repressiv bir mərhələyə qədəm qoymasından xəbər verir. Bu çıxış həm də onu təsdiq edir ki, ölkədəki bütün siyasi repressiyalar, müxalifətə, xüsusən də Milli Şura və AXCP-yə düşmən münasibət şəsxən İlham Əliyevdən qaynaqlanır. Milli Şura Azərbaycan xalqını və dünya ictimaiyyətini bu reallığı nəzərə almağa, İlham Əliyev hakimiyyətinin 21-ci əsrdə Azərbaycanda faşist siyasətini bərqərar etməsinə imkan verməməyə səsləyir.