İranda koronavirusa yoluxma və ölüm halları artmağa davam edərkən Ərdəbil vilayəti səhiyyə xidmətinin rəhbəri və Ərdəbil Tibb Universitetinin rektoru Dr. Qüdrət Əxəvan Əkbəri işdən çıxarılıb.
Sosial media istifadəçiləri və ölkə xaricində fəaliyyət göstərən farsdilli media Əxəvan Əkbərinin “koronavirus pandemiyası ilə əlaqədar rəsmi məlumatı şübhə altına aldığı üçün” işdən çıxarıldığını önə çəkirlər.
Ölkə daxilində fəaliyyət göstərən Tabnak və Borna Online kimi internet portalları isə Ərdəbil Tibb Universiteti rektorunun “koronavirus pandemiyasının ən çətin günlərində” işdən çıxarılmasını “gözlənilməz” hadisə kimi dəyərləndiriblər.
İranın səhiyyə naziri Səid Nəməki tərəfindən açıqlanan qərara görə, Şəhram Həbibzadə Ərdəbil Tibb Universiteti və səhiyyə xidmətinin müvəqqəti rəhbəri olaraq təyin edilib. Nazirin qərarında Əxəvan Əkbərinin işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.
Shafa Online saytının məlumatına görə, “Dr. Əxəvan Əkbəri Ərdəbil vilayətində pandemiya ilə bağlı son rəsmi rəqəmləri açıqladıqdan bir neçə saat sonra işdən çıxarılıb.”
Əkbərinin şənbə günü mətbuata verdiyi son açıqlamasına görə, vilayətdə koronavirus səbəbilə ölənlərin sayı 124-ə çatıb.
Amerikanın səsi