Natiq Güləhmədoğlu
Ilham Əliyevin bayram təbrikindən sonra, ölkə ictimaiyyəti xoşagəlməz bir faktla üzləşdi. Məlum oldu ki, “regionun lider dövləti”nin prezidenti qorxu və təlaş içindədir. Onun aqressiyası və hədələri, 5-ci kolon hesab etdiyi adamları qorxutmaqdan daha çox, özünün keçirdiyi hiss və həyəcanları ifadə edir. Hakimiyyətin vəziyyətinin nə qədər çıxılmaz, təhlükəli olduğunu heç kim ondan daha yaxşı bilmir.
Problemin kökü Azərbaycan hakimiyyətinin mahiyyətindədir. Bu hakimiyyət qeyri-effektiv idi, saxtakarlıq və yalan üzərində qurulmuşdu, təbii sərvətlərin talanıb xaricə xammal formasında satılmasına neft strategiyası, həmin gəlirlərin bölüşdürülməsinə iqtisadiyyat adı qoymuşdular.
Dünya bazarlarında “Azəri Light” markalı neftin qiyməti endikcə, cənab prezidentin də ürəyinin başına xəncər saplanır. O başa düşür ki, gəlirlərin azalması onun hakimiyyəti üçün bir nömrəli təhdiddir, hakimiyyətdaxili parçalanmanın, xalqın itaətsizliyinin və müxalifətin güclənməsinin əsasında duran faktdır.
Bizim gözümüzün önündə kiçik miqyaslı da olsa tarixi hadisə baş verir;həmin iqtisadi sxem dağılır.
Bütün baş verən siyasi dəyişikliklər, Marksizm klassiklərinin yazdıqları kimi, məhz iqtisadi bazisdə baş verən hadisələrdən qaynaqlanır.
Bu dialektik qanunauyğunluqdur və hansısa ucuz təbliğat bu faktı dəyişdirməyə qadir deyil. İlham Əliyev bu prosesi ləngitmək üçün Neft Fondundakı ehtiyatları xərcləməkdən tutmuş müxalifəti kütləvi terror etməyə qədər hər şeyə hazırdır, amma orta müddətli perspektivdə, böyük həzzlə qeyd edək ki, onun hakimiyyəti saxlamaq şansları sıfıra bərabərdir.
Vəziyyətin çıxılmazlığını, xarici ermənipərəst qüvvələrdən, beşinci kolondan yaxud da öz ətrafından fərqli olaraq, möhtərəm son dərəcə aydın surətdə dərk edir. Onun qəzəbi gücsüzlüyünün, labüd bəladan yayınmağı qeyri-mümkünlüyünün dərkindən doğur.