Prezident İlham Əliyevin 13.04.2020-ci il tarixli fərmanı ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilərək 2.2-ci və 2.4-cü bəndlərinə İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) də əlavə edilib.
Bu dəyişikliklə də Dövlət Yol Polisinə (DYP) İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti verilib.
Məlumdur ki, bu tarixə qədər DYP yüzlərlə sürücünü sözgedən maddənin tələblərinin pozulmasına görə cərimələyib. İndi bu cərimələrin aqibəti necə olacaq?
Hüquq və İnkişaf Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Hafiz Həsənov bildirib ki, Dövlət Yol Polisinin 13.04.2020-ci il tarixədək İXM-nin 211-ci maddəsi ilə sanitariya-gigiyena və karantin rejiminin pozulmasına dair inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb: “Halbuki, Baş Dövlət Yol Polisi İdarəsinin internet səhifəsində yerləşdirilən məlumata görə, 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 18 687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Belə olan halda, Dövlət Yol Polisi tərəfindən 13.04.2020-ci il tarixədək İXM-nin 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlbetmə ilə bağlı tərtib edilmiş qərarlar hüquqi əsasları olmaması səbəbindən ləğv edilməlidir”.
“AzPolitika.info”