İlham Hüseyn
Hamının xoşuna gəlmək, hamını razı salmaq mümkün deyil. Hamı səni bəyənməyə borclu da deyil. Amma hamını birləşdirən dəyərlər var. Vətən, dövlət, ədalət, azadlıq, xoşbəxtlik, rahatlıq hamının arzuladığı və sevdiyi nemətlərdi. Ən pis adam da azadlığın itirmək istəməz, ən qəddar adam da ədalətsizliyə düçar olmaq istəməz.
Bəli, biz adamların xoşuna gəlmək üçün deyil, hamının xoşuna gələn dəyərlərin hakim olması üçün mübarizə aparırıq. Biz adamlara “bizi sevin” demirik, “sevdiyiniz dəyərlərə sahib çıxın” deyirik.
Bəzi adamlar qəsdən, bəziləri isə təsir altına düşərək “mübarizə aparıb nə əldə etmisiz”, “neçə illərdi döyşürsüz, nəticəsi varmı”, “özünüzü yormayın, onsuz da düzələn deyil” arqumentiylə üstümüzə gəlirlər. Hökumət isə bütün resursları ilə “Cəbhəçilər düşməndi” şüarına bürünüb. Öz aləmlərində, bu “arqument” lərlə bizi tərksilah edirlər. Əslində, mübarizə adamları üçün bundan asan sual yoxdur.
Mən tam əminliklə deyirəm ki, biz artıq iqtidarıq. Bəli, cəbhəçilik təkcə müxalifətçilik deyil, əsas etibarilə mənəvi baxımdan iqtidar olmaqdı. Biz mənəvi hakimiyyəti əldə etmişik.
Sartr deyirdi ki, insan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir. Cəbhəçilər indi hakimiyyət kürsüsündə oturmayıb, amma mənəviyyatın divanında əyləşiblər. Bizim reallaşdırmaq istədiklərimiz, rejimin sahib olduqlarından üstündü.
Ben Svitland necə deyirdi? Uğur gedilən yoldur, çatdığın məkan deyil.
Bu ölkədə Tofiq Yaqublunu, Babək Həsənlini, Aqil Məhərrəmi və digərlərini kim məğlub hesab edir? Bəli, Tofiq Yaqubluya “Cənab nazir” demirlər, amma Cənab Ləyaqət deyirlər, Cənab Vicdan deyirlər.
Qorxusuna qalib gələn, köləliyi rədd eləyən, hamının azadlığı üçün məhrumiyyətlərə sinə gərən adamlar məğlub ola bilməzlər. Əksinə, ən böyük məğlublar, xeyir və şərin savaşında tərəf ola bilməyənlərdi, xeyirin dəstəsinə qoşulmağa cəsarət etməyənlərdi.
Hakimiyyət bizi niyə düşmən adlandırır? Təkcə hakimiyyətə gəlmək istədiyimizə görəmi? Xeyr, həm də ona görə ki, biz mənəvi qələbəni rəsmiləşdirmişik. Biz dövlətin, xalqın yanındayıq.
Biz özümüz üçün nələrsə istəsəydik, çoxdan vermişdilər. Biz hamı üçün istədiyimizə görə cəzalandırılırıq.
Biz dəbdəbəli villaları, bahalı maşınları, paçka-paçka dollarları uğur hesab etmədik. Biz torpağın azadlığını, vətəndaşın rifahını, dövlətin güclü və qürurlu olmasını uğur saydıq.
Biz prinsiplərə xəyanət etmədiyimizə görə, bəhanə axtarmadığımıza görə, zülmə etiraz etdiyimizə görə qalibik.
Bəs, mübarizə adamları olmasaydı, Azərbaycanın halı necə olardı? Bəs, 27 il əvvəl etiraz ocağı tamam söndürülsəydi, bu xalqın halı necə olardı? Yaltaqlıq, talançılıq, üzəduranlıq ali dəyər olmazdımı? Satqınlar, xainlər, əqidəsin dəyişənlər qəhrəmana çevrilməzdimi?
Biz mənəvi iqtidarı əldə etməsəydik, bu ölkədə Mirşahinlər, Elman Nəsirovlar, Atalar, Tofiqlərdən, Babəklərdən, Fuadlardan hörmətli olardılar. Seçki saxtakarları “fədakar vətəndaş” a çevrilərdilər. Korrupsionerlər “müqəddəs əməl sahibləri” hesab edilərdilər.
Bütün bunları nəzərə alaraq, hamını öz adıyla çağırmaq lazımdı.
Biz haqqın cəbhəsindəyik və iqtidardayıq. Mübarizəmiz andımızdı, andımız isə pozulmazdı.
Biz imtina etdiklərimizlə və məhrumiyyətlərin üstünə getməklə “inaqurasiya mərəsimi” ndən keçmişik.
Səsimizin kabinetlərdən deyil, zindanlardan gəlməsi, məğlubiyyətin yox, xalqa xidmətin göstəricisidir.
“Bunlar hakimiyyətə gəlsə, necə olacaq” sualına cavab axtaranlara da ən dəqiq cavab, müxalifətçilik dövründəki fəaliyyətimizdir.