
Seçki şikayətləri ətrafında söz-söhbət qapandı. İnsanlar növbədənkənar seçkilərin fərqli nəticələrlə ortaya çıxacağını gözlədikləri halda, hakimiyyət təyinatlı köhnə komanda ilə yola davam etmək qərarı verdi. Qarşıda hər hansı fövqəladə hal baş verməzsə, parlament 5 il də bu ansamblla yol gedəcək. Təbii, bildiyiniz kosmetik dəyişikliklərlə. Bu dəyişikliklər sırasında daha çox diqqət çəkən məqam parlament sədri kürsüsünə yeni simanın çıxmasıdır. Məlum yeri illərdir zəbt edib oturan və striptiz-bar biznesi ilə parlamentin adını rüsvay edən Oqtay Əsədov, nəhayət ki, kürsüdən düşürüldü. Onun yerinə məlum komandadan biri, YAP-ın qadın fəallarından olan Sahibə Qafarova gətirildi. 65 yaşlı Qafarova 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. IV və V Çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olub. Onun siyasi fəaliyyəti ilə bağlı ortada yaddaqalan bir fakt yoxdur. O, olsa-olsa, AŞPA-nın iclaslarında siyasi məhbuslar mövzusunda səsləndirdi yalan informasiyalarla xatırlana bilər. Bu haqda xanım öz FB səhifəsində belə yazırdı: “Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxış edərək “siyasi məhbus” məsələsi ilə bağlı hesabata münasibət bildirdim. Qeyd etdim ki, siyasi məhbus məsələsi ilə bağlı ölkəmizin ünvanına səsləndirilən ittihamlar qərəzliliyi və qeyri-obyektivliyi ilə seçilməklə, birbaşa Azərbaycanı hədəf alıb”.
Xanım Qafarovanın məlum komandadan biri olması öz yerində. Amma baxaq, onun uzun zaman AŞPA nümayəndə heyətinin tərkibindəki fəaliyyəti, beynəlxalq tədbirlərlə bağlı təcrübəsi, üstəlik qadın olması MM-nin havasında nəyisə dəyişəcəkmi? Ümumiyyətlə, parlamentin birinci xanımı keçmiş təcrübəsi və indiki statusu ilə Milli Məclisin illərdən bəri ləkələnmiş nüfuzunu təmizləyə bilərmi? Buna inanmaq və ümid etmək sadəlövhlük olmazmı? Sahibə Qafarova 10 ildir bu salonda oturub, Milli Məclisin yalan aparatı ilə nəfəs alır. On ildir o da məlum komandanın sifarişli “otur, dur” düyməsi ilə hərəkət edir. Bu illərdə onun barmağını həmin düymədən kənara qoyub, fərqli fikir səsləndirdiyini eşidən olubmu? Şübhəsiz, belə bir şeyi xəyal da edə bilməzsiniz. Əliyevlər diktaturasının təyinatlı parlamentində oturub, fərqli fikir səsləndirəni o binaya yaxın buraxarlarmı? O ki, qalsın, adamı gətirib məclis sədri vəzifəsinə qoyalar. Parlamentin köhnə komandasında bu yerə Qafarovdan daha yaxşı namizədlər yox idimi? Vardı əlbəttə ki. Amma işarət barmağının onun üzərində dayanması, əlbət, hansısa səbəblərlə bağlıdır. O səbəblərin detallarını biz dəqiq bilmirik, ancaq xanımın bu yerə təyinatının da təsadüfi olmadığını yaxşı anlayırıq. Qafarovanı ailəninmi seçimidir, Paşayevlər klanına qarşı olanlarınmı, onu da yaxın tarixdə görəcəyik.
Xülasə, parlament maşını köhnə qaydalarla yola düşür. Qafarova o məclisdə, sadəcə, bir sima dəyişikliyidir. Kimsə onun rəhbərliyi altında əsaslı dəyişikliklər olacağını düşünürsə, yanılır. Parlament həmin parlamentdir. Pulla mandat alaraq deputat olanların parlamenti. Mandatla toxunulmazlıq qazanıb, bu ad altında qanunsuz əməllər çevirənlərin parlamenti. Ölkədəki bütün haqsızlıqlara, ədalətsizliklərə, saxtakarlıqlara şərik çıxanların parlamenti. Bu yararsız adamların qara əməlləri sayəsində nüfuzu yerlə bir olmuş parlamentin üstündəki çirkabı indiki halda kimsə təmizləyə bilməz. Həmin komandadan biri olan Qafarova heç təmizləyə bilməz. Azərbaycan parlamentinin itmiş nüfuzunu yalnız şəffaf seçki nəticəsində formalaşmış komanda bərpa edə bilər.