Yaxud, Əliyev niyə tarixdən dərs almır?
![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2020/03/IMG-20200320-WA0005.jpg)
Dünya yaranan gündən xeyirlə yanaşı şər, mərdlə yanaşı namərd, yaxşılarla yanaşı pislər olub. Əsrlərdi bu iki qüvvənin savaşı gedir. Bəli, şərin güclü olduğu, namərdlərin meydan suladığı dövrlər çox olub. Amma nəticədə şər həmişə məğlub olub. Pislər dünyada mütləq hakimiyyəti əldə edə bilməyiblər. Bu mənada ən bədbəxt adamlar diktatorlardı. Çünki bu adamlar tarix yazmaq, insanlara xoşbəxtlik nəsib etmək, qəlblərdə əbədi məskən salmaq üçün bir şans əldə edirlər. Amma bu şansı zülm etməyə, talamağa, məhv etməyə sərf edirlər. Qəddafini, Mübarəki, Səddamı və onlardan əvvəlkiləri xatırlayaq. Bu adamlar dövlətin sahibiydilər, ömürlərinin sonuna qədər izzətli və zəngin yaşaya bilərdilər. Amma yanlış istiqamətə yönəldilər və aqibətləri çox ağır oldu. Diktatorların ən zəif cəhəti budur ki, keçmişdən dərs çıxara bilmirlər.
Təəssüf ki, yaşadığımız ölkədə də Əliyev diktaturası hökm sürür və xalqa qarşı başqa diktatorlardan daha qəddar, daha aşağılayıcı mövqe sərgiləyirlər. Yuxarıda sadaladığımız diktaturalarda müsbət məqamlar da var idi. Amma Əliyev diktaturası bütün sahələri iflic edib və dövləti şəxsi mülkə çeviriblər.
Milyardlar sığorta deyil
Yuxarıda adların sadaladığımız diktatorlar Əliyevlərdən daha güclü, daha pullu idilər. Məsələn, Mübarəkin milyon yarım polisi var idi. Səddamın qızıllarını 7 yük maşınına yükləmişdilər. Qəddafinin Avropanın hər yerində biznesi var idilər. Sonda nə o pullar, nə qızıllar, nə də polis dəyənəyi köməyə gəlmədi.
İlham Əliyevin vəziyyəti daha ağırdı. Çünki xalqın nifrəti böyükdü, beynəlxalq aləmdə nüfuzu yoxdu və ətrafındakı adamlar ona mənəvi tellərlə bağlı deyil. İlk fürsətdə hamısı Əliyev ailəsini tək buraxacaq, satacaq. İlham Əliyev repressiv siyasət yürütməklə bütün körpüləri dağıdır. Bağışlanmaq üçün şans qoymur. Dövlətin sərvətin talamaqdan doymur. Bu pul ehtirası, hakimiyyət hərisliyi onun aqibətini daha ağır edir. Hər ötən gün aydın görünür ki, Əliyevin “analoqsuz inkişaf” kimi xalqa sırımaq istədiyi şey əslində “analoqsuz səfalət”di. Bu gedişat onu göstərir ki, qarşıda ağır sosial-iqtisadi böhran gəlir və ölkəyə daxil olmuş yüz milyardlar yoxdu. Yəni, qara günlərin ehtiyatın, Əliyev ailəsi ağ günə çıxmaq üçün mənimsəyib. Belə olan halda qəzəblə silahlanmış xalqın qarşısını almaq mümkün olmayacaq. Bu gün Əliyev ailəsinin maraqlarına görə özünə mənfi reputasiya qazanmış polis də, seçkidə saxtakarlığa məcbur edilən müəllim də, efirlərdən yaltaqlıq istehsal edənlər də bu qəzəbə təslim olacaqlar.
Məsələnin digər tərəfi də var. Əliyevin bu anti-xalq siyasəti dünyadan da aydın görünür və bütün hesabatlar, beynəlxalq jurnalist araşdırmaları göstərir ki, bu ailənin ofşor zonalarda milyardları var, bütün çirkli əməliyyatlarda iştirakçıdırlar. Yəni, Əliyevin “uzaqgörən siyasət”i sanksiyaların ayaqlanmasını zərurətə çevirir. Bu qədər cinayətlər törətmiş, bu qədər çirkaba batmış adamlar dünyanın heç bir yerində hörmətli və zəngin yaşaya bilməyəcəklər. Qarşısında təzim etdikləri Rusiya da köməyə gələ bilməyəcək. Çünki Rusiya öz maraqları naminə Əliyevləri qurban verməyə həmişə hazırdı. Bəli, bütün proqnozlar və sağlam məntiq onu göstərir ki, haram pullar taleyi sığortalaya bilmir. Əbədi hakimiyyəti daşlaşdırmır. “Dirilik suyu” rolu oynamır. Əliyev pulları daha dərinə yerləşdirməklə, özünə daha dərin quyu qazmış olur.
Heç nəyə görə hər şey etmək
Hamının sonu qara torpaqdır. Hamımız torpağım altında sür-sümüyə çevriləcəyik. O tərəfə “Bravo” market, qızıl yataqları, villalar, dollarlar, dərman şirkətləri, banklar aparmaq mümkün deyil. Ən yaxşı halda ( o da qismət olsa) bu qədər sərvətin qarşılığı ağ kəfəndi. Belə olan halda bu qədər evlər yıxmaq, bu qədər talelərə qəsd etmək, bu qədər çirkaba batmaq, milyonlarla insanın haqqın oğurlamaq, dövləti zəiflətmək, dəyərləri ucuzlaşdırmaq nəyə lazımdı?
Axırda əlində qocaman bir heçlik qalacaqsa, bu qədər pislik etməyə dəyərmi?
Bu qədər məşəqqətlər bir kənarda qalıb, Əliyevlər isə Mehribanı taclandırmaq uğrunda həşir salıblar. İçinə qan qusacağınız qızıl teşt uğruna savaşmaq ağılsızlıqdı. Əliyev bu gün dünyanın ən zəngin, sabah isə ən yoxsul adamlarından olacaq. Amma bu bioqrafiya ilə yeganə cəza yoxsulluq olmayacaq. Çünki bu ailə Azərbaycanı düşmən ölkədən də zəif hala salmaq üçün hər şey etdi. Deməli yürüdülən siyasət “vətənə xəyanət” statusundadı. Tarixdən ibrət götürməyənlər, çox pis şəkildə tarixin yaddaşına hopurlar