Human Rights Watch: “İlham Əliyevin sözlərindən aşkar görünürdü ki, virusa qarşı mübarizədən yararlanaraq siyasi müxalifətə divan tutacaq”
Human Rights Watch təşkilatı Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat verib.
“Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və hökumətin tənqidçisi Tofiq Yaqublunu saxta xuliqanlıq ittihamları ilə həbs edib. Bu həbs Prezident İlham Əliyevin çıxışından bir neçə gün sonraya təsadüf edir. Əliyevin çıxışından belə görünürdü ki, koronovirus pandemiyası ilə mübarizə üçün nəzərdə tutulmuş metodlardan müxalifətə divan tutulmasında istifadə olunacaq. Bu, hökumətin söz azadlığına, siyasi tənqidçilərinə nifrətinin daha bir narahatedici göstəricisidir” – deyə, bəyanatda bildirilir.
“Azərbaycan hökumətinin tənqidçilərini susdurmaqdan ötrü saxta ittihamlara əl atması kimi çoxdankı bir davranış nümunəsi mövcuddur. Yaqubluya qarşı iş tamamilə bu davranışa uyğundur” – deyə, qurumun Avropa və Orta Asiya üzrə direktoru Giorgi Gogia deyib.
HRW-nin bəyanatında deyilir ki, Yaqublunun həbsindən bir neçə gün öncə prezident Əliyev xalqa müraciətində koronavirus pandemiyasının yaratdığı çətinliklərdən söz açıb. O, müxalifəti xain, düşmən, ölkədə qarışıqlıq yaratmağa çalışan “beşinci kolon” adlandırıb. “Prezidentin sözlərindən aşkar görünürdü ki, virusa qarşı mübarizədən yararlanaraq siyasi müxalifətə divan tutacaq” – deyə, qurum bildirir.
Təşkilat bəyan edir ki, məhkəmənin belə abstrakt və əsassız ittihamlarla Yaqublu barədə həbs qətimkan tədbiri seçməsi Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş qanunsuz həbsə qarşı təminatı pozur. Məhkəmələrdən tələb olunur ki, həbs qətimkan tədbirinə ən son vasitə kim əl atsınlar, bu, spesifik faktlarla əsaslandırılsın.
Üstəlik, Yaqublunun Şüvəlandakı 3 saylı təcridxanaya yerləşdirilməsi də, qurumun fikrincə, narahatlıq yaradır. Bu təcridxana həddən artıq dolu olması, natəmizliyi, zəif işıqlandırılması və zəif havalandırma sistemiylə ad çıxarıb. 2017-ci ildə ölkəyə səfərdən sonra Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi bu təcridxananın “mümkün qədər tez” bağlanmasını tövsiyə edirdi.
Human Rights Watch Yaqublunun ilk dəfə həbs olunmadığını, onun mütəmadi saxlandığını, pis rəftara məruz qaldığını, siyasi fəaliyyətini dayandırmaq üçün xəbərdarlıq aldığını da qeyd edir.
Bəyanatda həmçinin, hazırda həbsdə olan AXCP fəallarından da bəhs olunur: “Azərbaycan artıq uzun müddətdir ki, müxalifətçiləri saxta ittihamlarla, o cümlədən xuliqanlıq ittihamı ilə həbs edir. Hazırda müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının 8 üzvü – Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Fuad Əhmədli, Elçin İsmayıllı, Ziya Əsədli və Paşa Umudov saxta ittihamlarla həbsdədir”.
“COVID-19 haqda vacib informasiyaları açıqlamaq, ictimaiyyətin əndişəsini sakitləşdirmək əvəzinə hökumət bu pandemiyadan tənqidçilərinə divan tutmaq üçün istifadə edir. Hakimiyyət Yaqublunu dərhal azad etməli, siyasi müxalifətə təzyiqləri dayandırmalı, Azərbaycanda yaşayanların səhhəti ilə məşğul olmalı, medianın öz işini azad və təhlükəsiz görməsinə imkan verməlidir” – deyə, təşkilatın rəsmisi Gogia vurğulayıb.